23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz rayonunun Qızıl Qışlaq kəndində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə təsərrüfatlarının ixtisaslaşması, yeni ailə təsərrüfatlarının yaranması mexanizmləri və müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə edilməsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Ailə təsərrüfatı sahiblərinin iştirak etdikləri tədbiri rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Bayramov açaraq rayonda bu sahəyə göstərilən dövlət qayğısı və görülmüş işlər haqqında məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov çıxış edərək bildirib ki, muxtar respublikamızda aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısından bəhrələnən ailə təsərrüfatları kənd təsərrüfatının bütün sahələrində yeni-yeni uğurlara imza atırlar.

Vurğulanıb ki, Şahbuzda da ailə təsərrüfatlarının inkişafına hərtərəfli qayğı göstərilir. Bu rayon dağlıq və dağətəyi bölgədə yerləşir və muxtar respublikamızda yabanı tərəvəz və dərman bitkiləri ilə zəngin olan ərazilərdən biridir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin tədarükü sahəsində ailə təsərrüfatları fəaliyyət göstərirlər. Əhalinin bu sahəyə olan maraqları nəzərə alınaraq yabanı tərəvəz və dərman bitkilərinin toplanması, emalı, qurudulması, paketlənməsi və satışına dəstək verilməsinə hərtərəfli şərait yaradılıb.
Qeyd edilib ki, rayonda ailə təsərrüfatları meyvəçilik, tərəvəzçilik, kartofçuluq, arıçılıq, quşçuluq, heyvandarlıq və düzən ərazilərdə taxılçılıqla məşğul olurlar. Əkinəyararsız dağətəyi və yamac yerlərdə damcı üsulundan istifadə etməklə yeni meyvə bağlarının salınması və qızılgül bitkisinin əkilib-becərilməsi gələcəkdə ailə təsərrüfatlarına yüksək gəlir gətirə bilər.
Nazirliyin əməkdaşları Lalə Məmmədli heyvandarlığın inkişaf etdirilməsində mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyətindən, Səbuhi Həsənov əl əməyinin yüngülləşdirilməsində müasir kənd təsərrüfatı texnikaları və avadanlıqların gücündən səmərəli istifadə edilməsindən, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayev məhsuldar toxum sortları ilə əkinin keçirilməsi və əkindən əvvəl toxumların dərmanlanmasının əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılarının sual­ları cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan buklet-informasiya kitabçaları ailə təsərrüfatları sahiblərinə paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR