Vergi qanunvericiliyindəki dəyişikliklər son vaxtlar ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Biz də bunu nəzərə alaraq oxucularımızı bu mövzuda məlumatlandırmaq üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramovla həmsöhbət olduq. O dedi:
– Vergi islahatlarının əsas nəticəsi vergiödəyicilərinin vergi yükünün azaldılmasına xidmət edir. Ümumilikdə, ölkənin Vergi Məcəlləsinə 240-dan çox əlavə və dəyişikliklər olunub. Onlar əsas beş istiqaməti – sahibkarlığa dəstəyi, iqtisadi şəffaflığın təmin olunmasını və iqtisadiyyatda “kölgə” sektorunun payının azaldılmasını, vergi tutumu bazasının genişləndirilməsini, vergi nəzarətinin mükəmməlləşdirilməsini, sahibkarlar üçün güzəşt və azadolunmaların effektivliyinin artırılmasını özündə birləşdirir.
“Vergi sahəsində aparılan islahatlar, ümumilikdə, vergiödəyicilərində vergi ödənişi mədəniyyətinin aşılanmasına yönəldilib. Belə ki, vergi islahatları və gəlir vergisindən azadedilmə 2019-cu ildə ölkə üzrə dövlət büdcəsinə daxil olan vəsaitlərin 316 milyon manata qədər azalmasına gətirib çıxaracaq. Aparılan bu islahatın başlıca məqsədlərindən biri mikroiqtisadiyyata və kiçik biznesin inkişafına təkan verməkdir. Sadələşdirilmiş vergi məbləğinin 2 faizə endirilməsi (bu vaxta qədər Bakı ərazisində fəaliyyətə görə 4 faiz sadələşdirilmiş vergi tutulurdu) ilə bağlı qərar məhz buna xidmət edəcək”, – deyən müsahibim izah edir: – Dövlət kiçik biznesin inkişafı üçün əlverişli şərait yaradan zaman sahibkarlar tərəfindən vergi güzəştləri ilə bağlı sui-istifadə hallarına yol verilməməsi üçün bir sıra konkret addımlar atıb. Aparılan son dəyişikliklər çərçivəsində sadələşdirilmiş vergiödəyicisi statusuna malik şəxslərin halqası daralıb. Xüsusilə sözügedən status bundan sonra hüquqi şəxslərə xidmət göstərən vergi ödəyicilərinə, həmçinin qızıl, qızıl məmulatları, almaz, dəri və xəz məmulatlarının alqı-satqısı ilə məşğul olan sahibkarlara şamil olunmayacaq. Həmçinin lisenziya əsasında (tikinti sahəsini çıxmaq şərtilə) fəaliyyət göstərən şəxslər artıq sadələşdirilmiş vergi ödəmək məcburiyyətində qalmayacaq.
Qəzənfər Bayramovun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin aparılması üçün əlverişli şərait, ilk növbədə, mikrobiznes üçün yaradılıb. Yeni meyarlara görə, Azərbaycanda biznes üç deyil, dörd kateqoriyaya bölünür: iri, orta, kiçik və yeni əlavə olunan anlayış – mikrobiznes. Nazirlər Kabinetinin qərarına əsasən mikrobiznesə ştatında 1-dən 10-a kimi işçisi olan və illik gəlirləri 200 min manatdan çox olmayan müəssisələr aiddir. Kiçik müəssisələrə ştatında 11-dən 50-yə kimi işçiyə və illik gəlirləri 200 min manatdan 3 milyon manata malik şirkətlər daxildir. Orta müəssisələr kateqoriyasına ştatında 51-dən 250-yə qədər işçisi olan və illik gəlirləri 3 milyondan 30 milyon manata qədər olan müəssisələr aiddir. Nəhayət, iri müəssisələr ştatında 250-dən çox işçisi və illik gəlirləri 30 milyon manatı üstələyən müəssisələr hesab olunur.
Vergi Məcəlləsində aparılan dəyişikliklərə əsasən sahibkarlar kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) vahid reyestrində qeydiyyata alındıqları andan yeddi il müddətinə gəlir və ya mənfəət, torpaq və əmlak vergisindən azad ediləcək. Bundan başqa, KOB klaster seqmentinin “startap”ları üç il müddətinə gəlir və mənfəət vergisindən azad olunacaqlar.
Mikrobiznes kateqoriyasına daxil olan vergiödəyicilərinə vergi ilə bağlı tətbiq ediləcək güzəştlər haqqında sorğumuzu da cavablandıran həmsöhbətim vurğuladı ki, həmin vergiödəyicilərdən daxil olan gəlirlərin 75 faizi vergidən azad olunacaq, biznesmenin yalnız yerdə qalan 25 faiz gəlirindən 20 faiz gəlir tutulacaq. Yanvarın 1-dən (2019-cu il) etibarən sabit məbləğdə vergi ödəyən vergiödəyicilərinin siyahısına (fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər) dərzilər, ofisiantlar və bərbərlər əlavə olunub. Belə ki, bu peşələrin nümayəndələri (özlərinə muzdlu işçilər götürməyəcəkləri təqdirdə) müvafiq sahələrdə fəaliyyət üçün bir ay, bir rüb, yarım il və ya bir il müddətinə xüsusi icazələr almalı və vergi qurumunun tələbi ilə sabit verginin ödənilməsi haqqında qəbz təqdim etməli olacaqlar. Onlar hər hansı hesabat verməyəcəklər. Bu kateqoriyaya aid fiziki şəxslərdən tutulan aylıq sabit vergi bərbərlər üçün 15, dərzilər və ofisiantlar üçün 10 manat təşkil edəcək. Xidmətlərin göstəriləcəyi yerdən asılı olaraq vergi haqqının hesablanmasında əmsallar da tətbiq olunacaq (Naxçıvan şəhəri üzrə əmsal 1, muxtar respublikanın digər yerləri üzrə isə əmsal 0,5-dir).
Gəlir vergisi və sosial sığorta ilə bağlı yeniliklərin də əhəmiyyətindən bəhs edən Qəzənfər Bayramov bildirdi ki, qeyri-neft sektorunda çalışan və aylıq gəlirləri səkkiz min manatdan aşağı olan işçilərin yeddi il müddətinə gəlir vergisindən azad edilməsi inqilabi bir dəyişiklik oldu. Aylıq gəliri qeyd olunan məbləğdən yuxarı olan vergiödəyiciləri üçün isə vergi 14 faiz səviyyəsində təsbit olunub. Xatırladaq ki, bundan əvvəl 2500 manata qədər qazanc əldə edənlər 14, 2500-dən çox gəliri olanlar isə 25 faiz vergi ödəyirdi.
Bundan başqa, əmək müqaviləsi əsasında məcburi dövlət sosial sığortası üzrə ödənişlərin əsas yükü sahibkarların çiyninə düşürdü. Bu məsələ də diqqətdən kənarda qalmayıb. Belə ki, dəyişikliklərə əsasən işçinin aylıq əməkhaqqı 200 manat təşkil edəcəyi halda, məcburi dövlət sosial sığorta ayırmaları cari səviyyədə qalacaq – maaşının 3 faizini işçi, 22 faizini işəgötürən ödəyir. Ancaq işçinin aldığı əməkhaqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat və 200 manatdan artıq məbləğin 10 faizi miqdarında sosial sığortahaqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat və 200 manatdan artıq məbləğin 15 faizi miqdarında sığortahaqqı ödəyəcək. Bu dəyişikliklər özəl sektorda çalışan (neft-qaz sahəsinə aid olmayan) işçilərə şamil olunur. Yeri gəlmişkən, məcburi sosial sığorta və işsizlikdən sığorta ödənişlərinə nəzarət Vergilər Nazirliyinə həvalə edilib.
“Həyata keçirilən vergi islahatları “kölgə“ iqtisadiyyatının payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Düzdür, cari vergi islahatlarından ilkin mərhələdə büdcə maddi ziyan görəcək, lakin sonda vergitutma bazasının genişlənməsi və “kölgə” iqtisadiyyatının “ixtisarı” hesabına büdcəyə qeyri-neft sektorundan daxil olan vəsaitlərin həcmi artacaq. Bu isə, öz növbəsində, təqaüd və cəmiyyətin həssas təbəqəsi üçün nəzərdə tutulan müxtəlif sosial müavinətlərin artırılması hesabına ölkə vətəndaşlarının rifahının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək”, – deyə müsahibim bildirdi.
Aparılan dəyişikliklərin, ümumilikdə, vergiödəyicilərinin maliyyə imkanlarının artırılmasına yönəldiyini diqqətə çatdıran müsahibim onu da əlavə etdi ki, son 10 ilə nəzər salsaq, bu vaxta qədər dünyanın heç bir ölkəsində belə genişmiqyaslı vergi islahatları aparılmayıb.
Ramiyyə ƏKBƏROVA