Son illər muxtar respublikamızda yaradılmış əlverişli şərait hesabına sahibkarlıq subyektləri öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı qazanıblar. Bu cəhətdən xarici ölkələrdə təşkil olunan beynəlxalq tədbirlər mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən beynəlxalq sərgilərdə və bir sıra tədbirlərdə sahibkarların iştirakı təmin olunmaqla, onlara öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanları yaradılır. Bu da, öz növbəsində, həmin sahibkarların istehsal etdikləri məhsulların satışının dəstəklənməsinə xidmət edir.
Bu günlərdə İran İslam Respublikasının Tehran şəhərində “Üçüncü İran İxracat İmkanları – İran EXPO-2018” sərgisi keçirilib.
Sərgidə muxtar respublikada fəaliyyət göstərən Naxçıvan “Xalça” Аçıq Səhmdar Cəmiyyətinin, “Karton Tara”, “Savalan-S”, “Nur Qida” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri və fiziki şəxs Habil Babayev iştirak ediblər.
Tədbirdə yerli sahibkarlıq subyektlərinin nümayəndələri sərgi ilə tanış olub və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Naxçıvan “Xalça” ASC üçün xammal və digər ləvazimatların alınması ilə bağlı bir neçə İran şirkəti ilə danışıqlar aparılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti