23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada təhsil sahəsinə xüsusi qayğı göstərilir, gənc­lərin bilikli, ixtisaslı kadr kimi yetişmələri daim diqqətdə saxlanılır, bu sahədə dövlət proqramları və genişəhatəli layihələr həyata keçirilir. Maliyyə Nazirliyi tərəfindən icrasına yeni başlanılan “Gənclərdə büdcə savadlılığı” layihəsi də muxtar respublikada bu sahədə aparılan işlərin davamıdır.
Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə layihə çərçivəsində ilk təlim Naxçıvan Dövlət Texniki Kollecində keçirilib.Təlimə təhsil ocağının Mühasibat uçotu, Bank işi, Rabitə qovşaqları və kommunikasiya sistemləri və digər ixtisasları üzrə 100-dən çox tələbə cəlb olunub. Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq belə tədbirlərin faydalarından bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək yeni layihə haqqında ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən hamiliyə götürülən müvafiq ixtisaslarda təhsil alan tələbələrlə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Növbəti layihə də məhz müvafiq sərəncamın icrası istiqamətində görülən işlərin tərkib hissəsidir. Belə tədbirlərin digər təhsil müəssisələrində də keçirilməsi planlaşdırılıb. Aparat rəhbəri çıxışında Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq ali və orta ixtisas təhsili müəssisələrində keçirdikləri elmi-praktik, maarifləndirici tədbirlərin tələbələrin yüksək səviyyədə hazırlığı və gələcəkdə iş yerləri ilə təmin olunmalarındakı əhəmiyyətini də vurğulayıb.

Sonra Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova çıxış edərək mərkəzin fəaliyyəti haqqında və keçirilən təlimin pro­qramı barədə məlumat verib. Tədbirin proqramına uyğun olaraq Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynovun “Dövlət büdcəsini anlayaq”, nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyevin “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” mövzularında hazırlanmış təlim materialı təqdim olunub. Mövzulara müvafiq olaraq gənc­lərdə ailə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, gəlirin idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışılıb.
Tədbirdə mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 3 komanda iştirak edib və iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar və plaketlər təqdim olunub, qalib komandanın hər bir üzvünə oxunması zəruri olan kitablar verilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR