Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığında Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən təlimdə əvvəlcə universitetin elmi katibi, dosent Məftun İsmayılov çıxış edib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, təlim məşğələləri tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Mühasibat uçotu və audit, İqtisadiyyat, Menecment, Dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələrin cəlb olunduğu təlim haqqında ətraflı məlumat verərək keçirilən layihənin əhəmiyyətindən danışıb.
Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında ətraflı məlumat verib.
Nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” adlı çıxışında gənclərdə ailə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarəolunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb. Tələbələrin təlimlə əlaqədar bilik səviyyələrinin yoxlanılması məqsədilə keçirilən interaktiv mərhələdə 4 komanda iştirak edib. Yarışda universitetin “İqtisadiyyat” komandası qalib olub. “Mühasibat uçotu” komandası II, “Menecment” komandası III, “Dünya iqtisadiyyatı” komandası isə IV yerə layiq görülüb. Qaliblərə sertifikatlar, oxunması zəruri olan kitablar təqdim edilib.
Zeynəb HÜSEYNZADƏ