Muxtar respublika ərazisində yaşıllıq zolaqlarının salınması ekoloji vəziyyətin dəyişməsinə xidmət edir. Ağac əkmək qədər onlara qulluq etmək də günün vacib tələblərindən biridir. Ötən həftə muxtar respublika ərazisində keçirilən iməciliklərdə də yaşıllıq zolaqları yaradılan ərazilərdə, park və xiyabanlarda ağaclara, bəzək kolları və gülkarlıqlara qulluq göstərilib.
Şənbə iməciliyi çərçivəsində Naxçıvan şəhərində keçirilən iməciliklərdə 5000 nəfərə yaxın sakin iştirak edib. İməciliklərə Şərur rayonundan 4150, Babək rayonundan 3900, Ordubaddan 2850, Culfadan 2600, Kəngərlidən 1300, Şahbuz rayonundan 2348, Sədərək rayonundan 751 nəfər qatılmışdı. Ümumilikdə, muxtar respublika ərazisində keçirilən iməciliklərdə 22900-ə yaxın sakin iştirak edirdi.
Əsasən, iməciliklərdə Naxçıvan-Sədərək və Naxçıvan-Batabat magistral yollarının ətraflarında iş aparılıb, yaşıllıqlara qulluq edilib. Şərur rayonunda Naxçıvan-Sədərək magistralının Xanlıqlar, Danyeri və Püsyan kəndləri hissəsində, Siyaqut Kənd Mərkəzi və tam orta məktəbin ətrafındakı yaşıllıqlara qulluq edilib. Babək rayonunda Naxçıvan-Ordubad magistral yolunun kənarlarındakı bağlara, Babək qəsəbəsinin Heydər Əliyev prospektinin ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bağlar diyarı Ordubadda isə iməcilik, əsasən, Qazi massivində, qəsəbə və kəndlərdə aparılıb. Sərhəd qapısı Culfada yaşıllıqlara qulluq göstərənlər yolların kənarlarında, rayonun bütün yaşayış məntəqələrində fidanlara qulluq ediblər. Kəngərli rayonunda iməciliyin ünvanı Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı bağlar, kənd məktəblərinin ətrafında əkilmiş ağaclar olub. Şahbuzda isə əsas işlər Naxçıvan-Batabat magistral yolunun kənarlarında, Badamlıq, Ömər dərəsi, Kardaş, İşgəsu massivlərində və digər ərazilərdə aparılıb. Sədərək rayonunda ağaclara qulluq edənlər Naxçıvan-Sədərək magistral yolunun sağ hissəsində, Sədərək kəndindəki məktəbin ətrafında, rayon Mərkəzi Xəstəxanasının ərazisində və Heydərabad qəsəbəsinin istirahət parkında çalışıblar.
Ötən həftə keçirilən iməciliklərdə şəhər və rayonlarımızda ahıl vətəndaşlara baş çəkilib, onların həyətlərində təmizlik-abadlıq işləri aparılıb.
Xəbərlər şöbəsi