22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, yeraltı və yerüstü sərvətlərindən onun hər bölgəsinə, hər kəndinə pay düşüb. Bəlkə də, buna görədir ki, hər bir kənd fərqli coğrafiyanı, özünəməxsus tarixi və etimologiyanı əks etdirir. Ancaq elə kəndlərimiz də var ki, sadəcə, regionda deyil, ümumilikdə, ölkəmizin hər yerində tanınır. Kiçikdən-böyüyə, demək olar ki, tez-tez adını səsləndirdiyimiz Sirab kəndi də məhz belə kənd­lərdəndir. Budəfəki səfərimiz sirli sular məskəni olan Sirab kəndinədir.
Sirab kəndi Babək rayonunun inzibati ərazisinə aid olub, rayon mərkəzindən 14 kilometr uzaqlıqda, dağətəyi bir ərazidə yerləşir. Kənd qədim tarixə malik yurd yerlərindən biridir. Muxtar respublikanın əksər kəndlərində olduğu kimi, burada da nekropollar aşkarlanıb. Kəndin cənub hissəsində təxminən 5 hektara yaxın ərazidə yerləşən nekropolda üzərində qədim yazıları olan qəbirüstü daşlara indi də rast gəlmək mümkündür. Aparılan tədqiqatlar Sirab kəndində bir zamanlar mövcud olmuş mis mədənlərinin qalıqlarını üzə çıxarıb. Xalxaldan Quyuludağa doğru uzanan torpaq yolun sol tərəfində yerləşən bu mədən qalıqlarından tapılmış maddi sübutlar Tunc və Dəmir dövrlərinə aiddir. Bu, bir zamanlar burada, indiki dillə desək, mis istehsalı müəssisələrinin olduğunu göstərir. Sirab kəndindən 3 kilometr şimal-qərb istiqamətində yüksək cilalanma qabiliyyətinə malik və əsasən, dekorativ daş kimi bəzək məmulatlarının hazırlanmasında istifadə olunan araqonit yatağı var. “Kəlbəağıl” deyilən vadidəki yaşı bilinməyən, keçmişdən sonu görünməyən, gələcəyə axan məşhur mineral su yatağı “Sirab” məhz bu kənddə yerləşir.

Barlı-bərəkətli Sirab torpağı

Bu vaxtlar muxtar respublikanın hansı bölgəsinə, hansı kəndinə getsən, qızğın işin şahidi olarsan. Sirab kəndi tarixən taxılçılıq, tərəvəzçilik, heyvandarlıq və arıçılığın inkişaf etdirildiyi kəndlərdən biridir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qasım Fərzəliyevlə elə nümayəndəliyin inzibati binasının qarşısında görüşürük. Hal-əhvaldan sonra təsərrüfatın vəziyyətini xəbər alırıq:
– Hər şey yaxşıdır, – deyir. – 1239 hektar əkin sahəmiz var. 456 hektarda taxıl əkmişik: 30 hektarı arpa, qalanı isə buğda sahələridir. 15 hektar sahədə kartof əkmişik. Dəmyə sahələrimiz də çoxdur. Son beş ildə bu sahələrdə arpa əkilir.
– Ümumiyyətlə, son illər kəndimizin təsərrüfat həyatında çox müsbət dəyişikliklər olub, – deyə kənd sakini Bayram Paşayev də söhbətə qoşulur:
– Bilirsiniz, əkinçilikdə ən vacib məsələ su məsələsidir. Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra su sarıdan heç bir problemimiz qalmayıb. Mən özüm taxıl da əkirəm, yonca sahəm də var. Bir də dövlətimiz sağ olsun, indi təsərrüfatla məşğul olan insan üçün hər cür şərait yaradıb. Güzəştli kreditlər verilir; istəyirsən, get əkinçiliklə məşğul ol, istəyirsən də, heyvandarlıqla məşğul ol. Son illər heyvandarlıq təsərrüfatı yaratmışam, 24 baş iribuynuzlu heyvan saxlayıram. Əldə etdiyimiz məhsulun alıcısı da başımızın üstündədir. İndi işləyənə, zəhməti sevən insana zaval yoxdur.
Söhbətdən o da aydın olur ki, hazırda Sirab kəndində 600 baş iribuynuzlu, 8752 baş xırdabuynuzlu, 494 arı ailəsi saxlanılır. Bir zamanlar keyfiyyətli üzümü ilə seçilən Sirabda indi bu bitkini yalnız həyətyanı sahələrdə əkib-becərirlər. Muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı məlum dövlət proqramına əsasən, ötən il kənddə 2 hektarlıq ərazidə meyvə bağı salınıb.
Müasirlikdən nəsibini almış kənd
Sirab kəndinə də muxtar respublikada aparılan tikinti-quruculuq işlərindən pay düşüb. 2009-cu ildə burada kənd mərkəzi, həkim ambulatoriyası, məişət evi tikilib istifadəyə verilib. Elə həmin ildə də kənd dairəvi yolu çəkilib, insanların gediş-gəliş rahatlığı təmin edilib. Kənd əhalisinə ikimərtəbəli ticarət mərkəzi xidmət göstərir. 2000-ci ildə tikilmiş 624 şagird yerlik tam orta məktəb binası 2008-ci ildə əsaslı təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verilib. Aparılan kompleks işlər içərisində kəndin mərkəzində yerləşən kəhrizin təmizlənərək sakinlərin istifadəsinə verilməsini də qeyd etmək olar ki, hazırda buradan 120 evə içməli su xətti çəkilib. Digər evlər isə kənddən 7 kilometr aralıda yerləşən Sarıbulaqdan çəkilmiş su ilə təmin olunublar. Kənddə 550 evdən 390-ı telefonlaşdırılıb.

Qədim kəndin qonaqpərvər sakinləri

Kənd mərkəzindən kəndin içinə gedən yolla irəliləyir, Qasım müəllimə kəndlə bağlı suallarla müraciət edirəm. Bizdən bir az aralı 4-5 nəfər yaşlı kişinin qarşıdan gəldiyini görürük. “Kənddə yas mərasimi var, yəqin, oradan gəlirlər”, – deyə icra nümayəndəsi dillənir. Qarşılaşıb salamlaşırıq. Yaşca daha böyük görünən ağsaçlı ixtiyar maraqlı nəzərlərlə məni süzdükdən sonra Qasım müəllimdən: “Soruşmaq ayıb olmasın, qonağımız kimdir?” – deyə soruşur. Qəzetdən gəldiyimi öyrənirlər.
– Bəs bu istidə nə gəzirsiniz, gedək evə qonağım olun, sonra hara istəyirsiniz gedin. – Qoca bu sözləri birnəfəsə elə dedi ki, imtina etməyə hazırlaşan Qasım müəllim etiraz edə bilmədi və başı ilə razılığını bildirdi. Mənsə, deyəsən, növbəti maraqlı müsahibimi tapmışdım. Yol boyu tanışlıqdan sonra 89 yaşı bu günlərdə tamam olacaq Əliyar Vəliyevin evinə çatırıq. Səliqə-sahmanı gözoxşayan həyətdə ailənin digər üzvləri ilə salamlaşırıq. Həyətdə oturmaq istəsək də, Əliyar dayı təkidlə evə keçməyimizi istəyir:
– Oğul, ataların bir sözü var: qonaq Allah qonağıdır. Ona görə də rahat olun. Bu kəndə çox jurnalistlər gəlib, hamısı ilə də görüşüb söhbət etmişik. Sirab qədim kənddir. İnsanları da mərd insanlardır, zəhmətkeşdirlər, qonaqpərvərdirlər. Allah bu dövlətimizi bizə çox görməsin. Çətin günlərimiz çox olub.
Deyəsən, müsahibim söhbət etmək üçün əməlli-başlı imkan yaratmışdı və mən də bu imkandan istifadə edib söhbətə girişdim. Əliyar kişi söhbət əsnasında qeyd edir ki, bu kəndin çox çətin günləri olub. Qaniçən Andranik Naxçıvana hücum edəndə bir çox yerlərdə qırğınlar törədir:
– Atam Ələkbər deyirdi ki, bu quldur erməni Culfanın Yaycı kəndindən geri dönəndən sonra yolüstü Siraba daxil olur. Kənd camaatı təşvişə düşür. Burada “Yal təpəsi” deyilən yer var, orada xeyli adam öldürürlər. Kəndin məscidi var, adına “Hacıkərim məscidi” deyirlər, orada nə qədər adam güllələyirlər. Ermənilər nə qədər işgəncə versələr də, kənd camaatı yurd yerini qorumaq üçün dirənib, mübarizə aparıb. Nəticədə, quldur ermənilər kənddən çıxmağa məcbur olublar.
Əliyar Vəliyev kəndin müasir şəraitindən ürəkdolusu danışır. Deyir ki, bəziləri sovet dövrünü yaxşı dövr kimi xatırlayır.
– Vallah, o dövrdə də xalq həmişə əziyyət çəkib. Birisi avtomobil alanda yüz yerdən sorğu-suala çəkirdilər. İndi, maşallah, hər evdə bir maşın var. Məscidlərimizin hamısını ya bağlamışdılar, ya da anbara çevirmişdilər. İndi tək Sirab kəndində 3 məscidimiz var. Kənddə böyüyə-kiçiyə hörmət var. Gün o gün olsun, işğal altında olan torpaqlarımızda bayrağımız dalğalansın.
Bəli, Əliyar kişi ilə söhbətimiz çox çəkir. Bizim isə Sirab kəndində gedəcəyimiz yerlər var...

“Sirab” dedim, ürəyim yandı...

Əliyar Vəliyevlə sağollaşıb oradan ayrılırıq. Çöldə yenə bürkülü isti hava var. Bu dəfə gedəcəyimiz ünvan isə adı dillər əzbəri olan “Sirab” mineral suyunun istehsal olunduğu müəssisə idi. Susuzluğumuzu yatıran, yüksək müalicəvi əhəmiyyəti ilə seçilən, süfrələrimizin bəzəyi olan “Sirab” suyunun istehsal olunduğu müəssisəni görmək çoxdankı arzum idi. Böyük bir sahədə yaşıl rəngə boyanmış divarlarla əhatə olunmuş əraziyə çatanda bizi “Babək Sirab” Açıq Səhmdar Cəmiyyətinin direktoru Zülfü Hüseynov qarşılayır. Müəssisənin həyətinə daxil oluruq.
Zülfü müəllim bizi istehsal müəssisəsi ilə tanış edir. Mineral suyun mənbəyi zavoddan təxminən 3 kilometr aralıda, dəniz səviyyəsindən 1258 metr hündürlükdəki Kəlbəağıl vadisində yerləşir. Su mənbədən paslanmaz boru vasitəsilə zavoda daxil olur və burada çənlərə yığılır. Sonra qum filtrindən süzülərək ehtiyat çənlərə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək və suyun bir neçə saat ərzində dincə qoyulması üçün nəzərdə tutulub. İstehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Bu soyuducularda su 4-8 dərəcədə soyudulur və istehsal sahələrinə verilir. Su qablaşdırılmadan öncə bir neçə mərhələdən keçir. Əvvəlcə filtrlərdən süzülərək ultrabənövşəyi şüalar qurğusundan keçir və bu proses hər hansı bir mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir.
2003-cü ildən “Babək Sirab” ASC kimi fəaliyyət göstərən müəssisə son illərdə uğurlu nəticələr əldə edib. 2008-ci ildə İSO 9001-2000 və 2010-2013-cü illərdə isə İSO 9001-2008 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb. Bir çox sərgi və biznes forumlarda yüksək yerlərə layiq görülüb. Ötən il “Azərbaycanda ilin brendi” birinci milli mükafata sahiblənən “Sirab” suları Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukrayna bazarlarında mühüm yer tutmaqla artıq Avropa bazarlarını da fəth etməyə hazırlaşır.
120 nəfərin çalışdığı müəssisədə işlər günün tələbləri səviyyəsində qurulub. Hər kəs işinə məsuliyyətlə yanaşmağa çalışır. Müəssisədə hazır­da 6 çeşiddə, müxtəlif həcmlərdə şüşə və plastik butulkalarda mineral su istehsal olunur.

Bir kənddə 6 istehsal müəssisəsi

Kənddə xeyli sayda istehsal müəssisəsi yaradıldığının şahidi olduq. “Savalan” Kiçik Müəssisəsi bu ilin aprel ayından “Qızıl su” mineral sularının və limonadlarının istehsalına başlayıb. Müəssisənin rəhbəri Kamran İsmayılov muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışmaqla bərabər, özünün də bu şəraitdən yararlandığını bildirdi. 10 nəfərin işlə təmin olunduğunu qeyd edən müəssisə rəhbəri yaxın gələcəkdə işləri daha da genişləndirəcəyini söylədi.
Bundan əlavə, ayran, qatıq və digər heyvandarlıq məhsulları istehsal edən “İlham” Məhdud Məsuliyyətli Cəmiyyəti, digər mineral su və limonad istehsalı ilə məşğul olan “Bəsrət” Kiçik Müəssisəsi, lavaş istehsalı ilə məşğul olan və 15 nəfərin daimi işlə təmin olunduğu “Əminə” Kiçik Müəssisəsi, sahibkar Ehtiram Quliyevə məxsus yeni yaradılan quşçuluq təsərrüfatı da bu kənddə fəaliyyət göstərir. Bəli, dövlətimizin qayğısı ilə yaradılan bu istehsal sahələri kənd sakinlərinin məşğulluq problemlərinin həll edilməsində mühüm rol oynayırlar.
Artıq kənddən ayrılmaq vaxtı gəlib çatmışdı. Kəndin müasir inkişafı, sözün əsl mənasında, bizi çox sevindirmişdi. Hər addımda hansısa bir dəyişikliyin, inkişafın şahidi olurduq. Kəndin siması regionun, ümumilikdə isə Azərbaycan adlı bu məmləkətin inkişaf mənzərəsini ortaya qoyurdu.

Son söz əvəzi

Mətbuatla əlaqəsi olan ortayaşlı nəslin nümayəndələri, yaşlı insanlar yaxşı xatırlayarlar. Sovet jurnalistikasında kənd mövzuları ilə bağlı yazıların əksəriyyətində çox zaman belə bir obrazlı xətt keçərdi. Paytaxtdan hər hansı bir kəndə ezam olunmuş müxbir kənddə bir çox insanlarla görüşər, söhbət edər və söhbət əsnasında özünə bir “qəhrəman” seçərdi. Sonra kənddən şəhərə qayıdan zaman başını avtomobilin pəncərəsinə söykəyib həmin qəhrəmanın möhtəşəm fikirlərindən birini xatırlayar və həmin fikirlə də yazıya son verərdi. Bu klassik tərzdən nə qədər qaçmağa çalışsam da, Əliyar kişinin bir fikrini, sözün həqiqi mənasında, yada salmamaqdan qaça bilmədim: “Həyatda çox çətinliklər görmüşük, Allah insanları çörəklə və müstəqillik imtahanı ilə sınağa çəkməsin. Biz bu imtahanları görmüşük”.
Həqiqətən də, müstəqillikdən şirin varlıq yoxdur. Onsuz nə yediyin çörəyin dadı, nə də içdiyin suyun xeyiri olar. Sirab kəndində gördüklərimiz isə müstəqilliyin Azərbaycan kəndinə ərməğanlarıdır.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR