Ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edib.
İcrası uğurla başa çatdırılan Dövlət Proqramının və həyata keçirilən digər mühüm tədbirlərin nəticəsidir ki, muxtar respublikada bütün makroiqtisadi göstəricilərin artımı təmin edilmiş, dinamik inkişaf qorunub saxlanmışdır. Dövlət Proqramına uyğun olaraq Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, 2014-2018-ci illərdə muxtar respublikada sahibkarlara 113 milyon 762 min 900 manat kredit verilmişdir. Bu kreditlərdən 40 milyon 164 min 600 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 73 milyon 598 min 300 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bütün bunlar səmərəli məşğulluğun təmin edilməsinə öz töhfəsini vermiş, 15 minə yaxın yeni iş yeri açılmışdır.
2014-2018-ci illərdə özəl sektorun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir. İstehsal olunan məhsulların satışı zamanı mövsümi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı məqsədilə ümumi tutumu 2330 ton olan 9 müxtəlif tutumlu soyuducu anbar, 14 istixana, 43 heyvandarlıq təsərrüfatı yaradılmış, 10 heyvandarlıq təsərrüfatı isə genişləndirilmişdir. Bundan əlavə, əhalinin mövsümi tərəvəz məhsulları ilə təminatının yaxşılaşdırılması üçün istixana komplekslərinin yaradılması və genişləndirilməsi məqsədilə 1 milyon 110 min 800 manat, heyvandarlıq təsərrüfatlarının yaradılması üçün 45 milyon 104 min 200 manat həcmində kreditlər verilmişdir.
Aqrar sahədə digər mühüm məsələ məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə vaxtında təchiz edilməsidir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının balansına tələbata uyğun kənd təsərrüfatı texnikaları verilmişdir. 2014-2018-ci illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1130 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq gətirilmiş və məhsul istehsalçılarına verilmişdir. Aqrar sahənin elmi şəkildə inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş Aqrokimya Laboratoriyası yaradılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi muxtar respublikada aqrar sahənin davamlı inkişafında xüsusi rol oynamışdır. Dövlət Proqramına uyğun olaraq kənd yerlərində torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılmasına, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir. Belə ki, 2014-2018-ci illərdə kənd təsərrüfatı torpaqlarında 406 min 810 metr kollektor-drenaj şəbəkəsinin, 906 min metr suvarma kanallarının tikintisi, bərpası və yenidən qurulması həyata keçirilmiş, əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 71 subartezian quyusu qazılmış, 4850 hektar ərazidə torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri görülmüşdür. Həyata keçirilən meliorativ tədbirlər çərçivəsində 2018-ci ildə 616 hektar torpaq sahəsini əkin dövriyyəsinə daxil etməyə imkan verən qapalı suvarma şəbəkəsi yaradılmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə, yaşıllaşdırma, meşəliklərin salınması istiqamətində işlər uğurla davam etdirilmiş, 2711 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 2 milyon 208 minə yaxın ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada əhalinin qida məhsulları ilə etibarlı təminatı sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Görülmüş tədbirlərin davamı olaraq, muxtar respublikada əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. Bu məqsədlə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası Avropa Birliyi ölkələri tərəfindən beynəlxalq akkreditasiyadan keçirilmiş və cəmiyyət tərəfindən verilmiş keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranmışdır.
Muxtar respublikada istehsal olunan məhsulların ixracının artırılması məqsədilə ixrac şirkətlərinin yaradılması və fəaliyyətlərinin dəstəklənməsi istiqamətində “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və yerli məhsulların Bakı şəhərində satışı həyata keçirilmişdir. İxracatla məşğul olmaq istəyən naxçıvanlı sahibkarların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə 2014-2018-ci illər ərzində ölkə daxilində və xaricdə keçirilən 126 biznes-forum, sərgi və konfransda 714 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir. Muxtar respublikada xarici ticarət əməliyyatlarının aparılmasında gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında kənd və xidmət mərkəzlərinin yaradılması əhalinin tələbat və ehtiyaclarının ödənilməsinə, ümumi inkişafa böyük təkan verir, vaxt itkisinin qarşısını alır. Artıq muxtar respublikada kəndtipli yaşayış məntəqələrində nümunəvi kənd mərkəzləri salınmış, son 5 ildə 52 kənd və 54 xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi, strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi əsas məsələlərdən biri kimi diqqət mərkəzində olmuşdur. 2014-2018-ci illərdə 42 ATS istismara verilmiş, 195 ATS tam elektronlaşdırılmış, 58 poçt binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Ötən ildə Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi yaradılmış, Şərur rayonunda İbadulla Radio-Televiziya Verici Stansiyası üçün yeni bina tikilmiş və avadanlıqlar alınmışdır. Ötən dövrdə 4-cü nəsil kommunikasiya sistemləri quraşdırılaraq əhalinin istifadəsinə verilmiş, yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti yaradılmışdır.
İqtisadiyyatın inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində muxtar respublikada avtomobil yollarının çəkilməsi və yenidən qurulması, körpülərin tikintisi, yol şəbəkələrinin bərpası işləri davam etdirilmişdir. Ötən beş il ərzində 317,8 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 24 körpü tikilmiş və ya 14 körpü əsaslı təmir olunmuşdur. Təkcə 2018-ci ildə 50,4 kilometr uzunluğunda avtomobil yolları salınmış, bir körpü tikilmiş, bir körpü isə bərpa olunmuş, Naxçıvan Beynəlxalq Hava Limanında maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılmış, hava limanının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 adda 30 yeni texnika və avtomobil alınmışdır. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Naxçıvan şəhərində 5 yeni avtobus marşruta buraxılmışdır.
Muxtar respublikada yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən beş il ərzində 3 elektrik stansiyası tikilmiş, 622,7 kilometr elektrik verilişi xətləri çəkilmiş və əsaslı təmir olunmuş, 784 transformator və 181 yarımstansiya quraşdırılmış və ya əsaslı təmir edilmişdir. Bununla enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılmışdır. Hazırda Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Muxtar respublika iqtisadiyyatının inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində 2014-2018-ci illərdə 1108 kilometr su xətti, 699,5 kilometr kanalizasiya xətti çəkilmişdir. 2018-ci ildə Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad kəndində içməli su təchizatı və kanalizasiya sistemi, Şahbuz rayonunda təmizləyici qurğular sistemi istifadəyə verilmişdir.
Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin, xüsusilə də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 2014-2018-ci illərdə bu qəbildən olan insanlara 17 fərdi ev və mənzil verilmişdir.
Dövlət Proqramının icrası ilə əlaqədar 2014-2018-ci illər ərzində muxtar respublikada sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir. Ümumilikdə, qeyd olunan dövr ərzində muxtar respublikada 85 elm və təhsil müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
İqtisadiyyatın dinamik inkişafı səhiyyə sahəsinə də əhəmiyyətli şəkildə təsir etmiş, muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlmişdir. Muxtar respublikada istifadəyə verilmiş yeni xəstəxanalar və mövcud tibb ocaqlarının yenidən qurulması sübut edir ki, vətəndaşların sağlamlığının təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir və bu siyasət 2014-2018-ci illər ərzində dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Dövlət Proqramına əsasən 60 səhiyyə müəssisəsi tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Muxtar respublikada mədəni irsin qorunması, tarixi və mədəniyyət abidələrinin bərpası və mühafizəsi, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər davam etdirilmiş, ümumilikdə, ötən beş ildə 137 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq standartlara malik yeni, müasir idman obyektlərinin tikintisi və idmanın kütləviliyinin təmin edilməsidir. Ötən dövr ərzində muxtar respublikada 13 idman müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Muxtar respublikada otel biznesinin dünya standartları səviyyəsində yenidən qurulması, turizm sahəsinə investisiyaların cəlb edilməsi, müasir mehmanxana komplekslərinin yaradılması, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, çox sayda turistlərin qəbulu üçün silsilə tədbirlərin reallaşdırılması, turizm sektorunun inkişafında mühüm rol oynamışdır. Bütün bunlar muxtar respublikanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, bura gələn turistlərin sayının artmasına da zəmin yaratmış, 2018-ci ildə muxtar respublikaya 415 minə yaxın turist gəlmişdir ki, bu, ötən beş illə müqayisədə 9,7 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” və “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası bu sahənin inkişafına geniş imkanlar yaratmaqdadır.
Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəinki bölgələrin, eləcə də muxtar respublikamızın şəhər, rayon və kəndlərinin simasını tanınmaz dərəcədə dəyişərək əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti