Başa çatmaqda olan 2018-ci il istər dünya iqtisadiyyatı, istərsə də ölkəmizin mühüm iqtisadi əlaqələri olduğu yaxın region ölkələri üçün ciddi şəkildə dalğalanmalarla yadda qaldı. Bu dövrdə qlobal bazarların məruz qaldığı tərəddüdlər qarşısında milli iqtisadiyyatların davamlı artımına nail olunması üçün görülən tənzimləmə tədbirləri öz zəruriliyini bir daha ortaya qoydu. Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üzrə görülmüş işlər, bütövlükdə, ölkəmizdə regional iqtisadiyyatın inkişafı üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq yolunda nümunə olmaqla bu il də öz əhəmiyyətini bir daha təsdiq etdi.
Cari ildə muxtar respublikamızın iqtisadi inkişafının səviyyəsi haqda ümumi bitkin təsəvvürü ümumi daxili məhsulun həcminin artım dinamikası yaradır. Belə ki, Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin yanvar-oktyabr aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox, yəni 2 milyard 172 milyon 378 min manatdan çox ümumi daxili məhsul istehsalı mümkün olub ki, burada da ilk yeri 827 milyon 648 min 800 manat dəyəri ilə sənaye sahəsi tutur. Daxili ehtiyatlardan səmərəli istifadə olunması nəticəsində əldə olunmuş artım ümumi daxili məhsulun keyfiyyət göstəricisi olan əhalinin hər bir nəfərinə düşən həcmində də özünü göstərib. Bu göstərici daha çox artımla nəticələnərək 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4 min 783 manata yaxın olub.
Təhlil olunan dövrdə muxtar respublikanın iqtisadi həyatının bütün sahələrində müsbət dinamika davam etdirilib. Sektorlar arasında bank-kredit fəaliyyətində daha çox artım müşahidə olunub. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 44 milyon 118 min 500 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 1,7 dəfə çoxdur. Verilmiş kreditlərin 4 milyon 802 min 300 manatı və yaxud 10,9 faizi qısamüddətli, 39 milyon 316 min 200 manatı və yaxud 89,1 faizi uzunmüddətli kreditlər olub.
Cari ildə də real sektorun dəstəklənməsi nəticəsində iqtisadi artımda aqrar sektora düşən pay artıb. Belə ki, bəhs olunan dövr üçün kənd təsərrüfatı məhsulları istehsalında 4,1 faizlik artım müşahidə olunaraq 386 milyon 792 min manatdan çox həcmdə ərzaq məhsulları istehsal edilib.
Yerli istehsalın həcminin artırılması və beynəlxalq iqtisadi əlaqələrin miqyasının genişləndirilməsi ilə muxtar respublikanın xarici ticarət əlaqələrində də artım dinamikası qorunub saxlanılıb. Belə ki, cari ilin yanvar-oktyabr aylarında 374 milyon 768 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 330 milyon 369 min 200 ABŞ dolları təşkil edib, 285 milyon 970 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Naxçıvanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əhali tələbatlarının daha çox yerli məhsullar hesabına ödənilməsi, ixracyönümlü fəaliyyətin stimullaşdırılması ilə bərabər, həm də idxaldan asılılığın əhəmiyyətli dərəcədə azaldılması bu sahədə müsbət nəticələrin əldə olunmasına imkan verib. Belə ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Təsərrüfat subyektlərində iqtisadi fəallığın qorunub saxlanılması burada işlə təmin olunmuş işçilərin gəlirlərinin də artımına təsir edib. Belə ki, cari ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata çatıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Göründüyü kimi, muxtar respublikamızda sakinlərin rifahına və mədəni səviyyəsinə təsir edən tarazlı inkişafın təmin olunması istiqamətində görülən tədbirlər öz bəhrəsini verməkdədir. Bu isə cəmiyyətimizdə bərqərar olmuş möhkəm sabitliyin və davamlı olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin məntiqi nəticəsidir.
Əli CABBAROV