Kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr deməyə əsas verir ki, aqrar sektorun inkişafı dinamik xarakter alıb. Muxtar respublika əhalisinin ərzaq məhsulları ilə təmin olunmasında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin müstəsna əhəmiyyəti olub.
Son illər dünya ölkələrində baş verən proseslər, əhalinin ərzaq məhsulları ilə təmin olunmasını prioritet məsələ kimi ortaya çıxarır. Buna görə də istər ölkəmizdə, istərsə də muxtar respublikamızda kənd təsərrüfatının inkişafı dövlətimizin diqqət mərkəzindədir. Bu, eyni zamanda torpaq mülkiyyətçilərinin də qarşısında mühüm vəzifələr qoyur.
Muxtar respublikanın rayonlarında mövcud olan bütün növ kənd təsərrüfatı texnikalarının miqdarı araşdırılarkən müəyyən olunub ki, 10-13 il əvvəl burada təkcə kolxoz, sovxozların ləğvi ilə əlaqədar fiziki şəxslərə verilmiş texnikalar mövcud idi. Həmin texnikaların da əksəriyyətinin istismar müddətini başa vurmuş, köhnəlmiş olması kənd təsərrüfatı işlərinin keyfiyyətlə yerinə yetirilməsində xeyli çətinliklər yaradırdı.
Müasir dövrdə isə kənd təsərrüfatının inkişafını yeni texnika və texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Qloballaşan iqtisadi münasibətlər, dünya bazarında yüksək rəqabətlilik, kənd təsərrüfatı və ərzaq məhsullarına qarşı artan təhlükəsizlik tələbləri dövrümüzün ən vacib məsələsidir. Bu sahədə yeni texnologiyaların tətbiqi, eləcə də hazır məhsulun itkisiz yığılması və tədarükü aktual məsələlərdən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci ildə imzaladığı “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması aqrar sektorda nəzərdə tutulan işlərin yerinə yetirilməsinə, sahibkarların əməyinin yüngülləşdirilməsinə, onların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təmin edilməsinə böyük töhfə verib. Ötən dövr ərzində cəmiyyətin xətti ilə 2300-dən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlar alınaraq muxtar respublikaya gətirilib. Həmin texnika və avadanlıqların 2000-dən çoxu torpaq mülkiyyətçilərinə, mexanizatorlara nağd və ya lizinq yolu ilə satılıb.
Hazırda muxtar respublikanın kənd təsərrüfatında Almaniyanın, Finlandiyanın, İtaliyanın, Türkiyənin, Çinin və digər ölkələrin tanınmış şirkətlərinin istehsalı olan texnikalardan istifadə olunur.
Kənd təsərrüfatı texnikalarının imkanlarından daha səmərəli istifadə edilməsi üçün texnikalara müntəzəm olaraq texniki qulluq göstərilməli, onların texniki xarakteristikasına uyğun olaraq müəyyən edilmiş istismar müddəti keçdikdən sonra dəyişdirilməli, zəruri olan hissələr yenisi ilə əvəz edilməlidir. Bu texnikaların daimi olaraq ağır yük altında və əlverişsiz meteoroloji şəraitdə işləməsi müntəzəm texniki qulluğu və ehtiyat hissələri ilə təchiz edilməsini zəruri edir.
Ötən ildə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublikanın rayonlarında hüquqi və fiziki şəxslərə məxsus kənd təsərrüfatı texnikalarının siyahısı dəqiqləşdirilib, texniki cəhətdən yararsız olan və bərpası mümkün olmayan texnikalar müəyyənləşdirilib və müvafiq tədbirlər görülüb.
Onu da deyək ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və onun rayon bazalarında son illərdə tikilib istifadəyə verilmiş müasir tələblərə cavab verən təmir emalatxanaları mövcuddur. Mülkiyyətində kənd təsərrüfatı texnikası olan hər bir fiziki və ya hüquqi şəxs bu emalatxanalardan yararlana bilər. Eyni zamanda cəmiyyətin rayon bazaları tərəfindən bütün növ kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi sahəsində istənilən növ xidmətlər həyata keçirilir və torpaq mülkiyyətçiləri bu xidmətlərdən səmərəli istifadə edə bilərlər.
Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı