Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada bu gün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, mütərəqqi təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Ötən dövrdə yaradılmış belə müəssisələrdən biri də “Sumqala Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hazırda bu sahibkarlıq subyekti muxtar respublikada meyvəçiliyin və üzümçülüyün inkişaf etdirilməsi sahəsində mühüm addımlar atır. Bu il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə isə adıçəkilən müəssisənin rəhbəri Kazım Mehdiyev “Biznesdə uğur – 2017” nominasiyası üzrə “İlin sahibkarı” adına layiq görülüb. Elə biz də sahibkarla Naxçıvan-Culfa avtomobil yolunun 15-ci kilometrliyində, şose yoldan bir az aralı salınmış yeni alma və üzüm bağında görüşüb söhbətləşdik.
Öyrəndik ki, Kazım Mehdiyev Babək rayonunun Nehrəm kəndindəndir. O, 2015-ci ildə “Sumqala” Nehrəm üzümçülük təsərrüfatını yaradıb. Onun dediklərindən: “Bildiyiniz kimi, muxtar respublikamızın ərazisi üzümçülük üçün münbit torpaqlara malikdir. Vaxtilə Naxçıvanın, demək olar ki, bütün bölgələrində bu sahə inkişaf etdirilib. Babək rayonu da bu sırada istisna deyil. Bizim hazırda bağçılıqla məşğul olduğumuz ərazi Babək və Culfa rayonlarının tam sərhədində yerləşir. Buradakı düzənliklərdə indiyədək heç bir əkin sahəsi olmayıb. Buna görə də Culfa rayonunun Qızılca kəndindən, təxminən, 12 kilometr məsafədən əraziyə su xətti çəkmişik. Suyun toplanması üçün burada 3 ədəd 1000 tonluq su çənləri qoyulub və su əraziyə 2 nasos stansiyası ilə paylanılır. Suvarma damcı üsulu ilə aparılır. Bundan əlavə, ərazidə inzibati bina, texnikaların təmiri və saxlanılması üçün anbar yerləşir.
Sahibkar bizə məlumat verir ki, 3 il bundan əvvəl 75 hektar ərazidə üzüm bağı salınıb. Digər 15 hektar ərazini isə alma bağı təşkil edir. Üzüm tingləri “Sultanina”, “Viktoria”, “Cardinal”, “Qara kişmiş”, “Ağ kişmiş”, “Natilde” və digər üzüm sortlarıdır ki, bunların hamısı hazır calaq edilmiş formada Avropadan gətirilib. Bu üzüm sortları keyfiyyətinə, məhsuldarlığına görə fərqlənirlər. Eyni zamanda üzüm tingləri 24 dərəcə soyuq temperatura qədər dözümlüdür. Buna görə müasir standartlara uyğun olaraq əkilmiş üzüm tinglərini qış fəslində torpaq və ya polietilenlə basdırmağa ehtiyac yoxdur. Müsahibimin sözlərinə görə, payız mövsümündə üzüm tinglərinin aşağı hissəsi 30 santimetr hündürlükdə torpaqla örtülür ki, burada əsas məqsəd calaq olunmuş hissənin donmamasıdır.
Alma bağında əkilmiş tinglər də məhsuldarlıq baxımından fərqlidir. Sarı, qırmızı, tünd-qırmızı, yaşıl rənglərdə olan “Golden rinders”, “Granny Smith”, “Rink Lady”, “Galaval Gala” və digər növlərin tingləri də Avropadan gətirilib. Bu tinglərin seçilməsində də muxtar respublikanın iqlimi əvvəlcədən nəzərə alınıb.
Kazım Mehdiyev bildirdi ki, bu il üzüm bağından nübar məhsul götürülüb. Bağa aqrotexniki tələblərə uyğun olaraq aqronom və bu sahədə təcrübəsi olan işçilər tərəfindən qulluq edilir. Hazırda təsərrüfatın 106 işçisi var. İşçilər üçün burada hərtərəfli şərait yaradılıb. Onlar isti yeməklə, evə gedib-gəlmək üçün nəqliyyat vasitəsi ilə təmin olunublar.
Öyrəndik ki, burada, həmçinin yeni istehsal müəssisəsi də yaradılıb. Belə ki, tədarük edilən məhsulun qablaşdırılması üçün ərazidə plastik qutuların istehsalı müəssisəsi tikilib, yeni avadanlıqlar quraşdırılıb. Artıq son tamamlama işləri başa çatdırılıb, nümunə üçün məhsullar istehsal olunub. Eyni zamanda soyuducu anbarların yaradılması işi də başa çatdırılıb ki, bu da sahələrdən yığılan məhsulun müasir tələblərə uyğun saxlanılması üçün başlıca şərtdir.
Kazım Mehdiyev bizimlə söhbəti zamanı onu da bildirdi ki, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün göstərilən dövlət dəstəyi bir sahibkar kimi bizi çox sevindirir. O qeyd etdi ki, bu il oktyabrın 21-də müəssisəmiz Fransanın paytaxtı Paris şəhərində SIAL Paris Beynəlxalq ərzaq sərgisində təmsil olunub. Göstərilən etimada, qayğıya, eləcə də yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirən Kazım Mehdiyev bundan sonra da muxtar respublikamızın iqtisadi inkişafına töhfə verəcəklərini, daxili bazarın qorunmasında, yeni iş yerlərinin yaradılmasında yaxından iştirak edəcəklərini bildirdi.
Bəli, son illərdə muxtar respublikamızda kənd təsərrüfatının inkişafı sahəsində əhəmiyyətli addımlar atılır. Üzümçülüyün, meyvəçiliyin inkişafı ilə bağlı mühüm dövlət proqramları icra olunur. Bu istiqamətdə görülən işlər yaxın gələcəkdə aqrar sektorda qazanılacaq yeni nailiyyətlərə ümidləri bir daha artırır.
Səbuhi HƏSƏNOV