Qədim diyarımızın digər bölgələri kimi, Culfa rayonu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sürətli inkişaf yolu keçib. Rayon iqtisadiyyatında özünəməxsus yeri olan özəl sektor inkişaf tempini 2018-ci ildə də davam etdirib. Bu sahədə dövlət dəstəyi mexanizminin gücləndirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, həmçinin maliyyə dəstəyinin göstərilməsi rayonda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına münbit şərait yaradıb.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər bölgədə istehsal potensialının güclənməsinə səbəb olub.
Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına, mövcud yaşayış binalarının və digər obyektlərin əsaslı təmirinə imkan verib. Ötən il rayonda “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin servis mərkəzi, Dizə və Qazançı kəndlərində isə kənd və xidmət mərkəzləri, yeni məktəb binaları tikilib istifadəyə verilib, tarixi Qazançı körpüsü elmi əsaslarla bərpa edilib. Rayon mərkəzinin Mehdi Hüseynzadə küçəsindəki 30 və 32 nömrəli çoxmənzilli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb, mərkəzi stadion yenidən qurulub, burada 80 nəfərlik tribuna tikilib, basketbol və voleybol meydançası yaradılıb. Qazançı və Dizə kəndlərində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülüb. Qazançıda həkim ambulatoriyası, Dizə kəndində isə feldşer-mama məntəqəsi üçün yeni binalar tikilib istifadəyə verilib.
Hazırda Culfa şəhərində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin vaqon təmiri sexinin tikintisi və Culfa-Ordubad magistral avtomobil yolunun qurulması davam etdirilir.
Rayonda iqtisadiyyatın inkişafı diqqət mərkəzində saxlanılır, əhalinin həyat səviyyəsi ilbəil yüksəldilir, sahibkarlığın bütün sahələrində uğurların əldə edilməsinə şərait yaradılır. Dövlət dəstəyi rayonda sənayenin inkişafında mühüm rol oynayır. Ötən il bölgədə 7 milyon 733 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.
Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılıb. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli şərtlərlə dövlət yardımı edilib. Müxtəlif kredit təşkilatları tərəfindən 574 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 971 min 400 manatı heyvandarlıq, 9 min 500 manatı əkinçilik, 113 min manatı isə arıçılıq sahəsinə olmaqla, ümumilikdə, 1 milyon 93 min 900 manat kredit verilib. Sahibkarların kənd təsərrüfatı texnikasına olan tələbatının ödənilməsi üçün də tədbirlər görülüb, aqrolizinq xətti ilə 3-ü kombayn, 2-si traktor olmaqla, ümumilikdə, 30 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı sahibkarlara satılıb. Bütün bunlar rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən əkinçiliyin inkişafında əsaslı rol oynayıb.
Dövlətimizin yaratdığı şəraitdən yararlanan rayonun torpaq mülkiyyətçiləri isə daim məhsuldarlığın yüksəldilməsinə çalışırlar. 2018-ci ilin məhsulu üçün əkilmiş 7392 hektar sahədən 14012 ton buğda, 3453 ton arpa, 1637 ton dənli-paxlalı, 3006 ton kartof, 4468 ton tərəvəz, 1854 ton bostan məhsulları, 36,3 ton qarğıdalı, 37,2 ton günəbaxan yığılıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə buğda əkilmiş sahələrdən tədarük edilən məhsul 9,3 faiz, arpa əkilmiş sahələrdən yığılan məhsul 13,1 faiz, kartof əkilmiş sahələrdən yığılan məhsul 1,2 faiz artıb.
Ötən il rayonda kənd təsərrüfatının bütün sahələri ilə yanaşı, heyvandarlıq da inkişaf etdirilib. 2018-ci ildə yeni doğulmuş 941 baş buzov üçün istehsalçılara 94 min 100 manat dövlət yardımı ödənilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub.
Bölgədə ekoloji cəhətdən təmiz meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişli şərait vardır. Bu sahədə görülən tədbirlər nəticəsində ötən il rayonda 8150 meyvə ağacı əkilib. Barverən meyvə bağlarından 3267 ton, üzüm bağlarından isə 6028 ton məhsul yığılıb.
Rayonda ekologiyanın mühafizəsi və bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik yaşıllıq zolaqlarının bərpası və artırılması davam etdirilib. Belə ki, bəhs olunan dövrdə 11,5 hektar sahədə yeni yaşıllıqlar və 2,4 hektar sahədə üzüm bağı salınıb, 11,85 hektar mövcud yaşıllıq sahəsində meşə bərpa işləri aparılıb, 608 həmişəyaşıl ağac, 4000 üzüm, 1690 çoxillik gül kolu əkilib.
Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malik olan arıçılıq həm də yüksək gəlirgətirən sahə kimi diqqət mərkəzində saxlanılıb. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması, Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal” festivalının keçirilməsi rayonda bu sahəyə marağı daha da artırıb. Sahibkarlara kreditlərin verilməsi öz müsbət nəticəsini göstərib. Cari ildən arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi də bu sahənin inkişafına yeni stimul yaradacaqdır.
Bu gün muxtar respublikamızda daxili bazara öz töhfələrini verən ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışı üçün əlverişli şərait mövcuddur. Bu baxımdan Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları mühüm rol oynayır. Ötən il noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti festivalda Ali Məclisin Sədri digər mühüm tapşırıqlarla yanaşı, muxtar respublikanın bütün rayonlarında da ailə təsərrüfatı məhsulları festivallarının keçirilməsi və nümunəvi ailə təsərrüfatlarının iş təcrübələrinin yayılması barədə tapşırıqlar verib. Bu tapşırıqların icrası ilə əlaqədar ilk festival Culfa şəhərində keçirilib. Festivalda rayonun kəndlərindən 30-a yaxın ailə təsərrüfatı tərəfindən 128 adda 1320 qablaşdırılmış kənd təsərrüfatı məhsulları nümayiş etdirilib.
Rayonda digər sahələr də diqqətdə saxlanılıb. Meliorasiya və irriqasiya sistemlərinin yeniləşdirilməsi, sosial-mədəni və iqtisadi inkişafın mühüm sahələrindən biri olan yol tikintisi, yeni yolların çəkilişi və mövcud yolların təmiri, informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi, əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi, istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatı, transformator yarımstansiyalarının, elektrik verilişi xətlərinin təmiri və yeniləşdirilməsi işləri aparılıb. Əhalinin təbii qazla təmin olunması istiqamətində də müvafiq işlər görülüb. Rayonda iqtisadiyyatın bütün sahələrinin, eləcə də fərdi sahibkarlığın inkişaf etdirilməsi yeni iş yerlərinin açılması ilə nəticələnib, əhalinin rifah halının yaxşılaşmasına, onların məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib. Ötən il rayonda 310 yeni iş yeri açılıb. Bunun 291-i özəl sektorun payına düşüb. Yeni iş yerlərinin açılması və əhali məşğulluğunun təmin olunması rayon sakinlərinin gəlirlərinin həcminə də müsbət təsir göstərib, onların alıcılıq qabiliyyəti güclənib.
Ötən il təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət sahələrində də uğurlu nəticələr əldə olunub. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2017-2018-ci tədris ilində rayon məktəblərinin 346 məzunundan 282 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 171-i ali, 32-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məzunlardan biri yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülüb. Səhiyyə və mədəniyyət sahələrində də qazanılan uğurlar da hərtərəfli dövlət qayğısının ifadəsi kimi diqqəti çəkir.
Culfa rayonunda bütün istiqamətlər üzrə həyata keçirilən kompleks tədbirlər, göstərilən davamlı dövlət qayğısı, rayon sakinlərinin qurub-yaratmaq əzmi bunu deməyə əsas verir ki, əldə edilən uğurlar davamlı olacaq, bölgə daha da inkişaf edəcəkdir.
Güntac Şahməmmədli