Şahbulaq kəndi Şərur rayonunun ucqar dağ kəndlərindən biridir. Cari ildə bu sərhəd kəndi də kompleks quruculuq tədbirlərinin həyata keçirildiyi tikinti meydançasına çevrilib. Belə ki, hazırda kənddə məktəb binası, kənd və xidmət mərkəzləri tikilir.
İş icraçısı Əli Məmmədovun verdiyi məlumata görə, zirzəmi ilə birlikdə üçmərtəbəli 110 şagird yerlik məktəb binasında əsas tikinti işləri yekunlaşıb, daxildə kommunikasiya xətləri çəkilib, fasad hissə suvanıb. Bundan başqa, obyektin dam örtüyü vurulur, daxildə suvaq işləri aparılır.
Məktəb binasının yaxınlığında yerləşən ikimərtəbəli kənd mərkəzində də inşaat işləri əsasən başa çatdırılıb. İnşaatçılar hazırda interyerin dizaynı, fasad hissənin suvanması ilə məşğuldurlar. Yaxın günlərdə qapı-pəncərələrin də salınmasına başlanılacaq.
Ucqar dağ kəndinin sakinləri üçün tikilən daha bir obyekt xidmət mərkəzidir. Burada da tikinti işləri başa çatdırılıb.
Kəndə gedən yolda da yenidənqurma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin kollektivi obyektləri vaxtında təhvil vermək üçün səylə çalışır.
Xəbərlər şöbəsi