Üzümçülük Naxçıvan Muxtar Respublikasında tarixən kənd təsərrüfatının əsas sahələrindən biri olub. Əlverişli iqlim şəraiti bu ərazidə xalq seleksiyası yolu ilə 120-dən çox üzüm sortunun yaranmasına və becərilməsinə imkan verib. Azərbaycanın üzüm genofondunda Naxçıvanda yayılan üzüm sortları yüksək keyfiyyəti, şəkərliliyi, bioloji xüsusiyyətləri ilə fərqlənir. Mənbələrə əsaslanaraq qeyd edə bilərik ki, muxtar respublikamızda üzümçülüyün tarixi çox qədimdir. Belə ki, aparılan araşdırmalar nəticəsində bu tarixin bizim eradan əvvəl III minilliyə gedib çıxdığı sübuta yetirilib.
Müxtəlif dövrlərdə tənəzzülə uğrayan bu təsərrüfat sahəsinin yenidən inkişaf etdirilməsinə artıq illərdir ki, diqqət xeyli artırılıb.
Bununla bağlı daha ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin laboratoriya müdiri Pənah Məhərrəmovla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan ərazisində xalq seleksiyası yolu ilə torpaq-iqlim şəraitinə uyğun seçilmiş üzüm sortlarının əksəriyyəti yetişdirildiyi ərazinin, kəndlərin və ya şəxslərin adları ilə adlandırılıb. Naxçıvanın qara üzümü, Ordubadi, Bənəniyari, Zeynəddin üzümü, Şahtaxtı, Ağ aldərə, həmçinin Hüseyni, Xatını, Cəlali, Xəlili, Əsgəri, Muxtari kimi üzüm sortları buna misal ola bilər. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə üzümçülük, əsasən, şərab hazırlanması istiqamətində inkişaf etdirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil edib. Qeyd olunan dövrdə mələyi, ağ aldərə, qara üzüm, xətmi, hənəqırna kimi üzüm sortları becərilirdi. İslam dininin qəbul edilməsindən sonra isə şərab istehsalı qadağan olunduğundan süfrə sortlarının becərilməsinə üstünlük verilib. Tarixi mənbələrdə bu ərazidə çoxlu sayda kişmiş və süfrə sortlarının becərildiyi bildirilir. Həmin dövrlərdə üzümdən kişmiş və mövüc istehsal edilib, hətta Yaxın Şərq ölkələrinə də ixrac olunub.
Müsahibimin sözlərinə görə, vaxtilə bu bölgədə becərilən üzüm sortları səyyahların, tacirlərin diqqətini cəlb edib, bu sortlar digər ölkələrə aparılaraq orada becərilib və adları dəyişdirilib. Hazırda ərazisi qədim türk torpaqları olan indiki Qərbi Azərbaycanda becərilən üzüm sortlarımızın adları rəsmi qaydada dəyişdirilib.
Keçən əsrin 70-80-ci illərində bütün ölkədə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında da üzümçülük və şərabçılıq yüksək səviyyədə inkişaf etdirilib, ildə 100 min tondan artıq məhsul istehsal olunub. Lakin 1986-cı ildə keçmiş sovet hökuməti tərəfindən qəbul edilmiş “Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri barədə” qərar Azərbaycanda, o cümlədən də muxtar respublikada üzümçülüyün və şərabçılığın inkişafına ağır zərbə vurdu. 1986-cı ildən başlayaraq üzümlüklərin sahəsi və məhsul istehsalı ilbəil sürətlə azalmağa başladı və sonrakı illərdə tam tənəzzülə uğradı. Müstəqillik qazandığımız illərdə Azərbaycan Respublikasında üzümçülüyün yenidən inkişaf etdirilməsinə diqqət artmaqdadır. Bu baxımdan “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2011-ci il 15 dekabr tarixli Sərəncamla üzümçülüyün müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, əsas istiqamətləri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilib.
Pənah Məhərrəmov onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqət mərkəzindədir. Diyarımızda yeni üzüm bağları salınır, üzümlük sahələri genişləndirilir. Muxtar respublikada süfrə üzümü və ondan hazırlanan müxtəlif məhsullara tələbat da ildən-ilə artır.
Vaxtilə muxtar respublikamızda yerli şəraitə uyğun becərilmiş üzüm və taxıl sortlarının araşdırılıb çoxaldılması, yenidən istehsalata qaytarılması fonunda da böyük işlər görülür. Üzümçülüyə marağın artmasını nəzərə alaraq muxtar respublikamızda üzümün genofondu tədqiq edilərək toplanıb və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun təcrübə sahəsində 150-yə qədər sort və seleksiya yolu ilə alınmış yeni formalardan ibarət “Üzüm genofondu” kolleksiya bağı salınıb.
Vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraiti yüksəkkeyfiyyətli süfrə və texniki üzüm sortlarının becərilməsinə, şərabların, qurudulmuş kişmiş və mövücün istehsalına imkan verir. Günəşli günlərin sayının çoxluğu üzümün şəkərlilik faizinin çox olmasına, xəstəliklərə tutulmasının qarşısının alınmasına səbəb olur.
Müsahibim onu da bildirdi ki, hazırda dünyada mövcud olan 50-yə yaxın üzüm sortunun 9 növü Naxçıvanda becərilir. Fermer və torpaq sahibkarları üzüm bitkisinin inkişafında və məhsuldarlığının artırılmasında torpaqların kimyəvi tərkibinin həlledici amil olmasına diqqət yetirməlidirlər. Məlumat üçün bildirim ki, onlar muxtar respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan laboratoriyalarda həm torpaq, həm də toxumların analizlərini apara bilərlər və bu xidmətlər tamamilə ödənişsizdir.
Pənah Məhərrəmov son olaraq qeyd etdi ki, 2019-cu ilin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Ailə təsərrüfatları ili” elan edilməsi bu təsərrüfatlarda üzümçülüyün inkişafına bir daha köməklik göstərəcək, onların maddi rifahının yaxşılaşdırılmasına, Naxçıvan üzümünün şöhrətinin bərpasına öz töhfəsini verəcəkdir.
Pərviz HACILI