Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti noyabr ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Belə ki, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası davam etdirilmiş, ictimai nəqliyyatda xidmətin keyfiyyətinə və xəttə buraxılan, həmçinin yükdaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin texniki cəhətdən saz olmalarına nəzarət artırılmış, ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə əlaqə saxlanılmış, mövcud çatışmazlıqların aradan qaldırılması üçün onlara lazımi köməklik göstərilmişdir.
Şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək üçün tədbirlər görülmüş, Xətai məhəlləsində yeni obyektlərin istifadəyə verilməsi ilə əlaqədar 1 nömrəli marşrut xəttinin hərəkət istiqaməti uzadılmışdır.
Noyabr ayında beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyətinə nəzarət gücləndirilmiş, Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilmişdir. Bu dövrdə İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1135, Bakıdan Naxçıvana isə 1008 sərnişin daşınmış, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilmiş, 483 taksi sərnişindaşıma fəaliyyətini davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidməti