23 Dekabr 2024, Bazar ertəsi

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında əsas rolu dayanıqlı toxum ehtiyatı oynayır. Çünki son onilliklərdə dünya toxum bazarı o qədər böyük genetik modifikasiyaya məruz qalıb ki, ölkələr üçün sağlam toxum ehtiyatı yaratmaq, sözün həqiqi mənasında, müşkül məsələyə çevrilib. Təbii ki, bu məsələdə müxtəlif siyasi məqsədlər də az rol oynamır. Ənənəviliyi bərpa etmək isə bəzən onilliklərə başa gəlir. Yəni toxumçuluğun bu tərəflərini qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi hər ölkə üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ötən il imzalanmış Fərman mühüm strateji əhəmiyyəti ilə seçilir. Qanunun qəbul olunması kənd təsərrüfatı məhsullarının istehsal həcminin yüksəldilməsi, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanı ortaya qoyur. Adıçəkilən qanunda toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. Toxumçuluğun vəzifəsi isə dövlət reyestrinə daxil edilmiş bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasından ibarətdir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlar sahibkarları yüksək reproduksiyalı toxum sortları ilə təmin edirlər. Burada da məqsəd lazımi iqlim qurşaqlarına, münbit torpaqlara malik muxtar respublikada aqrar sahənin ənənəvi əsaslar üzərində davamlı inkişafını təmin etməkdir.

Onu da deyək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna rolu olub. Həmin proqramda əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunması, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi regionda ərzaq məhsullarının istehsalında artıma və əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradıb. Hazırda icrası başa çatmaqda olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da digər sahələrlə yanaşı, muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı baxımından böyük əhəmiyyət kəsb edir. Ümumilikdə, kənd təsərrüfatının inkişafı sahəsində əldə olunmuş nəticələri statistik rəqəmlərlə daha yaxşı təsəvvür etmək olar. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında 411 milyon 443 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23241 tonu, süd istehsalı isə 80608 tonu ötüb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,4 faiz artıb. Bunu da əlavə edək ki, kənd təsərrüfatı məhsulları istehsalında ötən bir il ərzində 4,2 faizdən çox artıma nail olmaq böyük nəticədir, eyni zamanda bu artım faizi digər sahələr üzrə əldə edilən faizdən daha yüksəkdir. Bütün bunlar isə əhalinin keyfiyyətli, yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR