Yazın gözü açılandan bəri hər həftənin şənbə və bazar günləri şəhərimizdəki mərkəzi bazarda əsl bayram ab-havası hökm sürür. Ötən şənbə günü də yarmarkaya məhsul çıxaran zəhmətkeşlərin hər zaman olduğu kimi çöhrələrindən təbəssüm yağırdı. Onlar tədarük etdikləri məhsulları Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına gətirmişdilər.
Burada hər bir bölgəmiz üçün ayrılmış bölmələrdə tanıtım lövhələri yerləşdirilib. Piştaxtalarda təravəti ilə gözoxşayan bostan, tərəvəz məhsullarının, dağlarımızın, düzlərimizin ərməğanı olan və incə zövqlə sərgilənən ələyəz, əvəlik, kəklikotu, çobanyastığı, həmərsin kimi nemətlərin xoş rayihəsini duymaq olur.
İlk olaraq Şərur rayonu üçün ayrılmış bölməyə doğru addımlayıram. Xeyli aralıdan rayonun Aralıq kənd sakini, festivallardan yaxşı tanış olan Namiq Musayevi görürəm. Onun piştaxtasındakı xüsusi zövqlə qablaşdırılan məhsullar arasında müxtəlif şəfalı bitki və meyvə quruları, turşular, süd məhsulları, müalicəvi içkilər alıcı diqqətini çəkir, eyni anda bir neçə insan həmin nemətlərdən almağa çalışır. Bir qədər gözləyirəm. Namiq Musayev alıcıları yola saldıqdan sonra onunla söhbətləşirəm. Deyir ki, cari ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında uğurla iştirak edərək məhsullarını yaxşı tanıtdıra bilib. Elə alıcı çoxluğu da bu səbəbdəndir. O, yarmarkadan könül razılığı ilə danışır:
– Hər il bahar fəsli yurdumuza qədəm qoyandan ailəliklə torpaq sahəmizə üz tutur, əkin işləri aparırıq. Yaradılan əlverişli imkanlar sayəsində keyfiyyətli və bol məhsul yetişdiririk. Hasilə gələn məhsulları da elə ilboyu təşkil olunan yarmarkalarda sataraq özümüzə gün-güzəran qururuq. Mənim üçün bu ilin əkin-biçin dövrü ötən illərdəkindən daha uğurlu oldu. Həm festival, həm də yarmarkalar vasitəsilə xeyli məhsul satıb ailə büdcəmi zənginləşdirə bildim. Onu da qeyd edim ki, yarmarkaya çıxardığım məhsullar arasında dağlarımızdan, düzlərimizdən topladığımız şəfalı bitkilər də çoxdur. Belə ki, il ərzində tez-tez ailəmlə Şərur rayonunun dağətəyi zonalarına üz tutur, dərdə dərman, cana məlhəm bitkilərdən yığır, qurudaraq xüsusi paketlərdə qablaşdırırıq. Bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunan həmin bitkiləri alıcılar böyük maraqla qarşılayır, qısa müddətdə gətirdiyimiz məhsulu satıb qurtarırıq.
Piştaxtalara göz gəzdirəndə məndən bir neçə addım öndə, babəklilərin məhsul satdıqları piştaxtaların qarşısında iki nəfərin aldıqları məhsulları torbaya yığdıqlarını görürəm. Yaxınlaşıb həmsöhbət olur, yarmarka ilə bağlı təəssüratlarını öyrənirəm. Naxçıvan şəhər sakini Səlvər Baxşəliyev deyir ki, hər həftənin şənbə və bazar günləri keçirilən yarmarkaları səbirsizliklə gözləyirəm. Düzdür, dükanlarda da yaxşı məhsullar olur, oradan da alış-veriş edirəm. Ancaq yarmarkanın üstün cəhəti ondadır ki, burada yerli məhsul çeşidi bol olduğu üçün seçim imkanımız daha genişdir. Digər tərəfdən qiymət münasibliyinin olması büdcəmizə xeyli qənaət etməyimizə imkan verir. Babək rayonundan gətirilmiş pendir və xırnik aldım, dad-tamına da baxdım, çox xoşuma gəldi.
Yarmarkada Şahbuz rayonu üçün ayrılmış hissədə də məhsul çeşidlərinin bolluğu və nəfis görünüşü nəzərə çarpır. Elə buna görədir ki, rayonun torpaq adamları alıcı sıxlığından, sözün əsl mənasında, baş qaşımağa da vaxt tapa bilmirlər.
Rayonun Sələsüz kənd sakini Münəvvər Quliyevaya məxsus piştaxtada alça, tut quruları, badam, həmərsin, çaşır, cacıq, dazotu və daha neçə-neçə naz-nemət gözümə dəyir. Deyir ki, bölgəmizin ecazkar təbiəti, dövlətimizin torpaq adamlarına qayğısı bizi işimizə-gücümüzə daha sıx tellərlə bağlayır. Artıq bir neçə ildir ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası biz əkib-becərənlərin, məhsul bolluğu yaradanların sevimli məkanına çevrilir. İndi burada haraya göz gəzdirsən, alın təri hesabına yaradılan bolluğu görə bilərsən. Mən də mütəmadi olaraq yarmarkalarda iştirak edir, yetişdirdiyim məhsulları sərfəli qiymətə satır, evimə ruzi aparıram. Yarmarkanın təşkilində əməyi keçənlərə minnətdarlığımı bildirirəm.
Artıq bəzi piştaxtalarda məhsulların qurtardığını görmək olur. Əllərində dolu torbalarla evlərinə doğru tələsən insanlar buradan razılıqla ayrılırlar. Təsərrüfatçılar isə şən əhval-ruhiyyədə deyə-gülə boşalmış kisələrini bir yerə toplayır, ortalığı səliqə-sahmana salaraq öz obalarına qayıdırlar. Gedirlər ki, gələn həftə yenə belə bol məhsullarla qayıda bilsinlər. Mən də bu zəhmət adamlarına belə ruzi-bərəkətlə dolu xoş günlər arzulayır, növbəti kənd təsərrüfatı məhsullarının satış yarmarkasında görüşmək ümidiylə oradan ayrılıram.
Həmin gün məhsul yarmarkasında muxtar respublikanın emal və istehsal müəssisələrinin məhsulları da özünə yer almışdı. Belə məhsullara da tələbat çox idi.
Məlumat üçün qeyd edim ki, 18 istehsal müəssisəsinin də iştirak etdiyi növbəti yarmarkaya, ümumilikdə,168 çeşiddə 26 tona yaxın məhsul çıxarılmışdı.
Nail ƏSGƏROV