22 Dekabr 2024, Bazar

Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği haqqında danışarkən, ilk növbədə, Naxçıvan şəhərinin, indiyə qədər qorunub saxlanılmış Naxçıvanqalanın tarixinin öyrənilməsi, maddi mədəniyyətimizin şah əsərlərindən biri olan bu qalanın qorunması və təbliği xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə milli kimliyimizin, bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan qalada əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. İlk mərhələdə Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı ustaları abidəni əvvəlki görkəminə qaytarmağa çalışmışlar. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan qalanın 600 metr uzunluğunda divarları, bürcləri yenidən qurulmuşdur. Qalanın daxili hissəsində muzey binasının inşası artıq yekunlaşmaq üzrədir. Hazırda “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları muzeyin inşası ilə məşğuldurlar. Muzey binasında hörgü işləri, demək olar ki, yekunlaşdırılıb, günbəzşəkilli dam örtüyü vurulub. Qalanın bərpasında “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları da səylə çalışırlar. Bu təşkilatlar tərəfindən qalanın çiy kərpiclə hörülmüş divarları suvanır, qala divarlarının ətrafında abadlıq işləri aparılır. Bərpaçıların bu gün əldə etdikləri nəticə belə deməyə əsas verir ki, qalada təmir-bərpa işləri başa çatdırıldıqdan sonra bu abidə öz möhtəşəmliyi və əzəməti ilə görənləri özünə heyran qoyacaq. 

Naxçıvanqala yaxınlığındakı on hektardan çox ərazidə isə Qala məscidi inşa edilir. İnşası başa çatdırıldıqdan sonra əraziyə möhtəşəm bir görüntü bəxş edəcək məscidin tikintisini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri verilib. Plana əsasən, qala iki hissədən – kiçik qala (Narınqala) və Böyük qaladan ibarətdir. Narınqalanın qalıqları günümüzədək qorunub saxlanılıb. Qala divarları daş qatışığı olan möhrədən inşa edilib, yarımdairəvi bürclərlə möhkəmləndirilib. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınıb, onların üstündən döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunub. Naxçıvanqalanın altından keçən kəhrizlər istər dinc, istərsə də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına, eləcə də ərzaq məhsullarının saxlanmasına şərait yaradıb. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılmış tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, saxsı qablar və Tunc dövründə (eradan əvvəl 3-2-ci minilliklər) duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilib. Qeyd olunanlar sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR