Cari ildə Naxçıvan şəhərində aparılan işlər, sözün həqiqi mənasında, göz oxşayır.Tikilən binalar, salınan gülkarlıqlar şəhərimizin gözəlliyinə gözəllik qatır. İctimai yaşayış və inzibati binaların tikintisi, təmiri və yenidən qurulması ilə yanaşı, meydan və parklarda da abadlıq işləri aparılır.
Cari ilin yanvar ayının əvvəllərindən şəhərimizin yeni simvoluna çevriləcək saat qülləsi inşa olunur. Hazırda saat qülləsində işlər yekunlaşmaq üzrədir. Milli və müasir memarlıq ənənələrinin sintezi əsasında qurulan qüllənin ətrafında, təxminən 1200 kvadratmetr ərazidə park salınıb. Qüllənin yerləşdiyi ərazinin hər iki girişində tağvari giriş qapıları inşa olunub, ərazidə müasir işıqlandırma sistemləri və oturacaqlar quraşdırılıb, daş döşənilməsi işi başa çatdırılıb. Hazırda yaşıllaşdırma işləri aparılır. İnşa olunan yeni qüllənin hündürlüyü 21 metrdən çoxdur. Qüllənin üzlərində dörd böyük saat yerləşdiriləcək. Hər bir saat uzaq məsafələrdən aydın görünəcək.
Məlumat üçün bildirək ki, saat qülləsinin aşağı hissəsində hədiyyə mağazası fəaliyyət göstərəcək.
Xəbərlər şöbəsi