Fəaliyyətə başladığı on ildən artıq bir müddətdə ölkəmizin nüfuzlu banklarından birinə çevrilmiş “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirərək muxtar respublika iqtisadiyyatının inkişafına ciddi töhfələr verməkdədir.
Naxçıvanbank hazırda genişhəcmli infrastruktura və peşəkar xidməti personala malikdir. Belə ki, bankın Naxçıvan və Bakı şəhərlərində, Şərur, Culfa və Ordubad rayonlarının hər birində bir filial olmaqla, 5 filial şəbəkəsi və Naxçıvan şəhərində fəaliyyət göstərən 1 mübadilə şöbəsi vardır. Müraciət edən müştərilərə lazım olan hər növ bank əməliyyatları, kreditlərin verilməsi, ödəniş kartları, pul köçürmələri, kommunal xidmət haqlarının ödənilməsi, əməkhaqqı ödənişləri, hesablaşma xəzinə xidmətləri və digər xidmətlər təklif olunur. Kreditlərə gəldikdə, Naxçıvanbankın müştəriləri ölkəmiz üzrə ən aşağı faiz dərəcələri ilə bir sıra kredit məhsulları əldə edə bilirlər. Belə ki, bankın verdiyi istehlak kreditləri 24 ay müddətinə illik 17 faiz, kart kreditləri 12 ay müddətinə 18 faiz, avtomobil kreditləri 36 ay müddətinə illik 17 və 18 faiz, bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditləri 10 il müddətinə 10 faiz, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri 25 və 30 il müddətinə 4 və 8 faiz dərəcəsilə təklif olunur.
Bununla yanaşı, Naxçıvanbank kənd təsərrüfatının inkişafına da böyük dəstək olan kreditlər təklif edir. Belə ki, bank tərəfindən əkinçilik üzrə 12 ay müddətinə 13 faiz, heyvandarlıq, quşçuluq, arıçılıq və digər sahələr üzrə 24 ay müddətinə 15 faiz dərəcəsilə kreditlər təklif olunmaqdadır. Ümumilikdə isə biznes kreditləri 15 faiz dərəcəsilə ilə 24 ay müddətinə təklif edilməkdədir. Bank həmçinin müvəkkil bank kimi öz müştərilərinə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2, 5 və 8 il müddətinə illik 5 faiz dərəcəsilə güzəştli sahibkarlıq kreditləri də verməkdədir.
Banka müraciət edən müştərilərlə aparılan operativ işlərin nəticəsidir ki, 31 dekabr 2018-ci il tarixədək Naxçıvanbankın kredit portfeli artaraq 64 milyon 854 min manata çatıb. Bu portfelin 7 milyon 430 min manatı ipoteka, 12 milyon 982 min manatı istehlak, 16 milyon 372 min manatı biznes, 23 milyon 285 min manatı sənaye kreditlərinin, 4 milyon 785 min manatı kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin payına düşür. Təkcə ötən ilin yekunlarına baxdıqda isə bütün bunların təsadüfi olmadığı görünməkdədir. Belə ki, 2018-ci ildə bank tərəfindən 32 milyon 643 min manatdan çox kredit verilib. Bunun da 2 milyon 761 min manatı ipoteka, 5 milyon 988 min manatı sənaye, 16 milyon 899 min manatı istehlak, 4 milyon manatı kənd təsərrüfatı, 2 milyon 992 min manatı isə biznes kreditlərinin payına düşür. 2018-ci ildə bankın ipoteka kreditləri vasitəsilə 67 ailə mənzillə təmin edilib. Göründüyü kimi, əhali, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər üçün “Naxçıvanbank” ASC ən böyük maliyyə dəstəkçisidir.
Naxçıvanbank yeni texnologiyaların da tətbiqinə diqqət yetirərək mütərəqqi bankçılıqda özünü təsdiq edir. Belə ki, ötən il muxtar respublika ərazisində bank 42 ödəniş terminalı quraşdıraraq əhalinin istifadəsinə verib. Bununla da bütün növ kommunal, mobil operator, internet, həmçinin smartkartlar vasitəsilə istifadə olunan işıq və qazpulu ödənişlərinin həyata keçirilməsinə imkan yaradılıb. Ötən il bu terminallar vasitəsilə 345 mindən çox əməliyyat aparılaraq 1 milyon 614 min manatdan artıq məbləğdə ödənişlər edilib. Ümumilikdə isə bank tərəfindən quraşdırılaraq əhalinin istifadəsinə verilmiş 38 bankomat və 802 POS-terminalla vətəndaşlar rahat və sürətli şəkildə pul əməliyyatları apara bilirlər.
Yaradılan infrastruktur, aparılan maarifləndirmə və həvəsləndirmə tədbirləri nəticəsində banka məxsus kart istifadəçiləri ötən il ərzində 9 milyon manat həcmində elektron ödənişlər ediblər ki, bunun da 2 milyon 773 min manatı POS-terminallar, 4 milyon 577 min manatı elektron ticarət, 75 min manatı bankomatlar vasitəsilə həyata keçirilən ödənişlərin və 2 milyon manatı isə digər ödənişlərin payına düşür.
Cəmiyyətimiz sürətlə inkişaf edir və hər sahədə olduğu kimi, bank-kredit sahəsində də əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı sağlam zəminə əsaslanmaqla öz uğurlu yoluna davam edir. Bu uğurların qazanılmasında isə şübhəsiz, “Naxçıvanbank” ASC-nin də rolu böyükdür.
Əli CABBAROV