Sədərəkdə taxıl biçini ahəngdar gedir
Yay gəlib, günlər uzanıb. Kənd adamlarının işi-gücü, qayğıları da birə-on qat artıb yayın gəlişi ilə. Onlar qızmar Günəşi tarlada qarşılamaq üçün indi səhərlər daha erkən durub işə tələsirlər.
Sədərək rayonunda taxıl zəmiləri, kartof, bostan-tərəvəz tarlaları, biçənəklər göz işlədikcə uzanıb gedir. Torpağı bərəkətli, insanları zəhmətkeşdir bu yurdun. Cari ilin məhsulu üçün keçən ilin payızında 1146 hektara buğda, 571 hektara isə arpa toxumu səpilmişdir. Yaz əkinləri də müvəffəqiyyətlə başa çatdırılmışdır. 411 hektara arpa, 34 hektara paxlalı bitkilər, 104 hektara dən üçün qarğıdalı, 19 hektara günəbaxan, 95 hektara kartof, 412 hektara tərəvəz, 185 hektara bostan, 162 hektara yonca bitkiləri əkilmişdir.
Keçən il taxıl zəmilərindən 6120 ton məhsul toplanmışdır. Taxılçılar deyirlər ki, bu, dövlətin qayğı və köməyi sayəsindədir.
Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair müvafiq qərara uyğun olaraq, Sədərəkdə 752 nəfər torpaq mülkiyyətçisinə 117 min 160 manat yardım verilmişdir.
Ötən ilin payızında rayonda keçirilən bir müşavirədə istifadəsi “unudulmuş” torpaqlarda taxılçılığı genişləndirmək və beləliklə də, ərzaq bolluğuna nail olmaq qərara alınmışdır. İndi Sədərək “kəhrəba dənizi”nə dönüb. Zəmilər bərəkətdən soraq verir. Artıq 705 hektar sahənin taxılı biçilmişdir. Hektarın orta məhsuldarlığı isə hələlik 29,2 sentnerdir.
İyunun əvvəlində Sədərək Rayon İcra Hakimiyyətində keçirilən iclasda taxıl tədarükü üçün texnikanın hazırlanması, məhsulun vaxtında və itkisiz yığılmasına köməklik göstərilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.
Sədərəyin taxıl zəmilərində bol məhsul yetişdirilmişdir. Texnikanın vaxtında biçinə çıxarılması, onun imkanlarından maksimum istifadə edilməsi təmin olunmuşdur.
Rayona növbəti səfərimiz biçinin qızğın dövrünə təsadüf etdiyindən bəzi sahələrə baş çəkdik. Araz çayı sahilinə uzanan yol geniş taxıl zəmisini iki yerə bölür. Ərazidə bəzi yerlərin məhsulu biçilmişdir. Məhsulu yığılmış zəmilər adamın qəlbində xoş duyğular oyadır. Qollarını geniş açıb hamımıza ana olan, bizi yedizdirən, içirdən, yaşadan bu bərəkətli çölləri qucaqlamaq istəyirsən... Kombayn sonuncu dəfə dövrə vurub dayandı. Ortayaşlı bir kişi sükan arxasından bizə əl elədi. Sonra da zarafatla:
– Yəqin, fikirləşmisiniz ki, hava çox istidir, yorulmuşam? Xeyr. Bunker dolub.
– Deməli, məhsul boldur.
– Elədir, bu il hər hektarın məhsuldarlığı əvvəlki illərlə müqayisədə 4-5 sentner çoxdur. Biçinə də tez başlamışıq. Havalar hələlik əlverişli keçir. Odur ki, biçini vaxtında başa çatdırmağa çalışırıq.
Öyrəndik ki, bura Ərrəhman Yediyarovun taxıl sahəsidir. Görüşmək istədik. Bayaq kombaynın sükanı arxasında gördüyümüz şəxs gülə-gülə əlini uzatdı:
– Tanış olaq, axtardığınız adam elə mənəm...
Sözün düzü, təəccübləndik. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Sədərək bazasının kombaynçısı Ərrəhman bunu dərhal hiss etdi:
– Nahaq təəccüb edirsiniz. Əvvəlki vaxtlara baxmayın. Onda kolxoz sədrinin də, aqronomun da, briqadirin də, mexanizatorun da öz işi, konkret vəzifəsi vardı. İndi fermer, torpaq mülkiyyətçisi həm kolxoz sədrini, həm aqronomu, həm mexanizatoru, həm də suçunu əvəz edir. Bax gördüyünüz bu geniş sahələrdə əvvəllər ya üzüm əkilirdi, ya da taxıl, bəzən də bostan-tərəvəz məhsulları yetişdirilirdi. İndi isə torpaq, necə deyərlər, tala-taladır. Bir sahədə taxıl da əkirlər, kartof da, yonca da, bostan-tərəvəz bitkiləri də. Daha doğrusu, hər kəs nə əkməyi, nə qədər əkməyi təcrübə və istəyinə uyğun olaraq özü həll edir. Bu il 6 hektarda taxıl əkmişəm. Məhsuldarlıq da maşallah, 40 sentnerdən yuxarı! Dövlət qayğısı həmişə karımıza çatır. Artıq ailəmizin azuqəsi, qış tədarükümüz düzəlib, üstəlik satışa da xeyli taxıl çıxara biləcəyik.
– Uğur olsun, əkinçi qardaş...
Yolumuz Qaraağac kəndinədir. Rayonun qabaqcıl fermerlərindən olan Fuad Kərimovla görüşüb ondan taxıl biçininin vəziyyətini soruşduq:
– Hər dəqiqənin qədrini bilir, biçini mümkün qədər tez və itkisiz qurtarmağa çalışırıq. İlkin nəticələr fərəhlidir. Elə zəmilərimiz var ki, hər hektarın məhsuldarlığı 35-40 sentnerə çatır. Başqa sahələrdə də işlərimiz yaxşı gedir. Bu sözləri ona görə deyirəm ki, kənd adamı hər işlə məşğuldur: taxıl da əkir, bostan-tərəvəz məhsulları da yetişdirir, mal-qara da saxlayır. Daha doğrusu, öz illik azuqəsini torpaqdan çıxarır. Yaz, yay, payız fəsillərində bekar vaxtımız olmur.
Rayonun Heydərabad qəsəbəsinin əkin sahələrində də taxıl biçininin gedişi ilə maraqlandıq. Qabaqcıl, təcrübəli mexanizatorlar Muxtar və Xəlil Abbasovlar çalışırlar ki, itkiyə yol verilməsin, çəkilən zəhmət hədər getməsin. Ümumiyyətlə, bölgənin hər yerində yüksək işgüzarlıq və mütəşəkkilliyin, ruh yüksəkliyinin şahidi olduq. Kənd adamlarını belə bir cəhət xüsusilə razı salır ki, taxıl biçinini vaxtında və itkisiz başa çatdırmaq üçün rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılmışdır. Xahiş və müraciətlər dərhal, operativ surətdə öz həllini tapır.
Yayın bu vədəsində ümidlərini torpağa bağlayan kənd adamları əsl hünər göstərir, daha çox məhsul istehsal etmək istəyilə yorulmaq bilmədən çalışırlar.
Saat 14 radələridir. Sədərəkdə qızmar Günəş göydən yerə “od ələyir”. Amma əl işdən soyumur. Torpaq adamları sanki Günəşdən güc alırlar. Bir də axı günün bu çağında kombayn taxılı daha rahat biçir və döyür.
Məhsulunuz bol, işiniz avand olsun, sədərəklilər!
Cəfər ƏLİYEV