Hələ keçmiş zamanlardan yol çəkdirənləri, körpü saldıranları ata-babalarımız minnətdarlıqla xatırlayıb, onların adını hörmətlə anıblar. Yolda bir daş, kəsək görüblərsə, kənara atıblar, təmizləyiblər. Dünya yaranandan bu tərəfə insan oğlunun rahat yola ehtiyacı olduğu kimi, yolların da insanlara, onların qayğısına ehtiyacı olub. Rahat yol uzaq məsafələri qısa edib, gediş-gəlişi asanlaşdırıb. Nahamar yol isə əksinə. Üzərindən o qədər də uzun vaxt keçməyib. Sovet dövründə ucqar kəndlərdə ara-sıra məktəb, mədəniyyət evi, klub və sair tikilərkən belə, həmin ünvanlara gedən yolların rahatlığı “unudular” və ya çox səthi olaraq öz həllini tapardı. Bu da kəndlə şəhər arasındakı fərqi ortaya qoymaq üçün sanki bir sübut rolunu oynayardı. Ədəbi nümunələrimizin də canına hopmuş bu kənd yollarının son dayanacağı hamımız üçün xəyal və müəmmadan başqa bir şey olmazdı. Daşlı-kəsəkli, tozlu-torpaqlı kənd yollarından şəhərə məsafə çox uzaq və yorucu görünərdi. Ancaq zaman keçdikcə bu uzaq və yorucu yollar bizə daha yaxın olmağa başladı.
Yol insanlar üçün mənzil başına çatmaq vasitəsi sayılmaqla bərabər, həm də mədəni inkişafın göstəricisi kimi qəbul edilir. Məhz buna görə də ümummilli liderimiz Heydər Əliyev “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir” söyləməklə yol infrastrukturuna ciddi diqqət yetirib. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına da əlverişli şərait yaradıb. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)”na uyğun olaraq, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Son illər Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralı, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolu, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Yenidənqurma işlərinə ötən ildən başlanılmış, uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda işlər davam etdirilməklə yanaşı, bu il Hacıvar-Vayxır-Sirab avtomobil yolunun da yenidən qurulmasına başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən, avtomobil yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılıb. Yol tikintisi “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
İş icraçısı Ramin Əsədovun dediklərindən:
– Hacıvar-Vayxır-Sirab avtomobil yolu 25,6 kilometri əhatə edəcək. Yolun asfalt örtüklü hissəsinin eni 9 metr olacaq. Yol yatağı eninin isə 11 metrədək genişləndirilməsi nəzərdə tutulub. Hazırda Vayxır kəndi ərazisindən başlayaraq yolun 2 kilometri asfaltlanıb, 15 kilometrədək məsafədə isə bərkitmə işləri başa çatdırılaraq asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Yolun digər hissələrində su keçidləri inşa olunur, Naxçıvan-Şahbuz-Batabat magistralına birləşəcək yerdə isə körpü tikilir. Körpünün uzunluğu 34 paqonometr, eni 9 metr olacaq. İndi körpüdə dayaqlar üzərində beton-qəlib işləri görülür.
18 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab avtomobil yolunun yenidən qurulmasını kənd sakinləri də böyük minnətdarlıq hissləri ilə qarşılayırlar.
Vayxır kənd sakini Hikmət Əhmədov:
– Muxtar respublikamızda aparılan bu işləri gördükcə adamın ürəyi dağa dönür. Sevinirik ki, kəndimizdən hansı istiqamətə getsək, istər Naxçıvan şəhərinə, istərsə də Şahbuz rayonuna yolumuz çox rahat olacaq. Xüsusilə rayon mərkəzinə gedən yolun yaşayış məntəqələrindən keçən hissələri dar və ensiz, çala-çuxur olduğundan yollar xeyli vaxtımızı alırdı. Tezliklə bu problemlər geridə qalacaq.
Xalxal kənd sakini İlqar Quliyev isə fikirlərini belə dilə gətirir:
– Kəndimizin coğrafi mövqeyi elədir ki, mütəmadi olaraq gediş-gəliş üçün həm Şahbuz rayonuna gedən yoldan, həm də indi çəkilən Hacıvar-Vayxır-Sirab yolundan istifadə edirik. İşlər qurtardıqdan sonra kəndimiz hər iki rahat avtomobil yolunun ortasında qalacaq. Vallah bundan sonra adamın “kənddə yaşayıram” deməyə dili də gəlməyəcək.
Qeyd edək ki, bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulan Hacıvar-Vayxır-Sirab avtomobil yolu ikitərəfli hərəkət zolağından ibarət olacaq. Yol boyu 4 yeni körpü, 120 su keçidi və suötürücüləri, yolun müvafiq hissələrində beton suaxıdıcı kanallar yerləşəcək ki, bu da yolun təbii təsirlərə qarşı davamlılığında mühüm rol oynayacaqdır. Haqqında danışılan yolun əsas cəhətlərindən biri də Naxçıvan-Culfa magistralı ilə Naxçıvan-Şahbuz-Batabat magistral yolunu bir-birinə birləşdirməsidir. Bu isə avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Ordubad-Culfa-Şahbuz-Batabat və əks istiqamətə rahat və təhlükəsiz hərəkətinə imkan verəcək, Naxçıvan şəhərində nəqliyyatın sıxlığının qarşısını alacaqdır.
Səbuhi HƏSƏNOV