23 Dekabr 2024, Bazar ertəsi

“Muxtar respublikanın iqtisadi inkişafında diqqəti cəlb edən amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır”. 2018-ci il dekabrın 27-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun səsləndirdiyi bu fikirlər mühüm əhəmiyyəti ilə diqqət çəkir.

Hər şeydən əvvəl, xarici iqtisadi əlaqələrin inkişafı bütün dövlətlər üçün vacib sahələrdən hesab olunur. Belə əlaqələrin yaradılması isə iqtisadi potensialla yanaşı, həm də beynəlxalq əlaqələrin necə qurulmasından asılıdır. Bu isə o qədər də sadə məsələ deyil. Müasir dünya təcrübəsi də göstərir ki, bu gün belə əlaqələrin qurulması maraqlı tərəflərdən müstəqil siyasətin yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq çərçivədə öz maraqları var. Bu maraqların təmin edilməsi isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfələrini verə bilərlər. Digər tərəfdən, bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır.

Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir.
Bu gün dövlətimizin apardığı məqsədyönlü iqtisadi siyasətin bir hissəsi olmaqla ticarətin, xüsusilə xarici ticarətin tənzimlənməsi, daxili bazarın qorunması, gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, bütövlükdə, ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ticarət dövriyyəsinin artmasına, o cümlədən xarici ticarətin genişlənməsinə şərait yaradıb.
Vurğulamaq lazımdır ki, muxtar respublikada beynəlxalq iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ilk addımlar ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə atılıb. Belə ki, qonşu İran İslam və Türkiyə respublikaları ilə yaradılmış hərtərəfli əlaqələr iqtisadi sahədə də öz uğurlu nəticələrini göstərib. Həmin əlaqələrin yaradılması ilk vaxtlarda idxal məhsulları üzərində qurulsa da, sonrakı dövrlərdə milli iqtisadiyyatın inkişafı, bunun da nəticəsində yerli məhsulların istehsal həcminin artması aparılan əməliyyatlarda müsbət balansın yaranmasına imkan verib. Ötən dövrə nəzər salsaq, görərik ki, Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrində 1992-1995-ci illər idxalın həcminin artması, əsasən, gündəlik tələbat mallarının idxalı ilə xarakterizə olunur. Belə ki, əvvəlki iqtisadi əlaqələrin kəsilməsi, muxtar respublikanın blokada şəraitində olması və mövcud sənaye müəssisələrinin öz fəaliyyətlərini əsasən dayandırması bu dövrdə vacib yeyinti məhsullarına olan tələbatın idxal hesabına ödənilməsini labüd etmişdi. Eləcə də bu dövr xarici ticarətdə barter əməliyyatlarının üstünlük təşkil etməsi, idxalın dəyər və həcminin artması ilə xarakterizə olunur. İdxalın artmasının bir səbəbi də xarici iş adamlarının ticarət əlaqələrinin qurulmasında maraqlarının artmasından, eləcə də elektrik enerjisinin idxalından ibarət olmuşdur. 1996-2000-ci illər isə Naxçıvan Muxtar Respublikasında xarici ticarətin formalaşdırılması dövrü kimi səciyyələnir. 2001-ci ildən başlayaraq muxtar respublikada xarici ticarət əlaqələrinin tənzimlənməsi sahəsində qanun­vericiliyin yenilənməsinə, gömrük orqanlarının işinin daha da təkmilləşdirilməsinə, bu orqan strukturlarının texniki təchizatının tam yeniləşməsinə, yerli sahibkarların maraqlarının nəzərə alınmasına, idxalın istehlak yönümlülüyünün istehsal xarakterli məhsullarla yenilənməsinə başlanılmışdır. Bu dövrdə muxtar respublikanın iqtisadiyyatı ona bilavasitə təsir göstərən xarici ticarət əlaqələrilə paralel surətdə inkişaf etmişdir.
2001-2008-ci illərdə muxtar respublikada xarici ticarət dövriyyəsinin artan dinamikası davam etmişdir ki, bu da Naxçıvanın sosial-iqtisadi inkişafı, dünyaya açılması, yerli istehsal məhsullarının xarici bazarlara yol açması, xarici iş adamlarının maraq dairəsinə düşməsi, yerli sahibkarlığın daha da inkişaf etməsi ilə səciyyələnir. Nəhayət, xarici ticarət dövriyyəsinin ildən-ilə artımı 2009-cu ildən müsbət saldonun qeydə alınmasına səbəb olmuş və növbəti illərdə dövriyyə həcminin genişlənməsinə paralel olaraq müsbət saldonun payı da artmışdır.
Ötən dövrdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı digər sahələrdə olduğu kimi, xarici iqtisadi əlaqələrin genişləndirilməsinə də öz təsirini göstərmişdir. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün qonşu Türkiyə və İranla yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə də Naxçıvandan məhsullar ixrac olunur.
Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının və ticari əlaqələrin genişlənməsinə yönəldilmiş iqtisadi-sosial siyasətin nəticəsidir ki, artıq muxtar respublikanın xarici ticarət dövriyyəsində ixracın payı 90 faizə yaxınlaşmışdır.
2018-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 483 milyon 431 min 600 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 424 milyon 266 min 600 ABŞ dollarını ixrac, 59 milyon 165 min ABŞ dollarını idxal təşkil etmiş və 365 milyon 101 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır. Bu rəqəmlər həm də onun göstəricisidir ki, Naxçıvan Muxtar Respublikası ixrac edən bir diyardır.
Onu da deyək ki, dünya ticarət dövriyyəsində ixrac payı yüksək olan ölkələr, həm də istehsalçı ölkələr kimi tanınırlar. Elə buna görədir ki, dünyanın inkişaf etmiş dövlətlərinin hamısı mühüm istehsalçı ölkələrdir. Bu amilə əsaslanaraq deyə bilərik ki, ölkəmizin, o cümlədən muxtar respublikamızın xarici ticarət əlaqələrində ixracın payının getdikcə artması, həm də beynəlxalq bazarda istehsalçı imici­mizin formalaşmasına öz töhfəsini verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR