Naxçıvan Muxtar Respublikasında əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması xarici iş adamlarının da bölgəmizə investisiya yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olmuşdur. Belə müəssisələrdən biri də Naxçıvan şəhərindəki Şəhriyar 1 ünvanında fəaliyyətə başlayan “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Nuhçıxan” MMC-nin əməkdaşı Onur Qaraxan söhbətində qeyd etdi ki, əvvəllər Naxçıvana, sadəcə, turist kimi səfərlər edərdik. Bu bölgədə özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraiti görüb biz də investisiya qoymaqla yeni bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılmış binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Təqribən, bir il müddətində inşaat işləri başa çatdırıldı. Layihəyə uyğun tikilən üçmərtəbəli binada istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilmişdir. Ümumilikdə, müəssisə üçün ayrılmış binanın yenidən qurulmasına və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon manat vəsait sərf olunmuşdur.
Müəssisədə tibb vasitələrinin istehsalı, yuyucu, təmizləyici maddələr və plastmas taraların istehsalı sahəsi fəaliyyət göstərir. Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmış müəssisədə istehsal prosesi avtomatlaşdırılmışdır. Türkiyə, Fransa, Almaniya, İsveçrə və Rusiya Federasiyasından idxal olunan xammal reseptə uyğun olaraq, ayrı-ayrı çənlərdə qarışdırılıb hazırlanır və istehsal xəttinə buraxılır. Kompyuterlə idarəetmə mərkəzi ilə təmin olunmuş avadanlıqlarda verilmiş sifarişə uyğun hazır məhsul 500, 750 və 1 litrlik, digər istehsal xəttində isə 5 litrlik taralarda qablaşdırılır.
Müəssisədə tibb sahəsi üçün aldehidli alətdezinfeksiyaedici, etil spirti, ultrasəs müayinə üçün jele, təmizləyici və alətdezinfeksiyaedici məhlul və digər tibbi vasitələr istehsal olunur. Yuyucu və təmizləyici maddələr istehsalı sahəsində isə “İnci” saç şampunları və kremi, “Cəvahir” qab şampunları, kafel, metlax və taxta döşəmələr üçün səth təmizləyiciləri, “Ulduz” şüşətəmizləyici, “Təravət” havatəravətləndirici, “Sədəf” maye sabun və sair, ümumilikdə, 3 növdə 25 çeşiddə məhsul istehsal olunur. İstehsal gücü saatda 1600 ədəd 500, 750 qramlıq və 1 litrlik, 400 ədəd 5 litrlik taralar olan yuyucu və təmizləyici maddələr istehsalı sahəsində və saatda 250 ədəd plastmas taralar istehsalı sahəsində tələbata uyğun olaraq məhsul istehsal edilir. İstehsal olunan məhsul Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınmış “Nuhçıxan” əmtəə nişanı ilə satışa çıxarılır.
Burada müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir ki, bu da istehsal olunan məhsulun keyfiyyətlə hazırlanmasında mühüm şərtdir. Müəssisəyə daxil olan xammal və hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra satışa çıxarılır. İstehsal olunan məhsulun vaxtında və keyfiyyətlə ticarət obyektlərinə çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə 2 ədəd avtomaşın alınmışdır.
Kərəm HƏSƏNOV