23 Dekabr 2024, Bazar ertəsi

Ulu Tanrı bu qədim yurd yerindən səxavətini əsirgəməyib. Torpaqları bərəkətlidir. İnsanları isə sözün həqiqi mənasında, əsl torpaq adamlarıdır. Qonaqpərvərliklərinə, əliaçıqlıqlarına söz ola bilməz. Ağsaqqal sözü dəstəlilər üçün yazılmamış qanundur. Süfrələrinin günü-gündən artan bərəkəti də, düşünürəm ki, onların zəhmətə bağlılıqları və ağsaqqala böyük ehtiram göstərmələrindəndir. İlin bütün fəsillərində heç bir dəstəlinin süfrəsi təzə-tər göyərtisiz olmur. Yəni hər bir kənd adamının həyətində bir və ya bir neçə istixana var. Yeri gəlmişkən onu da qeyd edək ki, Ordubad rayonunun əhalisinin böyük bir qismini tərəvəz məhsulları ilə təmin edən bu yaşayış məntəqəsinin sakinləridir. Elə Naxçıvan şəhərinin dükan-bazarlarında da ilboyu bu kəndin məhsulları çoxluq təşkil edir. Maraqlı fakt odur ki, Dəstədə ən yüksəkvəzifəli şəxsdən tutmuş ən sadə kənd adamına kimi hər kəs öz torpağında bazar üçün nə isə yetişdirir.

Doğulub boya-başa çatdığım yaşayış məntəqəsindən 6-7 kilometr aralı olan Dəstəni həmişə belə görmüşəm. Muxtar respublikada yeni təsərrüfat formasının – ailə təsərrüfatlarının tətbiq olunduğu bir dövrdə Dəstədə torpağa bağlılıq daha da artıb. Bir məsələni xüsusi vurğulamağı lazım bilirəm. Sovet dönəmində bu kənddəki ictimai təsərrüfatda 1000 hektardan artıq ərik bağı olub. Bu bağlardan tədarük edilən məhsullar o vaxt rayon mərkəzində fəaliyyət göstərən konserv zavodunu xammalla təchiz etməklə yanaşı, Rusiyanın Moskva şəhərindən tutmuş SSRİ-nin ən ucqarlarında belə, özünə alıcı qüvvəsi tapmışdı. Ötən əsrin sonlarında o bağlardakı ağacların kökünə balta vuruldu. Ancaq ata-babalarımızın “Su gələn arxa bir də gələr” məsəli özünü bu kənddə də doğruldub. Artıq Dəstənin meyvəçilik şöhrəti özünə qaytarılmaqdadır. Son illərdə muxtar respublikada həyata keçirilən bağsalma və yaşıllaşdırma tədbirlərində dəstəlilərin fəallığı təbiidir. Çünki onlar tarixən bu işlə məşğul olublar. Onu da qeyd edək ki, bu gün kənddə onlarla ailə tingçilik təsərrüfatı yaradıb. Belə təsərrüfat sahiblərindən biri Yusif Yusifov deyir ki, bir neçə ildir, bu işlə məşğuldur. Tingçilik həm iqtisadi cəhətdən sərfəli gəlir sahəsidir, həm də savab və xeyirxah işdir. Bu işdə o, ailəsi ilə birgə çalışır. Yetişdirdikləri tinglərə muxtar respublika ilə yanaşı, paytaxt Bakı şəhərindən də sifarişlər gəlir. Əsasən, yerli meyvə sortlarına üstünlük verən belə təsərrüfatların sayı get-gedə artmaqdadır.

Dəstəlilər həm tərəvəzçilikdə, həm də meyvəçilikdə göstərdikləri fəallıqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla başa çatdırılmış “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na öz töhfələrini veriblər. 2016-cı il 8 fevral tarixdə imzalanan ikinci Sərəncamın uğurlu icrasında dəstəlilər bu sərfəli məşğuliyyət sahələrində öz fəallıqlarını daha da artırıblar. Bunun ifadəsidir ki, ötən il kəndin ərazisində 4,5 hektar sahədə meyvə bağı salınıb, 3565 ədəd ting əkilib. 1 hektar sahə isə toxmacarlıq üçün ayrılıb, burada yerli ərik və badam tingləri yetişdirilir.
Dəstədə ailə təsərrüfatları çoxdur. Onlar kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olurlar. Oxucularımız da bilməmiş deyillər ki, Ordubad rayonu ölkəmizdə ən keyfiyyətli limon yetişdirilən bölgədir. Hazırda Dəstə kəndində limon yetişdirməklə məşğul olan 3 ailə təsərrüfatı var. Bir ailə təsərrüfatı küknar ağacları yetişdirməyə üstünlük verib.
Ordubadda çoxlarının işlətdiyi bir ifadə var: Dəstəlilər daşdan da çörəkpulu çıxarmağı bacarırlar. Ancaq burada da onların bəxti gətirib ki, Dəstə kəndinin torpaqları çox münbitdir. Bu torpaqlarda meyvəçilik və tərəvəzçiliklə yanaşı, digər kənd təsərrüfatı məhsulları yetişdirirlər. Bu sahələr içərisində taxılçılıq ən önəmli yerlərdən birini tutur. Hər il bu yaşayış məntəqəsinin torpaq mülkiyyətçilərinin çoxu öz sahəsinin böyük bir hissəsini taxılçılıq üçün ayırır. Cari ilin məhsulu üçün dəstəli taxılçılar ötən ilin payızında 285 hektar sahədə taxıl əkiblər. Torpaq mülkiyyətçiləri əlverişli hava şəraitindən istifadə edərək yazlıq taxıl əkini üçün nəzərdə tutduqları sahələrdə şum qaldırılmasını da başa çatdırıblar. Kənddə quruculuq tədbirləri çərçivəsində suvarma suyunu təmizləmək üçün 2 hovuzun tikilməsi, “Dəstə-2” nasos stansiyasının 250 metrlik təzyiqli boru xəttinin yerinin dəyişdirilməsi, Vənənd çayında 500 metr istiqamətləndirici bəndin tikilməsi, 200 metr sahilbərkitmə işlərinin aparılması, həmçinin aqrolizinq xidmətlərindən səmərəli istifadəyə şərait yaradılması, bir neçə il əvvəl kənd ərazisində un dəyirmanının istifadəyə verilməsi taxılçılığa, ümumilikdə isə əkinçiliyə marağı xeyli artırıb.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zülfü Şirinov deyir ki, 1149 təsərrüfatda 5124 sakinin yaşadığı bu qədim yaşayış məntəqəsi torpağa bağlılığın, zəhmətsevərliyin canlı nümunəsidir. Torpaq onların daimi iş yeridir. Sovet dönəmində də belə olub. Ancaq o vaxt quruluşun müəyyən qadağaları torpaq kimi qiymətli bir sərvətdən öz gücləri səviyyəsində istifadə etməyə dəstəlilərə imkan vermirdi. Bu gün artıq kəndli öz torpağının həqiqi sahibidir, həmin torpaqlarda kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirməyə imkan qazanıb. Bu da onların həyat tərzində, yaşayış səviyyəsində özünü göstərir.
Züflü Şirinovun sözlərinə görə, Dəstədə üç böyük topdansatış tikinti materialları, 2 mebel mağazası, 2 plastik qapı-pəncərə hazırlanan sex, 1 şadlıq sarayı, 2 ticarət mərkəzi, 3 mağaza, 1 çörəkbişirmə sexinin fəaliyyət göstərməsi sakinlərin son illərdə qazandıqları uğurların göstəricisidir. Kəndin, demək olar ki, hər evinin qapısında bir minik avtomobili var. Dəstədə hər il 15-20 yeni ev tikilir.
Cari ildə Dəstədə yeni obyektlərin istifadəyə verilməsi isə kənd sakinləri tərəfindən onlara göstərilən davamlı qayğı kimi minnətdarlıqla qarşılanır. Muxtar respublikamızda tərəqqi və sabitliyin bəhrəsi olan belə quruculuq tədbirləri, eyni zamanda insan amilinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilir. Kənddə aparılan kompleks tədbirlər hesabına məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilərək, yollar yenidən qurularaq istifadəyə verilib.
Onu da deyək ki, 2019-cu ildə muxtar respublikamızda ilk məktəb binası Dəstə kəndində pedaqoji kollektivə ərməğan edilib. Məktəbin direktoru Abbas Qasımovun sözlərinə görə, bu yaşayış məntəqəsində güclü maarifçilik ənənələri formalaşdırılıb. Mərhum dilçi professorlar Şirəli və Nəsir Məmmədovlar, tibb üzrə fəlsəfə doktorları Əkbər İsgəndərov və Rizvan Əliyev orta təhsillərini Dəstə kənd orta məktəbində alıblar. Hazırda Moskva Dövlət Universitetinin Kimya kafedrasının müdiri vəzifəsində çalışan Hüseynqulu Sadiqov, Azərbaycan Dövlət Dillər İnstitutunun müəllimi professor Şaban Şabanov, Bakı Dövlət Universitetinin professoru Sadıq Məmmədov və başqaları ilə dəstəlilər, haqlı olaraq, fəxr edirlər. Yeni məktəb binası isə onların davamçılarının yetişdirilməsinə imkan açacaq. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla, 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər və psixoloq otaqları, kitabxana, idman zalı və bufet vardır. Təhsil müəssisəsində zəngin kitabxana fondu yaradılıb. Müəllim və şagirdlərin ixtiyarına müasir elektron lövhələr və 63 kompüter verilib. Məktəbdə 2 şahmat sinfinin yaradılması bir neçə ölkə və beynəlxalq şahmat yarışında iştirak edən və mükafatlarla qayıdan məktəbin şagirdi Elçin Rzayevin ardıcıllarının yetişməsinə imkan verəcək.
Məktəbin müəllimləri ilə söhbət zamanı təkcə muxtar respublikanın deyil, ölkəmizin ən böyük kənd yaşayış məntəqələrindən biri olan, Naxçıvan-Ordubad magistral yolundan başlayaraq Araz çayına qədər uzanan bu kəndin adının mənasını elə məktəbdə öyrənmək istədik. Məktəbdə tarix fənnini tədris edən Azərbaycan Respublikasının Əməkdar müəllimi Hüseynəli Bağırov bildirdi ki, “Dəstə” adı müxtəlif mənalarda yozulur. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırova görə, bu ad əl – yəni “bir-birini tamamlayan beş barmağın hamısı” mənasında işlənir və deyilənə görə, kəndin əsası beş ailə tərəfindən qoyulduğu üçün buraya “Dəst” adı verilib. “Dəst” sözünə “ə” şəkilçisi sonradan artırılıb. “Dəstə” sözü “qulp”, “bir neçə adamın bir yerdə olması” mənasını da bildirir.
Müxtəlif mənbələrə əsaslanan Q.Qeybullayev isə bu adı Zəngəzur uezdində yaşayan Xocamusaqlı tayfası ilə əlaqələndirir və “Dəstə” sözünün kənd anlamında işləndiyini yazır. Digər fikrə görə, “dəstə” – “kənd”, “mülk”, “bağ”, “malikanə” isə “dəstə” – “tərəf”, “yer” mənasındadır. “Dəstə” adı ilə bağlı belə bir inandırıcı fikir də vurğulanır ki, vaxtilə Ordubadda yerləşən qoşunun bir hissəsi müvəqqəti olaraq bu ərazidə sığınacaq aldığına görə buraya “dəstə”, “alay” deyirmişlər. Güman olunur ki, hərbi hissənin yeri tədricən yaşayış məntəqəsinə çevrilib və kənd “alay” mənasını bildirən “Dəstə” sözünü özündə saxlayıb.
Böyük ziyalı qüvvəsinin cəmləşdiyi məktəbin müəllimləri vurğuladılar ki, kənddə irihəcmli quruculuq işlərinin görülməsi bir neçə il əvvəlki tədbirlərin davamıdır. Yeni məktəb binası paytaxt Naxçıvan şəhərindəki məktəb binalarından seçilmir, şagird yerinə görə isə muxtar respublikada son illərdə inşa olunmuş ən böyük obyektlərdən biridir. Elə istifadəyə verilmiş digər obyektlər də Dəstəyə qəsəbə görkəmi gətirib. Bu, dəstəlilərin məsuliyyət hissini daha da artırıb, doğma torpağa bağlılıqlarını gücləndirib.
Dəstədə istifadəyə verilən kənd mərkəzində yaşayış məntəqəsinin bütün dövlət və idarəetmə orqanları üçün müasir iş şəraiti yaradılmış otaqlar ayrılıb. Burada yeni nəsil texnologiyalara əsaslanan 704 nömrə tutumlu ATS quraşdırılıb, geniş­zolaqlı internetə çıxış imkanı yaradılıb. Hazırda kənddə 518 telefon və 370 internet istifadəçisi vardır.
Kənd mərkəzi ilə yanaşı olan binada ambulatoriya fəaliyyət göstərir. 11 otaqdan ibarət yeni səhiyyə müəssisəsində müasir iş otaqları kollektivin ixtiyarına verilib. Otaqlar müxtəlif tibbi avadanlıqlarla təchiz edilib. Ambulatoriyanın baş həkimi, Azərbaycan Respublikasının Əməkdar həkimi Xırdaxanım Ağayeva deyir ki, böyük yaşayış məntəqəsi olduğu üçün kənddə müasir tələblərə cavab verən səhiyyə müəssisəsinə ciddi ehtiyac var idi. Artıq bu ehtiyacımız ödənilib. Ambulatoriyanın kollektivi bizə göstərilən bu qayğı müqabilində öz işini dəstəlilərin sağlamlıqlarının qorunması istiqamətində qurmağa səy göstərir. Həm kollektivimizə, həm də dəstəlilərə göstərilən belə qayğıya görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Yeniliklərdən biri isə kənd yolunun müasir tələblər səviyyəsində işlənməsidir. Belə ki, 5,5 kilometrlik kənd yolu genişləndirilərək asfalt örtük salınıb, digər zəruri quruculuq tədbirləri həyata keçirilib, “Mədəniy­yət yoldan başlanır” deyimi bu yaşayış məntəqəsində də özünü doğruldub.
Kəndin ən qocaman sakini – 95 yaşlı Şaban Qasımov: – Dəstə bu gün müasirliyə qovuşmuş yaşayış məntəqəsidir. Burada geniş qurucu­luq işləri aparılıb. O bildirir ki, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dəstəli mərhum şair Hüseyn Razi hələ 30-40 il bundan əvvəl doğulub, boya-başa çatdığı kəndin bu gününü sanki görürdü:

Xan Araz asılıb ətəklərindən,
Arxası söykənib Kəmki dağına.
Heyrətlə, vüqarla baxıram mən də
Dəstənin bugünkü xoş növrağına.

Çiçək dənizinə axır nur seli,
Bağ-bağat dumandan, buluddan çıxır.
Arazın dəlisov quzey sahili
Şirin nəğmələrlə sükutdan çıxır.

Dəstə kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.
Mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir.
Dəstə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zülfü Şirinovla söhbətimizi davam etdiririk. O bildirir ki, quruculuq tədbirləri bununla məhdudlaşmır. Kompleks tədbirlər çərçivəsində 5400 metr yeni içməli su xətti çəkilib, kənddaxili məhəllələrdə 20 bulaq tikilib. Kəndin rabitə, elektrik və qaz xətləri də yenilənib, 1300 metr yeraltı rabitə, 1500 metr elektrik xətti çəkilib, 8 transformator yarımstansiyası əsaslı təmir olunub. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılıb, 390 metr yeni qaz xətti çəkilib, 8882 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb.

Kənd sakinləri Zeynal Zeynalov, Lətif Tağıyev və başqaları da doğma yurd yerlərinin müasirliyə qovuşmasından fərəh duyur, Ali Məclis Sədrinə minnətdarlıqlarını öz ürək sözləri ilə bildirirlər: – Yaradılan bu şərait sakinlərin rahat yaşayışına xidmət etməklə yanaşı, həm də bir kəndin timsalında ölkəmizin inkişafının göstəricisidir. Kəndin bundan sonrakı inkişafı, qurulanların qorunması isə bizim üzərimizə düşən vəzifədir. Kənd camaatı bunu dərindən dərk edir, həyata keçirilən tədbirləri yüksək dəyərləndirir, muxtar respublikamızın daha da gözəlləşməsi, çiçəklənməsi istiqamətində görülən bütün işlərdə fəallıq göstərməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR