Şahbuz rayonunun ucqar yaşayış məntəqələrində quruculuq tədbirləri sürətlə davam etdirilir
Ulu Tanrı səxavətini bu yurd yerindən zərrə qədər də əsirgəməyib. Əsrarəngiz gözəllikləri, füsunkar təbiəti və təbiət abidələri, möhtəşəmlik rəmzi olan “səngərdən qalalı” dağları, suyu dişgöynədən bulaqları şair qələminin, rəssam fırçasının ilham mənbəyidir. Bir də ki, səmimi, qonaqpərvər, yurd sevgisini, torpaq təəssübünü hər şeydən uca tutan insanları var Şahbuzun.
Yolumuz bu yurd yerinədir
Naxçıvan şəhərindən çıxanda yenə də təbiətin şıltaqlığı tutmuş, yayın bu çağında yağış yağmağa başlamışdı. Aydınlıqdır, – deyə düşündüm, öz yerinə, öz yurduna yağır. Ancaq bir anda yadıma əkin-biçin mövsümünü yaşamağımız düşdü. Həmçinin gedəcəyimiz ünvanları – dağlıq bölgənin Ayrınc, Güney Qışlaq, Qızıl Qışlaq və Kükü kəndlərini gözlərim önünə gətirdim...
Bir neçə dəqiqə sonra Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Cəhri kəndi ərazisində Cəhriçayın üzərində salınmış yeni körpünün yaxınlığında avtomobili saxlayıb yerə düşdük. Artıq göy üzü tərtəmiz idi. Magistralda həyata keçirilən yenidənqurma tədbirlərindən hazırlayacağım növbəti yazı üçün fotoqraf bir neçə kadrı aparatın yaddaşına köçürdü. Rayonun girəcəyində yerləşən Daylaqlı və Sələsüz kəndlərinə qədər bir neçə yerdə belə kadrlar çəkdik. Yol boyu söhbətimiz isə muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq tədbirlərinin bir qolunu təşkil edən yol infrastrukturunun yenilənməsi oldu.
Qeyd edək ki, bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizin bütün regionları ilə yanaşı, muxtar respublikamızda da yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Hazırda uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması sürətlə davam etdirilir. Yolda körpü və selötürücülər tikilir, yol yatağı bərkidilir, asfalt-beton örtük salınır. “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarının çalışdıqları obyektin Naxçıvan-Şahbuz hissəsi dördzolaqlı, uzunluğu 31,8 kilometr, eni 17,2 metr, Şahbuz-Batabat hissəsi isə ikizolaqlı olmaqla, uzunluğu 27,4 kilometr, eni 9 metrdir. Avtomobil yolunda 9 ədəd monolit körpünün, 297 ədəd selötürücünün tikintisi nəzərdə tutulub. Avtomobil yolunun Naxçıvan-Şahbuz hissəsində yol yatağı genişləndirilib, yola laborator analizdən keçirilmiş inşaat materialları tökülüb bərkidilib. Selötürücülər salınıb, bir neçə körpüdə inşaat işləri aparılıb.
Kənd yolları da belə qayğıdan kənarda qalmayıb. Şahbuz şəhərindən Kükü kəndi istiqamətinə, bu yoldan sola ayrılaraq Qızıl Qışlaq və Güney Qışlaq kəndlərinə gedən yolda da aparılan yenidənqurma işləri bu qayğının ifadəsidir. Ötən müddət ərzində yolların genişləndirilməsi əsasən başa çatdırılıb, hamarlama işləri aparılıb, adıçəkilən yaşayış məntəqələrində 6 körpü tikilib, 9 su keçidi inşa edilib. Görülən işlərin keyfiyyətinə ciddi diqqət yetirilir. Məqsəd isə ondan ibarətdir ki, ucqar dağ yaşayış məntəqələrinə insanların təhlükəsiz və rahat hərəkəti təmin olunsun.
Bu yol üzərində yerləşən ilk yaşayış məntəqəsi Ayrınc kəndidir və ya quruculuğun yeni ünvanlarından biri
Məlumat üçün bildirək ki, bölgənin kiçik yaşayış məntəqələrindən biri olan bu kənd ilk dövlət qayğısını neçə illər əvvəl görüb. Burada istifadəyə verilən yeni məktəb binasının açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlət başçısı həmin tədbirdə ayrınclıları bu münasibətlə təbrik edərək belə qayğının gələcəkdə də davam etdiriləcəyini bildirib. Ötən müddət ərzində məktəb bir sıra uğurlara imza atıb. Pedaqoji kollektiv bu gün də çalışır ki, onlara göstərilən qayğıya əməli işlə cavab versinlər.
Budur, kənddə yeni tikinti işlərinə başlanılıb. Məktəb binasından bir qədər yuxarıda, yolun sağında ikimərtəbəli kənd mərkəzi, solunda isə xidmət mərkəzi inşa olunur. Bu quruculuq tədbirini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi həyata keçirir. Hər iki binada hörgü işləri əsasən başa çatdırılıb.
Qızıl Qışlaq və Güney Qışlaq kəndləri tikinti meydançasını xatırladır
Hazırda bu yaşayış məntəqələri kompleks quruculuq tədbirləri həyata keçirilən tikinti meydançasına çevrilib. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Məlumat üçün bildirək ki, bir neçə il əvvəl Qızıl Qışlaqda mədəniyyət evi üçün yeni bina inşa olunub. Yaxın kəndlərin də istifadə etdiyi baytarlıq məntəqəsi istifadəyə verilib. Qərbi Azərbaycan torpaqlarından didərgin düşərək buraya pənah gətirən soydaşımıza dövlətimiz böyük qayğı göstərərək onu fərdi yaşayış evi ilə təmin edib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Fariz Göyüşovla görüşüb ondan Qızıl Qışlaq haqda qısa məlumat alırıq. Bildirir ki, 232 təsərrüfatda 775 sakinin yaşadığı kənddə dağlıq ərazilər üçün xarakterik olan təsərrüfat sahələri inkişaf etdirilir. Bunun üçün onlar hərtərəfli dövlət qayğısını daim öz üzərlərində hiss edirlər. Cari ildə daha böyük qayğılarla əhatə olunublar. Belə ki, mart ayından başlayaraq burada 3 binanın inşasına start verilib.
Öyrənirik ki, binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. İş icraçısı Qaçay Paşazadə bildirir ki, 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda qapı-pəncərələr salınır, digər tikinti tədbirləri həyata keçirilir.
Məktəb binasının yaxınlığında kənd mərkəzi inşa olunur. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində inşaat işləri yekunlaşdırılıb, hazırda ikinci mərtəbədə qəlib işləri görülür.
Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir. Burada da tikinti işləri başa çatdırılıb. Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edir. Bu yaşayış məntəqəsində hazırda iki mərtəbədən ibarət kənd mərkəzi inşa olunur. Kənd mərkəzinin birinci mərtəbəsində rabitə evi, tibb və polis sahə məntəqələri, ikinci mərtəbədə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub və zal yerləşəcək. Qeyd edək ki, yaxın günlərdə Güney Qışlaqda xidmət mərkəzinin də tikintisinə başlanılacaq. Bütün obyektlərdə inşaatçılar üçün normal iş şəraiti yaradılıb.
Kükü kəndi də diqqətdən kənarda qalmayıb
1570 sakinin 404 təsərrüfatda birləşdiyi bu yaşayış məntəqəsini Şahbuz rayonunun böyük kəndlərindən biri hesab etmək olar. Qədim tarixə malik olan bu yurd yeri haqqında oxuculara növbəti nömrələrimizin birində geniş yazı təqdim edəcəyimiz üçün burada ancaq kənddə gedən quruculuq işlərindən söhbət açmağı lazım bildik. Hazırda Küküdə də bir neçə bina inşa olunur. Kənd tam orta məktəbinin köhnə binasında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla binaya daha 2 korpus da əlavə edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin iş icraçısı Nizami Əhmədov deyir ki, yeni korpuslarda idman zalı, yeməkxana, kompyuter və elektron lövhəli siniflər yerləşəcək. Yeni binanın həyətində açıq idman zalı qurulacaq. Binada hörgü işləri əsasən başa çatdırılıb. Hazırda çardaq qurulur, suvaq işləri görülür, qapı-pəncərələr salınır.
Muxtar respublikamızda mahiyyət və məzmunca yeni olan daha bir kənd mərkəzi üçün bina Kükü kəndində də inşa olunur. Layihəyə əsasən, kənd mərkəzinin binası 2 mərtəbədən ibarət olacaq.
Kükülülərə daha bir dövlət qayğısının ifadəsi kimi burada inşa olunan 2 mərtəbədən ibarət həkim ambulatoriyasını da göstərmək olar. Dağ kəndi sakinlərinin sağlamlığı keşiyində dayanacaq ambulatoriya binasının da tikintisində sürətli iş ahəngi hökm sürür. Hazırda inşaatçılar binanın birinci mərtəbəsinin dəmir-qəlib işləri ilə məşğuldurlar. Yaxınlıqda isə birmərtəbəli xidmət mərkəzinin tikintisi aparılır. Kompleks quruculuq tədbirləri həyata keçirilən ərazinin yerləşdiyi ünvanda istinad divarlarının tikintisinə də başlanılıb.
Son söz yerinə və ya şahbuzluların ürək sözləri
Oxucular elə düşünməsinlər ki, günü-gündən gözəlləşən, abadlaşan Şahbuz rayonunda quruculuq işləri bununla məhdudlaşır. Elə deyil. Ağbulaqda, rayon mərkəzində, Sələsüz kəndində də kompleks quruculuq tədbirləri sürətlə davam etdirilir. Yaxşı cəhət kimi onu da qeyd edək ki, Sələsüz kəndində neçə illər əvvəl də kompleks quruculuq tədbirləri aparılıb, məktəb binası, kənd mərkəzi inşa olunub. Bir neçə kənd sakini üçün fərdi mənzillər tikilib. Hazırda məktəbin binası yenidən qurulur, mövcud kənd mərkəzinin binası yeni layihə əsasında həkim ambulatoriyası üçün inşa edilir, yeni kənd mərkəzi tikilir.
Ağbulaqda isə ötən il bir neçə obyekt istifadəyə verilib. Hazırda kənddəki istirahət kompleksində son tamamlama işləri görülür, bu yaşayış məntəqəsinə gedən yol yenidən qurulur.
Şahbuzlular göstərilən qayğıya münasibətlərini xoş sözlərlə bildirdilər. Ömrünün bir əsrini arxada qoymuş Kükü kənd sakini Bəyim Əliyeva dedi:
– Ömür vəfa etsə, belə əyyamda hələ bir əsr də yaşayaram. Görülən bu işlərə görə dövlətimiz sağ olsun. 20-30 il bundan əvvəl kim idi, bu dağların ətəyində yaşayanları yada salan?
Sələsüz kənd tam orta məktəbinin müəllimi Zəringül Novruzova:
– Ölkəmizin iqtisadi qüdrəti artdıqca, insanların da həyat səviyyəsi yüksəlir, yaşayış məntəqələrimizin siması dəyişir. Bunu dağlıq bölgəmiz olan Şahbuz rayonunun timsalında da görmək olar. Bu kiçik rayonda son illərdə reallaşdırılan layihələr hamımızı ürəkdən sevindirir. Deyim ki, şahbuzlular həmişə dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə edən insanlar olublar. Bu gün də belədir, sabah da belə olacağına inanın. Qarşıdan gələn prezident seçkilərinə yüksək əhval-ruhiyyə ilə hazırlaşan rayon sakinləri belə yaşayışımızın təməlini qoymuş ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə qarşıdakı beş ildə daha böyük uğurların iştirakçısı və şahidi olacaqlar.
Muxtar MƏMMƏDOV
Foto Əli XUDİYEV