Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanvar ayında öz fəaliyyətini nazirliyin illik iş planına uyğun qurmuş, dövlət proqramlarının icrası diqqətdə saxlanılmışdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında ailə təsərrüfatı sahiblərinin iştirakı ilə ixtisaslaşmış ailə təsərrüfatlarının yaradılması və məhsuldarlığın artırılması yolları mövzularında maarifləndirici tədbirlərin keçirilməsinə başlanılmışdır. Həmçinin meyvə bağlarında, üzümlüklərdə, tərəvəz əkini sahələrində, o cümlədən istixana təsərrüfatlarında becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə tövsiyələr verilmiş, torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilmiş, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılmışdır.
“Araz” Elm-İstehsalat Birliyi torpaq tədqiqatını davam etdirmiş, Şərur rayonunun Püsyan, Təzəkənd, Kürkənd, Kürçülü, Qorçulu, Qışlaqabbas, Sərxanlı kəndlərinin torpaqlarının qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq həmin kəndlərin bələdiyyə orqanlarına təqdim olunmuş, onlardan istifadə qaydaları haqqında torpaq mülkiyyətçilərinə ətraflı məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikasında arıçılığın elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı arıçılıqla məşğul olan sahibkarların yığıncağı keçirilmiş, qarşılıqlı əlaqələrin qurulması, bal və arıçılıq məhsullarının istehsalının artırılması istiqamətində görüləcək işlər müzakirə olunmuş, yaz əkininin optimal müddətdə başa çatdırılması üçün istifadə olunan texnikaların vəziyyəti nəzarətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti