Muxtar respublikanın torpaq-iqlim şəraiti qiymətli ərzaq məhsulu olan kartofun əkilib-becərilməsinə geniş imkanlar yaradıb. Son illərdə bu sahənin inkişafına göstərilən qayğı hesabına uğurlu nəticələr qazanılıb, 2019-cu ilin“Ailə təsərrüfatları ili” elan edilməsi isə kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərini daha da ruhlandırıb.
Uzun illərin təcrübəsi və aparılan təhlillər göstərir ki, kartof əkinlərinə düzgün aqrotexniki qulluq göstərdikdə vahid sahədən başqa bitkilərə nisbətən daha artıq gəlir götürmək olur. Yadda saxlamaq lazımdır ki, kartofun becərilməsində hər hansı bir aqrotexniki tədbir aparmadıqda və ya yubatdıqda bu, məhsuldarlığa 70-80 faizə qədər mənfi təsir göstərir. Ona görə də bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Kartof münbit, dənəvər, havanı yaxşı keçirən, yüngül, qumsal az və orta gilli torpaqları sevir. Bu bitkinin qida maddələrinə tələbatı böyükdür. Belə ki, kartof torpaqdan 26 adda qida elementi götürür. Bu ərzaq məhsulu üçün ən yaxşı sələf bitkiləri payızlıq buğda, arpa, çoxillik paxlalılardır. Kartofun öz fəsiləsindən olan (kartof, pomidor, bibər, badımcan və sair) bitkilərdən sonra əkilməsi məsləhət deyildir.
Kartof əkiləcək sahənin hazırlanmasına payızda başlamaq lazımdır. Sələf bitkiləri yığılan kimi sahəyə hər hektara 20-30 ton hesabı ilə üzvi gübrə verilməli, sahə 28-30 santimetr dərinlikdə şumlanmalıdır. Kartof üzvi və mineral gübrələrə tələbkar bitkidir. Ona görə də gübrələmə sisteminə əsas və əlavə, yəni yemləmə şəklində verilən gübrələr daxildir.
Qeyd etmək lazımdır ki, üzvi gübrə həm də torpağı mikroelementlərlə zənginləşdirməklə yanaşı, torpaqda gedən mikrobioloji prosesləri də fəallaşdırır. Bu, bitkilərin böyüyüb inkişaf etməsi üçün əlverişli şərait yaradır. Bununla belə kartofun qida maddələri ilə təmin olunmasında mineral gübrələrin də rolu böyükdür. Muxtar respublika şəraitində payızda şum altına fosfor gübrəsi normasının 60 faizi verilməlidir. Azot və kalium gübrələrinin 50, fosforun 40 faizi torpağa erkən yazda əkindən qabaq, qalan hissələri isə qönçələmənin başlanğıcında əlavə yemləmə kimi verilməlidir.
Yüksək məhsuldarlığın başlıca şərtlərindən biri də əkin materialıdır. Əkin üçün istifadə olunacaq yumrular standarta uyğun, sağlam cücərmə qabiliyyətinə malik və yüksək reproduksiyalı olmalıdır. Toxumların 50-80 qram olması məsləhətdir. Əkindən qabaq kartof yumrularının cücərdilməsi çox vacib aqrotexniki tədbirdir. Bu, onların torpaq səthinə tez çıxmasına şərait yaradır.
Maşınla əkilən kartof toxumunun cücərdilməsi əl ilə əkilən toxumun cücərdilməsindən fərqli olmalıdır. Belə ki, kartof toxumları 0,3-0,5 santimetrə qədər cücərdilərək əl ilə əkilə bilər. Ancaq maşınla əkiləcək toxumlar cücərtilər göründüyü andan əkin başlanılmalıdır. Cücərdilmiş yumrular cücərdilməmişlərə nisbətən 30-40 sentner çox məhsul verir.
Əkinə hazırlıq işlərinin son mərhələsi toxumun əkinqabağı dərmanlanmasıdır. Bu, yumruların çıxışvermə qabiliyyətini 7-8 faiz tezləşdirərək bitkilərin xəstəliklərə qarşı davamlılığını ən azı 2-3 dəfə artırır. Bunun üçün 0,3 kiloqram poliram 100 litr suda həll olunur və bu məhlulda 2,5-3,5 ton kartof isladılaraq 10 dəqiqə saxlandıqdan sonra toxum əkilir.
Muxtar respublikamızın iqliminə uyğun olaraq əkin müddətinin başlaması aran zonalarda fevral ayının 15-dən martın, dağlıq və dağətəyi zonalarda isə martın sonundan aprelin sonuna qədər optimal müddət sayılır. Gecikdirilmiş əkinlərin vegetasiya müddətinin havanın isti vaxtlarına düşməsi kartof bitkisində gedən assimilyasiya prosesinin dayanmasına səbəb olur. Bu da məhsuldarlığa mənfi təsir edir. Kartofun inkişafı və yüksək məhsuldarlıq üçün ən optimal temperatur 25-30 dərəcə hesab olunur.
Əkin sxemi cərgəarası 70 santimetr, bitkiarası 30-35 santimetr olmaqla aparılır. Bu sxem kartofun yetişkənliyindən də asılıdır. Ərzaq məqsədilə əkilən kartofun qida sahəsini genişləndirdikdə tədarük edilən kartof yumruları iri olur. Tezyetişən sortlar gecyetişən sortlara nisbətən sıx əkilir.
Kartof yumruları əkildikdən sonra əgər hava yağıntılı keçərsə və torpaqda nəmlik tutumu yüksək olarsa, həmin sahəni suvarmağa ehtiyac yoxdur. Əks halda, çıxışı tezləşdirmək üçün sahə mütləq suvarılmalıdır.
Toxumluq kartof yumrularının iri və xırdalığından, eləcə də əkin üsulundan asılı olaraq hər hektara əkin norması 2,5-3 tona qədərdir.
Kütləvi çıxış alındıqdan sonra bitkilərə qulluq olunmalıdır. Kartof kollarının boyu 18-20 santimetrə çatanda birinci dibdoldurma, sonrakı becərmələr isə tələbata uyğun olaraq aparılır. Kartof çiçək açmağa başladıqda ikinci dibdoldurma həyata keçirilir.
Kartofu çiçəkləmə fazasına qədər torpağın nəmliyindən asılı olaraq 1-2 dəfə suvarmaq kifayətdir. Çiçəkləmə fazasında suya tələbat çoxaldığından havanın temperaturundan, quraqlıqdan asılı olaraq kartof sahələri həftədə bir dəfə suvarılmalıdır.
Aqrotexniki tədbirlərdən biri də xəstəlik və ziyanvericilərə qarşı vaxtında mübarizə aparılmasıdır. Bu, məhsul itkisinin qarşısını alır.
Muxtar respublika şəraitində kartofa ən çox ziyan vuran fitoftora xəstəliyi və kolorado böcəyidir. Fitoftora xəstəliyinə qarşı bordo, ridomil preparatlarından hektara 1,2 kiloqram normada istifadə etməklə xəstəliyin qarşısını almaq mümkündür. Çiləmə havanın isti vaxtlarında 20 gündən bir təkrar aparılmalıdır.
Kolların üzərində kolorado böcəyinin sürfələri müşahidə olunduqda konfidor, arrivo, desis karate və sumi-alfa preparatlarından biri ilə çiləmə aparılmalıdır.
Qorxulu zərərvericilərdən biri də kartof güvəsidir. Bu zərərverici kartof yumruları 40-60 qram olan zaman və məhsul yığımına az qalmış daha çox zərər verir. Zədələnmiş yumrular növbəti vegetasiya suvarmaları zamanı qaralır. Kartof güvəsinə qarşı hər hektara 1 litr normasında diazinon və ya 300-400 qram konfidor çilənməlidir. Çiləmə kartof güvəsinin yumurta qoyduğu və sürfələr çıxdığı vaxt aparılmalı, 15-20 gündən bir təkrar edilməli və məhsul yığımına 20 gün qalmış dayandırılmalıdır.
Əgər sahədə məftil qurdları müşahidə edilərsə, bu zaman yemləmə gübrəsi ilə birlikdə hər hektara 5-10 kiloqram rigent preparatı gübrəyə qarışdırılaraq sahəyə verilməlidir.
Kartofun yığımı sortundan və əkin vaxtından asılı olaraq iyun-iyul və avqust aylarında aparılır. Yığımdan 1-2 həftə əvvəl kartof sahəsində bitkinin yerüstü hissəsi biçilib götürülməlidir. Bu əməliyyat kartof qabığının bərkiməsinə kömək edir, yumruların xəstəliklərə tutulma faizini azaldır.
Əli HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı