Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində xüsusi yeri olan kənd təsərrüfatının inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, məhsul bolluğu yaradılmışdır.
Aqrar sektorun əsas sahələrindən biri olan bitkiçilikdə məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleksin inşa olunması və “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu muxtar respublikada toxum istehsalına, tədarükünə və istifadəsinə geniş imkanlar açmışdır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Bu sahədə nəzərdə tutulan işlərin keyfiyyətlə yerinə yetirilməsi, sahibkarların lazımi texnika və avadanlıqlarla vaxtında təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 321 ədədi 2018-ci ilin yanvar-noyabr aylarında olmaqla, ümumilikdə, 2375 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. Bu dövrdə 237 ədəd texnika və avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 44 ədədi nağd yolu ilə satılmışdır.
2018-ci ilin məhsulu üçün muxtar respublikada 61 min 935 hektar sahədə əkin aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 404 hektar çoxdur. Ümumi əkin sahəsinin 88 faizini bitkiçilik məhsulları əkini, 22 faizini isə yem bitkiləri əkini təşkil etmişdir. Bitkiçiliyin inkişafı istiqamətində məhsul istehsalçılarına cari ilin yanvar-noyabr aylarında 445 min manatdan çox kredit verilmişdir.
2018-ci ilin məhsulu üçün 34 min 623 hektar sahədə dənli və dənli-paxlalılar əkini aparılmış və 104 min 413 ton məhsul yığılmışdır. Dənli və dənli-paxlalılar əkininin 32 min 483 hektarını taxıl sahələri təşkil etmişdir. Taxıl əkini sahələrinin 30 min 925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 851 hektar artmışdır. Cari ildə taxıl zəmilərindən 97 min 689 ton məhsul toplanmışdır.
Taxılla yanaşı, qarğıdalı əkini üzrə də ardıcıl işlər aparılmış, məhsulun vaxtında yığılması üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 2018-ci ildə muxtar respublikada 1174 hektar sahədə qarğıdalı əkilmiş, 10 min 524 ton məhsul yığılmışdır. 2017-ci illə müqayisədə məhsuldarlıq 18,8 faiz artmışdır.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2018-ci ildə 3 min 215 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2017-ci ildə əkilmiş sahədən 32 hektar çoxdur. Kartof əkilmiş sahələrdən, ümumilikdə, 49 min 574 ton kartof yığılmışdır. Bu da bir il öncəki göstəricini 1,2 faiz üstələyir.
Cari ildə 2 min 776 hektar bostan bitkiləri əkini sahəsindən 38 min 714 ton bostan məhsulları yığılmışdır ki, bu da 2017-ci ildəki göstəricidən çoxdur.
Muxtar respublikada tütünçülüyün inkişafı istiqamətində Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tütün Yetişdirmə Təsərrüfatının yaradılması bu sahəyə marağı daha da artırmışdır. 2018-ci ildə muxtar respublikada tütün əkini bir il öncəyə nisbətən 32,5 hektar artaraq 41,5 hektara çatdırılmışdır. Əkin sahələrindən 51,5 ton qurudulmuş tütün tədarük olunmuşdur ki, bu da 2017-ci illə müqayisədə 40,4 ton çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ildə meyvə bağlarından 53 min 971 ton meyvə, tərəvəz əkini sahələrindən 85 min 642 ton tərəvəz məhsulları yığılmışdır. 2017-ci illə müqayisədə meyvə istehsalı 1,7 faiz, tərəvəz istehsalı isə 1,1 faiz artmışdır.
Muxtar respublikada üzümçülüyün inkişafı istiqamətində yeni üzüm bağlarının salınması işləri geniş vüsət almışdır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq cari ildə üzüm istehsalı əvvəlki ilə nisbətən 2 faiz artaraq 16 min 223 ton olmuşdur.
2018-ci ilin yanvar-noyabr aylarında 411 milyon 443 min 800 manatlıq kənd təsərrüfatı məhsulu, o cümlədən 272 milyon 778 min manatlıq bitkiçilik məhsulları istehsalı qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,2 faiz, bitkiçilik məhsullarının ümumi həcmi isə 5,1 faiz artmışdır.
Muxtar respublikada kənd təsərrüfatı sahəsinin inkişafı, əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri demək olar ki, tam şəkildə öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti