Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2018-ci ilin noyabr ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsulların 126 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 38 müraciət operativ icra olunmuşdur.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 85 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 111 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. 29 məktəbin bufetində, 5 digər təhsil müəssisəsinin bufet və yeməkxanasında və 11 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 13 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş bir sıra nöqsanlar yerində aradan qaldırılmışdır. Həmçinin 121 bərbərxana və 41 gözəllik salonunda maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 24 bərbərxana və 18 gözəllik salonunda aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. 60 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, 18 təsərrüfat subyektində aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 18 təsərrüfat subyektində təmir işləri aparılmışdır.
Noyabr ayında metroloji norma və qaydalara uyğun olaraq 379 sayğac yoxlanılmışdır. Qızdırıcı elektrik və qaz cihazlarının satışı ilə məşğul olan 32 təsərrüfat subyektində də müşahidə xarakterli monitorinqlər aparılmış, təhlükəsizliyi təmin olunmayan 148 məişət qaz cihazının idxalına və satışına icazə verilməmişdir.
“Ailə təsərrüfatı məhsulları” festivalına çıxarılacaq məhsulların qablaşdırılması, etiketlərin düzgün yazılışı yoxlanılmış və bu istiqamətdə ailə təsərrüfatlarına metodik köməklik göstərilmişdir. Bununla yanaşı, məhsulların keyfiyyətinə nəzarət edilməsi üçün aidiyyəti orqanla birlikdə 445 halda məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə komissiyası tərəfindən götürülmüş məhsulların 67 halda laboratoriya analizləri aparılmış, 6 adda məhsulun keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olmadığı müəyyən edildiyindən idxalçı ölkəyə geri qaytarılmışdır. Noyabr ayında, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 7000 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz, kontrafakt məhsullar satışdan çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti