Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən yanvar ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər keçirilmiş, mövcud çatışmazlıqlar aradan qaldırılmışdır.
Hesabat dövründə avtovağzalların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, istilik sistemlərinin işlək vəziyyətdə olması, onların fəaliyyətlərinin daha da genişləndirilməsi, balanslarında olan tikililərin, yaşıllıq ərazilərinin yüksək səviyyədə saxlanılması və sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılmış, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılmışdır. Yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri fəaliyyətə başlamışdır.
Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət edilməsi üçün Naxtel-4G monitorinqizləmə sistemindən istifadə olunmuş, taksi və avtobus sürücülərinin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilmiş, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidməti