Əhalinin ilin bütün fəsillərində təzə tərəvəz məhsulları ilə təmin olunmasında yaradılmış istixanaların mühüm rolu vardır. İnsanların istehlak tələbatında geniş paya sahib olan bu məhsulların yetişdirilməsi həm daxili bazarın təmini, həm də idxaldan asılılığın aradan qaldırılmasına səbəb olur. Ölkəmizdə yaradılan əlverişli biznes mühiti bütün sahibkarlar kimi, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin də fəaliyyətini genişləndirməyə imkan verib.
2011-ci ildə dövlət maliyyə dəstəyi ilə istixana kompleksi yaradan müəssisə əhalinin keyfiyyətli tərəvəz məhsullarına olan tələbatının ödənilməsinə çalışır. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondundan 3 milyon 250 min manat güzəştli kredit ayrılıb, 2 milyon manat özəl investisiya qoyulub. Bu maliyyə mənbələri hesabına müəssisədə Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə, müəssisənin istehsal gücünün və rəqabətqabiliyyətliliyinin artırılmasına şərait yaranıb. Göstərilən dövlət qayğısından bəhrələnən müəssisə ilkin mərhələdə 12 min kvadratmetr sahədən ibarət olan istixana kompleksini genişləndirərək 60 min kvadratmetrə, illik məhsul istehsalını isə intensiv üsullardan istifadə olunmaqla 250 tondan 1200 tona yüksəldib. Bundan əlavə, “Naxçıvan Bağları” MMC Kəngərli, Şahbuz, Ordubad rayonlarında 50 hektar açıq sahədə intensiv üsullarla tərəvəz və digər kənd təsərrüfatı bitkilərinin əkinini də həyata keçirir.
Muxtar respublikamızda istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində göstərilən qayğı müəssisənin ixrac imkanlarının artmasına şərait yaradıb. Hazırda mövcud istixana kompleksində istehsal olunan məhsullar muxtar respublika əhalisinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur. Gələcəkdə isə digər xarici ölkələrin bazarlarına çıxmaq da planlaşdırılır. Bütün bunlar əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına stimul verib. Belə ki, hazırda “Naxçıvan Bağları” MMC-də 51 nəfər daimi işlə təmin olunub.
“Naxçıvan bağları”nın təzə tərəvəzlərinə tələbat böyükdür. Bu da təsadüfi deyildir. Çünki digər yerli məhsullarımızda olduğu kimi, Naxçıvanda yetişən tərəvəzlərin də keyfiyyətinə bu torpağın zəngin mineralları, təmiz suyu və bol günəşli günləri də təsir edir.
Əli CABBAROV