23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ənənəvi olaraq keçirilən həvəsləndirici tədbirin onuncu tirajının qalibləri müəyyənləşib.
1 iyul 2018-ci il tarixdən 1 dekabr 2018-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri bu tirajın nəticələrinə görə qiymətli həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Dünən Naxçıvan Biznes Mərkəzində bu münasibətlə keçirilən tədbirdə çıxış edən vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov bildirib ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb.
Qeyd olunub ki, 1 dekabr 2018-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərində 1272 POS-terminal quraşdırılıb. Nəticədə, 2018-ci ilin 11 ayı ərzində muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 31 milyon 926 min manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 867 min manatdan çoxdur.

Diqqətə çatdırılıb ki, bu sahədə stimullaşdırıcı tədbir kimi 2014-cü ildən başlayaraq keçirilən 9 tirajda 1844 vətəndaşa 120 min manat dəyərində müxtəlif həvəsləndirici hədiyyələr verilib. 10-cu tirajda isə 335 şəxsə 20 min manat dəyərində hədiyyələr təqdim olunur.
Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev bildirib ki, 2018-ci ilin 11 ayı ərzində muxtar respublika sakinləri tərəfindən ödənilən nağdsız ödənişlərin 10 milyon 76 min manatı POS-terminal, 21 milyon 850 min manatı isə internet və digər ödəniş vasitələri ilə olub.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyev çıxışında bildirib ki, həvəsləndirici tədbirin budəfəki tirajında Naxçıvan şəhəri üzrə 70 şəxsə qiymətli hədiyyələr təqdim olunacaq. Bu hədiyyələr 400 manatdan yuxarı həcmdə nağdsız ödənişlər edənlər arasında üç meyar üzrə müəyyənləşdirilib.
Həmin gün Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın Şərur, Sədərək, Kəngərli rayonlarında da analoji tədbirlər keçirilib. Bu tədbirlərdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Hafiz İsmayılbəyli bildirib ki, muxtar respublikamızda nağdsız ödənişlərin həcminin artmasında yaradılmış infrastruktur imkanları ilə yanaşı aparılmış maarifləndirici tədbirlərin də mühüm əhəmiyyəti vardır.
Qeyd edək ki, bu gün Babək, Culfa, Ordubad və Şahbuz rayonlarında da nağdsız ödənişlər sahəsində fəallıq etmiş şəxslərə hədiyyələr təqdim olunacaq.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR