Muxtar respublikamızın sürətli inkişafı ildən-ilə bütün sahələrdə uğurlu nəticələrin əldə olunmasına şərait yaradır. Son illərdə iqtisadiyyatın sürətli artım tempi həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, həm də sahibkarlığa göstərilən yüksək diqqət və qayğının təzahürüdür. Yaradılan yeni istehsal müəssisələrinin sayının artması sahibkarlığın inkişafı ilə bərabər, daxili bazarın yerli məhsullarla təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə müəssisələrdən biri də Ordubad rayonunun Vənənd kəndində fəaliyyət göstərən “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Bu istehsal müəssisəsi 2013-cü ildə fəaliyyətə başlayıb. Müəssisənin əsas fəaliyyət istiqaməti Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlamaqdır. Sahibkar Emin Məmmədovla söhbət zamanı öyrənirik ki, burada cəviz, ərik, gilənar, gilas, heyva, şaftalı, albuxara, armud, tut meyvələrindən və qızılgüldən mürəbbə və meyvə şirələri hazırlanır, boymadərən, batrınc, bizovşa, qırxbuğum, nanə və çayırotundan isə müalicəvi ekstraktlar hazırlanır. Hazırda 10 nəfərin çalışdığı müəssisədə işçilərin sayı mövsümə görə dəyişir. İl ərzində müəssisədə 100-ə yaxın çeşiddə məhsul istehsal olunur. Hazırlanan məhsullar üçün meyvələr Vənənd kəndi ilə yanaşı, Vələver, Qoruqlar, Ağrı, Dizə, Xanağa, Başkənd və digər ətraf yaşayış məntəqələrinin təsərrüfatlarından əldə edilir. Qablaşdırılmış məhsullar Ordubad, Naxçıvan və Bakı şəhərlərində satışa çıxarılır.
Sahibkar bildirir ki, Ordubad rayonu tarixən meyvəçilik sahəsində böyük inkişaf yolu keçmiş bölgələrdəndir. Rayonun adı dillər əzbəri olmuş meyvələri nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində şöhrət qazanıb. Lakin ötən əsrin sonlarında digər sahələr kimi, meyvəçilikdə də böyük böhran yaşandı. Vaxtilə min bir əziyyət hesabına salınmış meyvə bağları baxımsızlıq ucbatından diqqətdən kənarda qaldı. Ancaq, şükürlər olsun ki, bu gün muxtar respublikamızda kənd təsərrüfatı sahələrinə göstərilən dövlət qayğısı sayəsində meyvəçiliyin də şöhrəti özünə qaytarılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramları bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib. Bu sahədə görülən işlərin nəticəsidir ki, indi muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da yeni meyvə bağları salınır, tərəvəz sahələrinin həcmi ildən-ilə daha da artırılır. Elə biz də bu imkanlardan istifadə edərək Ordubadın yerli məhsullarını tanıtmaq üçün bu müəssisəni qurduq. Bu gün müəssisənin əsas vəzifəsi daxili bazarı yerli məhsullarla təmin etməkdən ibarətdir.
Sahibkar deyir ki, meyvəçiliyin inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi nəticəsində biz özümüz də meyvə ağaclarının əkininə başlamışıq. Bunun üçün 2 hektar sahədə müxtəlif meyvə tingləri əkmiş, əlavə olaraq 15 hektar torpaq sahəsi icarəyə götürmüşük. Ötən ilin payızında meyvə tingləri əkmək üçün seçmə meyvə dənələri tədarük etmişik. Bunun üçün 16 sot torpaq sahəsini toxum səpilmək üçün ayırmışıq. Bizim burada əsas məqsədimiz yerli meyvə tinglərinə üstünlük verməkdir. Ümid edirik ki, bir neçə ildən sonra əkdiyimiz meyvə ağacları bar verəcək və bu da istehsal prosesində məhsullarımızın maya dəyərinin aşağı salınmasına öz təsirini göstərəcəkdir.
Müsahibim bir vacib məqamı da vurğuladı ki, istər meyvələrin, istərsə də müalicəvi bitkilərin öz yığılma vaxtı var. Məhsulları toplayarkən onlara çox həssaslıqla yanaşmaq, toplanma qaydalarına əməl etmək lazımdır. Bu, hazırlanan məmulatların orijinal dadını özündə qoruyub saxlaması baxımından vacibdir.
Emin Məmmədovdan istehsal prosesi haqqında soruşuruq. Deyir ki, istehsalda ən çox diqqət yetirdiyimiz amil qablaşdırılan məhsulların sanitar-gigiyenik qaydalara uyğun olmasıdır. Buna görə də müəssisəyə gətirilən məhsullar əvvəlcədən seçilərək təmizlənir, çeşidlənir, burada gigiyenik qaydalara uyğun olaraq yuyulur. Qablaşdırılma prosesində də bu qaydalar ciddi nəzarət altında saxlanılır.
Hazırlanan məhsulları müxtəlif ticarət obyektlərinə göndərmək üçün müəssisəyə məxsus maşınlardan istifadə edilir. Bu məhsullar cəmiyyətin Naxçıvan şəhərində fəaliyyət göstərən mağazasında, eləcə də Bakı şəhərində yerləşən 3 mağazada satışa çıxarılır.
Sahibkar onu da qeyd etdi ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı muxtar respublikada fəaliyyət göstərən digər istehsal müəssisələri kimi, “Ordubad Qənnadı Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi məhsullar da üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan hədiyyəlik qutularda satışa çıxarılıb. Bu isə şübhəsiz, Naxçıvana gələn qonaqlar və yerli alıcılarda rəğbət doğurub, məhsulların daha həvəslə alınmasına imkan yaradıb. Onu da öyrəndik ki, müəssisə yeni layihələri reallaşdırmaq üçün öz təkliflərini aidiyyəti qurumlara təqdim edib.
Emin Məmmədov deyir ki, bu gün biz sahibkarlar dövlətin qayğı və diqqəti ilə əhatə olunmuşuq. Ona görə də öz doğma Vətənimizə sadiq olan hər bir vətəndaş muxtar respublikamızda yaradılan bu əlverişli şəraitdən maksimum yararlanmaqla iqtisadiyyatın möhkəmləndirilməsi, günü-gündən inkişaf edən diyarımızın rifahı naminə əlindən gələni əsirgəməməlidir. Hazırda muxtar diyarımızda müxtəlif istehsal sahələrinin inkişaf etdirilməsi üçün gözəl mühit yaradılıb. Biz sahibkarlar yaradılan bu şəraitdən bəhrələnib öz əməyi və fəaliyyətimiz ilə muxtar respublikamızın tərəqqisinə, dinamik inkişafına çalışmalıyıq.
Bu gün hər bir vətəndaş qarşıdakı dövr ərzində muxtar respublikamızın qət edəcəyi iqtisadi tərəqqi yolunun yeni möhtəşəm uğurlarla müşayiət olunacağına, doğma diyarımızın daha böyük nailiyyətlərə imza atacağına əmindir. Elə bunun nəticəsidir ki, Emin Məmmədovun timsalında digər sahibkarlar da yaradılan bu gözəl biznes mühitində səylə çalışır, iqtisadiyyatımızın güclənməsinə öz töhfələrini verirlər.
Gülcamal TAHİROVA