Ölkə iqtisadiyyatının gücləndirilməsində özəl sektor mühüm rol oynayır. Buna görə də respublikamızda bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Bunu muxtar respublikamızın timsalında da görmək olar. Sahibkarlara uzunmüddətli kreditlərin verilməsi, onlarla görüşlərin keçirilməsi, rastlaşdıqları problemlərin həllinə həssaslıqla yanaşılması regionda güclü sahibkarlar təbəqəsinin formalaşmasına imkan vermişdir.
Kəngərli rayonunda da sahibkarlar göstərilən dövlət qayğısından yetərincə bəhrələnərək öz uğurlarını getdikcə artırır, istehsal sahələrini genişləndirir, muxtar respublikamızın iqtisadi inkişafına töhfələrini verirlər. Son illər rayonda balıq yetişdirilməsinə də maraq artıb. Belə sahibkarlıq subyektlərindən biri də Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” forel balıqyetişdirmə təsərrüfatıdır. Təsərrüfatın rəhbəri İnşallah Abbasovdur. O, Sahibkarlığa Kömək Fondundan aldığı 217 min manat kredit hesabına 2008-ci ilin may ayında geniş təsərrüfat yaradaraq sahibkarlıq fəaliyyətinə başlamışdır. İnşallah Abbasov söhbət zamanı bildirdi ki, kənddə çağlayan saf və bol sulu Asnı çayının hövzəsinə yaxın – suyun mənbəyindən təxminən 150 metr aşağıda münasib yer müəyyənləşdirdikdən sonra ərazidə əvvəlcə müxtəlif tutuma malik 18 hovuz tikiblər. Çayın suyunun borularla davamlı olaraq hovuzlara axıdılması təmin edilib. Su hovuzlarda lazımi səviyyəni aldıqdan sonra öz axarı ilə hovuzların aşağı tərəfində qoyulmuş çıxıntılardan birbaşa arxa tökülür. Beləliklə, hovuzlarda suyun səviyyəsi daim sabit qalır. Digər tərəfdən, hovuzlardakı su davamlı olaraq təzələnir ki, bu da balıqların bəslənilməsi üçün zəruri amillərdən biridir. Hovuzları qidalandıran çayın suyu da itkiyə məruz qalmır, çayın bol suyundan kənddəki əkin sahələrinin suvarılmasında istifadə olunur.
Hovuzlardan 9-nun uzunluğu 6, eni 1 metr, dərinliyi 60 santimetrdir. Onların paralelində yerləşən 5 hovuzun isə hər birinin uzunluğu 20, eni 3 metr, dərinliyi 1 metr 10 santimetrdir. Sonrakı 4 hovuz daha böyükdür. Bu hovuzların hər birinin uzunluğu 50, eni 3 metr, dərinliyi isə 1 metr 20 santimetrdir. İlkin olaraq bu hovuzlara 60 min balıq ötürülmüşdür. Təsərrüfatdan əldə olunan qazancla kreditin 57 min manatı qaytarılmış və əlavə hovuzlar tikilərək onların sayı 50-yə çatdırılmışdır. Hazırda burada 2 kiloqram çəkiyə qədər 1 milyondan çox balıq bəslənilir.
İndi balıqçılıq təsərrüfatı 10 min kvadratmetr ərazini əhatə edir. Təsərrüfatın perspektiv inkişaf planında burada əlavə olaraq, 8 min kvadratmetr ərazidə yeni hovuz və yardımçı binaların tikilməsi də vardır. Kollektiv öz fəaliyyətində bütün bunları planlı şəkildə həyata keçirməyi qarşısına məqsəd qoymuşdur.
Burada müasir tələblərə cavab verən laboratoriya da fəaliyyət göstərir. Hər cür texniki avadanlıqlarla təchiz olunmuş laboratoriyada balıq kürüləri üzərində süni mayalanma prosesi aparılır. Süni mayalanmadan 21 gün sonra nəticə bəlli olur. Laboratoriya şəraitində kiçik balıqlar 15 gün bəslənilir. Daha sonra onlar müvafiq hovuzlara buraxılır. Həmin balıqlara 4 ay müddətində hər gün 8 dəfə yem verilir. Daha sonra yemləmə hər gün 3 dəfəyə keçirilir. Balıqlar qarğıdalı, buğda, arpa kəpəyi, balıq unu, sümük tozu və balıq yağı qarışığı ilə qidalandırılır. Yemlər qonşu İran İslam Respublikasından və Türkiyədən alınır. Balıqlar üçün lazım olan yemin yaxın gələcəkdə təsərrüfatın özündə istehsal olunması nəzərdə tutulmuşdur.
Burada balıq konservi istehsal edən müəssisə də yaradılmışdır. Müəssisə 2010-cu ilin aprel ayından məhsul istehsalına başlamışdır. Burada yaradılmış təmizlik, səliqə-sahman ilk baxışdan diqqəti çəkir. İstehsal sahəsində Rusiya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müəssisə ilə tanış olarkən istehsal prosesini də izlədik. Qeyd edək ki, əvvəlcə təsərrüfatdakı hovuzlardan istehsala yararlı balıqlar tutularaq müvafiq qaydada təmizlənib yuyulur. Sonra həmin balıqlar standart ölçüdə doğranaraq dezinfeksiya edilmiş boş konserv qutularına yerləşdirilir. Bu zaman balıq konservi üçün müəyyənləşdirilmiş tərkib də qutulara əlavə olunur. Konserv məhsulunun dadlı-tamlı və eyni zamanda keyfiyyətli olmasında bu tərkib xüsusi əhəmiyyət daşıyır. Odur ki, konserv qutularına əlavə olunan tərkibin normaya uyğun olmasına ciddi fikir verilir. Bu proseslər başa çatdıqdan sonra konserv qutuları avtomatik avadanlıq vasitəsilə bir-bir nömrələnir və onların ağızları bağlanır. Daha sonra isə konserv qutuları bişirmə qazanına yerləşdirilir. Bişirmə qazanının işə düşməsi nəticəsində lazım olan istilik dərəcəsi alınır və buxar konservləri bişirir. Bişirmə qazanından çıxarılan konservlər bir müddət adi temperaturda saxlandıqdan sonra etiketlənərək müəssisədəki soyuducuya yerləşdirilir.
Məlumat üçün bildirək ki, müəssisə iki növdə – zeytun yağı və tomat məhlulunda bişirilmiş konserv istehsal edir. Konservlərin hər birinin çəkisi 200 qramdır. Müəssisədə, hələlik, ayda on min ədəd konserv istehsal olunur. Lakin bu, son hədd deyil. Yaxın gələcəkdə alıcıların tələbatı nəzərə alınaraq müəssisənin istehsal gücü daha da artırılacaqdır.
Muxtar MƏMMƏDOV