Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbiri İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açıb. Qeyd olunub ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Bununla əlaqədar həyata keçirilən tədbirlər mövcud potensialdan səmərəli istifadə olunmaqla Babək rayonunda da yeni ailə təsərrüfatlarının yaradılmasına təkan verəcək.
Rasim Hüseynov bildirib ki, aqrar rayon olan Babəkdə kənd təsərrüfatının dinamik inkişafı üçün kompleks tədbirlər həyata keçirilib, yeni suvarma şəbəkələri qurulub, torpaq mülkiyyətçiləri texnika və texnoloji avadanlıqlarla təmin edilib. Artıq rayonun kəndlərində yaşayış məntəqələrinin təsərrüfatçılıq ənənələrinə uyğun ailə təsərrüfatları formalaşıb.
Vurğulanıb ki, ailə təsərrüfatı məhsullarının satışına dəstək verilməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Belə ki, təsərrüfat sahibləri məhsullarını Naxçıvan şəhərindəki mərkəzi bazarda satmaqla yanaşı, təşkil olunan ənənəvi “Ailə təsərrüfatı məhsulları” festivallarına da çıxarırlar. Ötən il təşkil olunan fetivalda babəkli sahibkarlar da yaxından iştirak edib, festivala 50 ailə təsərrüfatı tərəfindən 136 növdə 3014 qablaşdırılmış məhsul çıxarılıb. Sahibkarlardan biri “Ən yaxşı məhsul” nominasiyasında ikinci dərəcəli diplomla təltif edilib.
Tədbirdə ailə təsərrüfatı başçılarının çıxışları olub.
Xəbərlər şöbəsi