Babək rayonunun Cəhri kəndi muxtar respublikamızda ilk kompleks quruculuq tədbirləri həyata keçirilən böyük yaşayış məntəqələrimizdən biridir. Belə ki, ötən illərdə kəndin yollarına asfalt salınıb, kənd mərkəzi, uşaq musiqi məktəbi üçün bina inşa olunub, eləcə də 2 nömrəli kənd tam orta məktəbi üçün yeni bina ucaldılıb. Ancaq kəndə göstərilən qayğı bununla bitməyib. Hazırda bu yaşayış məntəqəsində üç obyektdə inşaat işləri aparılır.
Məlumat üçün bildirək ki, quruculuq tədbirlərinə cari ilin mart ayının əvvəlindən başlanılıb. 1 nömrəli kənd tam orta məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Ötən müddət ərzində 828 yerlik, iki korpuslu məktəbdə xeyli iş görülüb. Binanın birinci korpusunda əlavə olaraq 12 sinif otağı, 3 fənn kabinəsi, ikinci korpusda isə zal və 6 sinif otağı tikilib.
İnşaatçılar məktəb binasının yenidən qurulmasını yeni dərs ilinə qədər başa çatdırmaq əzmi ilə çalışırlar.
Kənddəki digər quruculuq ünvanı kənd sahə xəstəxanasının binasıdır.
Cari ildə cəhrililər xidmət mərkəzinin fəaliyyətindən də istifadə etmək imkanı qazanacaqlar. Xidmət mərkəzi üçün inşa olunan binanın tikintisi sürətlə davam etdirilir. Burada 3 mağaza, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək. Binanın inşası əsasən başa çatdırılıb. Hazırda binanın fasadında üzləmə işləri görülür.
Xəbərlər şöbəsi