Naxçıvan Muxtar Respublikasının ərazisi kənd təsərrüfatının inkişafı üçün münbit şəraitə malikdir. Son illərdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və çoxsaylı tədbirlər öz bəhrələrini verib. Hazırda ümumi daxili məhsul istehsalında sənaye sahəsi ilk yeri tutsa da, kənd təsərrüfatı məhsullarının istehsal həcmindəki artım bütün sahələrdən öndədir. Bu isə, hər şeydən əvvəl, aqrar sektora göstərilən böyük dövlət qayğısı ilə əlaqədardır. Bu qayğını 2018-ci ilin timsalında daha aydın görmək mümkündür.
Hər şeydən əvvəl, onu vurğulayaq ki, muxtar respublikada aqrar sahənin elmi şəkildə inkişafı təməl prinsiplərdən sayılır. Bunun nəticəsidir ki, ötən il Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi, həmçinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsi üçün yeni inzibati bina istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş Aqrokimya Laboratoriyası yaradılmışdır. Əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də taxılçılıq əkinçilikdə üstünlüyünü qoruyub saxlamış, yaradılmış şərait nəticəsində yüksəkkeyfiyyətli toxum sortlarından istifadə olunaraq ötən ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 52 faizindən çoxunda, yəni 32 min 483 hektarda taxıl səpini aparılmış, zəmilərdən 97 min 689 ton məhsul yığılmışdır.
Son bir neçə ildə əkinçilikdə diqqətçəkən məhsul növlərindən biri də qarğıdalıdır. Həm heyvandarlıqda, həm də ərzaq təminatında əhəmiyyətli rol oynayan qarğıdalı, eyni zamanda torpaq mülkiyyətçilərinin yaxşı qazanc əldə etməsinə geniş imkanlar açır. 2018-ci ildə 1174 hektar qarğıdalı əkini sahəsindən 10 min 524 ton məhsul tədarük olunmuş, məhsuldarlıq hər hektardan 90 sentnerə çatmış, 2017-ci illə müqayisədə 19 faiz artmışdır.
Bu gün muxtar respublikada torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin gücləndirilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin təmin edilməsi kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmışdır. Digər sahələrə diqqət etsək, görərik ki, 2018-ci ildə 6 min 183 hektar sahədə tərəvəz, 2 min 776 hektar sahədə bostan məhsulları əkinləri həyata keçirilmiş, yeni meyvə bağlarının salınması davam etdirilmişdir. Üzümçülüyün inkişafını təmin etmək məqsədilə yerli imkanlardan səmərəli istifadə olunmuşdur. Bundan əlavə, tütünçülüyün inkişafı üçün də bir sıra tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparılmış, bir il öncəyə nisbətən əkin sahəsi 4,6 dəfə artırılmışdır.
Bu gün torpaq mülkiyyətçilərinin əl əməyini yüngülləşdirən, onları daha böyük torpaq sahələrini əkib-becərməyə həvəsləndirən amillər sırasında kənd təsərrüfatı texnikaları ilə təminat mühüm yer tutur. Bu amil nəzərə alınaraq hər il muxtar respublikamıza “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müxtəlif təyinatlı texnika və avadanlıqlar gətirilir. 2018-ci ildə də bu sahə diqqətdə saxlanılmış, cəmiyyətin xətti ilə müxtəlif adda 321 kənd təsərrüfatı texnikası gətirilmiş, məhsul istehsalçılarına 5 min 156 ton mineral gübrə verilmişdir.
Təbii ki, əkinçiliyin mühüm tələblərindən biri də suvarma suyuna olan ehtiyacın ödənilməsidir. Son illərdə muxtar respublikada yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da mütərəqqi suvarma şəbəkələrindən istifadənin aktuallığını artırır. Buna görədir ki, hər il muxtar respublikada aparılan meliorativ tədbirlərin həcmi artır, yeni suvarma şəbəkələri qurulur. 2018-ci ildə də bu iş davam etdirilmiş, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir.
Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişafı da ötən il diqqət mərkəzində saxlanılmış, bu məqsədlə fermerlərə 4 milyon 563 min manat həcmində kredit verilmiş, yeni heyvandarlıq təsərrüfatları yaradılmışdır. Məhsuldarlığı yüksəltmək, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma tədbirlərinin əhatə dairəsi genişləndirilmiş, Babək rayonunda Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanmışdır. Ümumilikdə isə, 2018-ci ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatının müxtəlif sahələri üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlara 5 milyon 346 min manat kredit verilmişdir.
Nəzərə almaq lazımdır ki, bu gün muxtar respublikamızda əhalinin ilin istənilən fəslində müxtəlif kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında həm istixana komplekslərinin, həm də soyuducu anbarların böyük rolu var. Bu gün artıq muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ümumi tutumu 14 min 245 ton olan 33 soyuducu anbar fəaliyyət göstərir. Eyni zamanda ümumi sahəsi 129 min 162 kvadratmetr olan 22 istixana kompleksi mövcuddur.
Bunu da vurğulamaq lazımdır ki, kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı həyata keçirilən tədbirlərdən biri də bu istiqamətdə müxtəlif festivalların keçirilməsidir. Bu, 2018-ci ildə də davam etdirilmişdir. Ənənəvi olaraq keçirilən “Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatı məhsulları” festivalları artıq torpaq mülkiyyətçisinin öz məhsulunu daha çox istehlakçıya tanıtmaq imkanı qazandırmışdır. Bu festivallarda iştirak edən ailə təsərrüfatlarının da iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında mühüm rolu var. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması isə kənd təsərrüfatı sahəsində daha böyük perspektivlərdən xəbər verir.
Təbii ki, kənd təsərrüfatı sahəsinə göstərilən böyük dövlət qayğısı özünü əldə olunan nəticələrdə bir daha göstərir. Belə ki, 2018-ci ildə muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2017-ci illə müqayisədə 4 faiz çoxdur. Ümumilikdə isə, kənd təsərrüfatının inkişafı üçün atılan addımlar bu sahənin davamlı inkişafını təmin etməklə yanaşı, həm də iqtisadi sabitliyin qorunub saxlanılmasına öz töhfəsini verir.
Səbuhi Həsənov