23 Dekabr 2024, Bazar ertəsi

Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvanda digər sahələrlə yanaşı, dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da böyük tarixi inkişaf yolu keçmişdir. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəst-xətti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə seçilir. Qədim ənənələrə malik xalçaçılıq sənəti bu gün də Naxçıvanda yaşadılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmiş, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açmışdır.
Dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi yeni vəzifələr kimi müəyyənləşdirilmişdir. Ötən dövrdə bu istiqamətdə bir sıra təşkilati işlər görülmüş, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 35 xalça toxunmuş və dəyəri 8 min 439 manat olan 30 xalçanın satışı həyata keçirilmişdir. Emalatxanada işə təcrübəli xalçaçılarla yanaşı, gənclər də cəlb olunmuşlar.

Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayonunun Cəlilkənd kəndindəki XIX əsrə aid “Buzxana” Kompleksində xalçatoxuma sahəsi fəaliyyətə başlamış, işçilər üçün müasir iş şəraiti yaradılmış, 5 hana quraşdırılmışdır. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində 7 xalçaçı qadınla müqavilə bağlanmış, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunmuşlar. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır.
Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Hazırda Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı emalatxanasının tikintisi davam etdirilir.
Muxtar respublikada xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarmışdır. Yun tədarükü və yun iplik istehsalı sahəsinin yaradılması məqsədi ilə ­texniki-iqtisadi araşdırmalar aparılmış və istehsal gücü saatda 48 kiloqram yun iplik olan layihə hazırlanmışdır. Bundan başqa, əllə toxunmuş xalçaların reyestr sistemi yaradılmış, 482 xalça haqqında məlumatlar reyestrə daxil edilmişdir. Naxçıvan xalçalarının dünya bazarında satışının həyata keçirilməsi üçün, ilk növbədə, onun təbliği və təqdimatı vacib şərtlərdəndir. Bu sahədə elektron ticarət mexanizmi vasitəsilə ixracın təşkili üzrə işlər görülmüşdür. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılacaq xalçalar iqtisadiyyata töhfə verməklə yanaşı, muxtar respublikada özəl sektorun inkişafına da əlavə stimul yaradacaqdır.
Xalçatoxuma sahələri yaratmaq, onları xammalla təmin etmək işin bir tərəfidirsə, digər mühüm bir istiqamət isə kadr hazırlığıdır. Ötən dövrdə Naxçıvan Şəhər Peşə Liseyində, Naxçıvan Regional Peşə Tədris Mərkəzində, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində xalçaçılıq kursunu müvəffəqiyyətlə bitirən 36 müdavimə müvafiq sertifikatlar təqdim olunmuşdur. Həmçinin Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının kadr təminatı ilə bağlı Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilən tədris-hazırlıq kursu hana, avadanlıq və xammalla, eyni zamanda xalça­çılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə və elektron çeşnilərlə təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR