23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda arıçılığın inkişafına böyük diqqət yetirilir. Arıçılığın kompleks şəkildə inkişafına nail olmaq məqsədilə qəbul edilən dövlət proqramı, arıçılıqla məşğul olan sahibkarlara yaradılan şərait, arıçılıq məhsulları – bal festivallarının keçirilməsi bu sahənin inkişafına müsbət təsirini göstərib. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikamızda cəmi 6045 arı ailəsi var idisə, artıq bu gün 71 mindən çox arı ailəsi qeydə alınıb. 

Bəs payızda arı ailələrinin qışlamaya hazırlanması üçün hansı işlər görülməlidir? Arıçılar nələrə diqqət etməlidirlər? Bu barədə həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika sektorunun baş məsləhətçisi Elnur Əliyevdir:
– Arıçılıq iqtisadi sahədən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından xeyirli, ən faydalı təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa və iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir. Arı ailələrinin qışlamadan çıxması və yazda inkişafı payız dövründə güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirilməsindən çox asılıdır.

Həmsöhbətimiz deyir ki, ailədən balı götürərkən qışlama dövrü üçün keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Qış-yaz dövrü üçün ballı və ballı-güləmli şanların hazırlanmasına əsas məhsuldarlıq dövrünün birinci yarısından başlanmalıdır. Çünki həmin vaxt arılar yüksəkkeyfiyyətli bal toplayırlar. Qışlama dövrü üçün ehtiyat yemin kifayət qədər olması böyük əhəmiyyətə malikdir. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70-80 faizi yuvada, qalan hissəsi isə anbarda saxlanmalı və ehtiyac olduqda arılara verilməlidir. Hər çərçivə­arası arı üçün 2-2,5 kiloqram bal ­olmalıdır.
Başqa canlılardan fərqli olaraq bal arıları qış üçün ehtiyat yem toplayır. Arıların qışlamaya hazırlaşmasının ilk əlaməti onların qış topası əmələ gətirməyə başlamalarıdır. Qış topasının yaradılma vaxtı ailənin gücündən çox asılıdır. Güclü ailələrdə yuvada temperatur 7, orta gücdə olan ailələrdə 10, zəif ailələrdə isə 13 dərəcəyə yaxın istilik olduqda qış topası yaranmağa başlanır. Arılar istiyə doğru hərəkət etməklə çərçivələrin mərkəzi hissəsinə sıxılıb üzəri möhkəm olan topa yaradırlar. Topanın daxili hissəsinin mərkəzində temperatur yüksək olub 28-32 dərəcəyə qədər artır. Onun yuxarı hissələrinə qalxdıqda temperatur tədricən azalır, aşağı hissəsində isə kəskin surətdə aşağı düşür. Topanın xarici qatında bu zaman 6-10 dərəcə olur.
Arılar qışa hazırlıq məqsədilə yuvaya vərəmum gətirib pətəyin açıq hissələrini bağlayır və uçuş bacasını kiçildirlər. Onlar vərəmum vasitəsilə yuvaüstü taxtanın aralıqlarını bağlayır və çərçivələri pətəyə yapışdırırlar. Arı ailəsi nektar yığdığı bütün dövrlərdə yuvanın kənar şanlarında qış üçün ehtiyat yem toplayır. Uçuş bacasının qarşısında yerləşən çərçivələrdə arılar qış topası əmələ gətirir və tədricən yemi yeməklə çərçivənin yuxarı hissəsinə doğru hərəkət edirlər. Şanın həmin hissələrində arı topasının yaratdığı istiliyin təsirindən şanlar və bal yumşaq olur. Belə vəziyyətdə arılar bal gözcüyünün qapağını asanlıqla açırlar. Möhürü açılmış bal yuvanın daxilində olan su buxarını çəkir və istifadə üçün yararlı bir şəkil alır. Nektar gəliri dövrü qurtardıqdan sonra arılar erkək arıları ailədən qovurlar. Yuvadan onların qovulması instinkt əlaməti olmaqla, toplanmış yemə qənaət məqsədi güdür.
Qışlama müddətində arılar toplanmış ehtiyat yemdən istifadə etməklə qış fəsli boyunca özləri üçün zəruri olan enerjini istehsal edirlər. Bütün qış müddətində topanın daxili təbəqəsində gündəlik temperaturda çox cüzi dəyişkənlik olur (gün ərzində 1-2 dərəcə). Fevral ayının axırında topanın mərkəzində temperatur 32-33 dərəcəyə qalxır və ana arının yumurta qoyması üçün şərait yaranır. Arı topası şanın yuxarı hissəsində olan ehtiyat yemi tamamilə istifadə etdikdən sonra yuvanın arxa hissəsinə doğru hərəkət edir. Topanın yerləşdiyi nahiyədə olan ehtiyat yem qışın ortalarında qurtararsa, ailənin normal qışlaması təhlükə qarşısında qalır. Bu zaman onlar pətəyin kənarlarına doğru hərəkət edirlər. Bəzən topa iki hissəyə bölünərək hərəsi yuvanın müxtəlif tərəflərinə keçir. Pətəyin bir tərəfinə keçmiş arı ailəsi orada qalmış yemdən tamamilə istifadə etdikdən sonra aclıqdan məhv olur. İki hissəyə bölünmüş arı topası mövcud yemdən çox istifadə etdikdə zəifləyir, uzunmüddətli qış dövründə isə məhv olurlar. Belə halların baş verməməsi üçün qışlama dövründə 2 kiloqramdan az olmayan ehtiyat yemli şanlardan istifadə edilməlidir.
Elnur Əliyev onu da bildirir ki, arı ailələrinin gücü artdıqca onların qidalanma tələbatı da artır. Normal arı ailə­sində ana arı yumurtanı qışlamanın sonunda, narahat ailələrdə isə dekabr ayında qoymağa başlayır. Ailədə arı artımının olması qış topasının seyrəkləşməsinə və artıq yemin istifadə edilməsinə səbəb olur. Ona görə də arı ailə­lərinin normal qışlamasını təmin etmək üçün vaxtında zəruri tədbirlər görmək lazımdır.
Baş məsləhətçi onu da qeyd edir ki, arı ailəsinin inkişafı üçün lazımi şərait yaratmaq, ana arının yumurta qoymasını sürətləndirmək, arıxanada tələb olunan istilik rejimini saxlamaq, enerji və balın sərf olunmasını azaltmaq üçün yazda və payızda yuvanın daha yaxşı isidilməsini təmin etmək lazımdır. Ona görə də bu məqsədlə yuvaların vaxtında, düzgün qaydada qısaldılmasının əhəmiyyəti böyükdür. Bunun üçün arı ailə­sinin gücündən asılı olaraq şan çərçivəsi saxlanılır. Arıların miqdarı azaldıqca artıq şanlar çıxarılır. Yuvada tələb olunan rejimin saxlanılmasında, arıların inkişafında və yemin sərf olunmasında istilik olduqca mühüm rol oynayır. Normal istilik enerjisi yaratmaq üçün arılar enerji və yem sərf etməyə başlayırlar. Yuvada istilik rejimini saxlamaq məqsədilə arı sürfələri olan çərçivələr pətəyin ortasında yerləşdirilir, hər iki tərəfdən arakəsmə taxta ilə qısaldılır. Həmin tərəflərdə əmələ gəlmiş boşluqlara pətəyin divarı ilə arakəsmə taxtası arasına hər hansı bir istiləşdirici (pambıq döşəkcə) qoyulur. Arıxanada güclü arı ailələrinin yuvaları yalnız üstdən, orta gücə malik ailələrin üstdən və bir yandan, zəif ailə­lərin isə üstdən və iki yandan isidilməsi məsləhət görülür.
Muxtar respublikamızda qışın sərt şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri, əsasən, qışlama binalarında saxlanılır. Burada soba yandırmaq olmaz. Çünki qışlama binasının çox isti olması da yolverilməzdir. Bu, pətəkdəki balın rütubət almaq qabiliyyətini itirməsinə, arı ailəsinin susuzluq çəkməsinə və arı topaları daxilində temperatur rejiminin pozulmasına səbəb olar. Belə halda topa parçalana bilər və bu, qışlamanın normal keçməsinə pis təsir göstərər.
Noyabr ayından fevral ayının axırınadək arılar fəaliyyətsiz olur, bu müddət ərzində onlar açıq havada saxlandıqda belə, uçmur, hətta pətəyin daxilində heç bir iş görmürlər. Bu zaman arılar çərçivələrin arasında yaza kimi bir-birinə möhkəm sıxılır, hərdən yem ehtiyatı olan yerə tərəf hərəkət edirlər.
Başqa canlılardan fərqli olaraq arılar qışda anabioz (yuxu vəziyyəti) halında olmur, nəfəs alır, qidalanır və pətəkdə otaq temperaturu səviyyəsində (12-20 dərəcə) istilik saxlayırlar. Arılar qaranlıqda qışlayır. Ən zəif işıq və səs onlara həyəcan gətirir, qış topasının dağılmasına səbəb olur. Buna görə də qışlama binasında tam sakitlik olmalıdır.
Arıçı sahibkarlar göstərilən tövsiyələrə əməl etməklə arı ailələrini qışlamadan sağlam çıxarar, onların sayını artırar və keyfiyyətli bol məhsul istehsal etmiş olarlar.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR