Bağlar diyarı Ordubad rayonunda əvvəllər meyvəçilik və üzümçülükdə qazanılmış şöhrəti yenidən özünə qaytarmaq üçün həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində ötən dövr ərzində rayonda meyvəçilik və üzümçülük öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bunu 2018-ci ilin timsalında da görmək olar. Məlumat üçün bildirək ki, rayonda 720 hektar bağın 718 hektarını meyvə, 2 hektarını isə giləmeyvə sahələri təşkil edir. Cari ilin 1 dekabr tarixinə bağlardan 1,5 ton giləmeyvə, 5324,5 ton meyvə yığılıb.
Üzümçülükdə də qazanılan uğurlar qənaətbəxşdir. Belə ki, mövcud olan 5 hektar üzüm bağından cari ildə 296,3 ton üzüm tədarük edilib.
Bölgə sakinləri hər il yeni meyvə və üzüm bağları salınmasını davam etdirirlər. Bu tədbir 2018-ci ildə də diqqət mərkəzində saxlanılıb. Belə ki, yaz iməciliklərində Naxçıvan-Ordubad magistral avtomobil yolunun Düylün kəndi ərazisində 8 hektarda ərik, Naxçıvan-Ordubad magistral avtomobil yolunun Aşağı Əylis kəndi ərazisində 1 hektarda, “Gənclər bağı”nda 1,7 hektarda üzüm, payızda isə rayonun Dəstə kəndi ərazisində 5,3 hektar sahədə yeni meyvə bağı salınıb. Həmin yaşayış məntəqəsinin ərazisində 1 hektar sahədə ərik və badam dənələri əkilib.
Yaz və payız iməciliklərinin hər birində 4 hektar olmaqla, 8 hektarda bərpa işləri aparılıb.
Abbas SEYİD