Sədərək rayonunun Heydərabad qəsəbəsində Su monitorinq laboratoriyası tikilir. Laboratoriya iqtisadi, strateji əhəmiyyətə malik olmaqla yaxın qonşu ölkələrdən gələn Araz və Arpaçay sularının yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verəcəkdir.
Tikinti işlərinə 2017-ci ilin aprel ayında başlanılıb. Ümumi sahəsi 600 kvadratmetr, tikintialtı sahəsi 154 kvadratmetr olan laboratoriyanın inzibati binası 4 iş otağı, 1 anbar və köməkçi tikililərdən ibarətdir. Laboratoriyada əldə daşına bilən avadanlıqlarla göllərdən, çaylardan, bulaq və çeşmələrdən su nümunələrinin götürülməsi və yerində ilkin tədqiqatların aparılması, suyun codluğu, elektrik keçiriciliyi, temperaturu, həll olmuş oksigenin miqdarı kimi məlumatların yerində dəqiq öyrənilməsi mümkün olacaqdır. Hazırda laboratoriyanın inzibati binasında avadanlıqların quraşdırılması işi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti