Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb, dekabrın 5-də Şahbuz rayonunun Ağbulaq kəndində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar verib.
Verilmiş tapşırıqların icrasını təmin etmək üçün Ağbulaq kəndində torpaq sahələrinin plana alınması və daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması işlərinə başlanılıb. Dekabrın 8-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə Ağbulaq kəndində sakinlərə görüləcək işlərlə bağlı məlumat verib.
Bildirilib ki, dövlətimizin diqqət və qayğısı sayəsində kənddə aparılmış kompleks quruculuq tədbirləri çərçivəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərində də yenidənqurma işləri aparılıb, həyətyanı sahələr abadlaşdırılıb. Baş vermiş dəyişiklikləri vətəndaşlara verilən texniki və mülkiyyət sənədlərində düzgün əks etdirmək üçün aparılacaq planaalma işləri nəticəsində vətəndaşlara məxsus torpaq sahələrinin sərhədləri dəqiqləşəcək, daşınmaz əmlak obyektləri pasportlaşdırılaraq uçota alınacaq. Komitənin səyyar xidmət qrupu tərəfindən mülkiyyət sənədləri hazırlanaraq yerindəcə vətəndaşlara təqdim ediləcək. Nəticədə, kənd sakinlərinin rahatlığı təmin olunacaq, onların rayon mərkəzinə və Naxçıvan şəhərinə üz tutmalarına zərurət yaranmayacaq.
Torpaq ehtiyatlarının qorunması və səmərəli istifadənin təmin edilməsi ilə bağlı məlumat verən komitə sədri qeyd edib ki, hər bir torpaq mülkiyyətçisi yaradılan şəraitdən düzgün bəhrələnməli, torpaqlardan məqsədyönlü şəkildə istifadə edilməlidir. Torpaq sahələrinin özbaşına tutulması, qanunsuz tikililərin inşası hallarına yol verilməməlidir.
Sonra kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti