... Abad, gözəl görkəmdə görərsən hər birini.
Ordubad rayonunun Gəmiqaya qolu üzərində yerləşən kəndlərində aparılan kompleks quruculuq tədbirlərindən yazı hazırlamalı idik. Ucqar dağ kəndlərinə gedəcəyimizi nəzərə alaraq, Naxçıvan şəhərindən vaxtlı çıxmağı planlaşdırmışdıq. Redaksiyadan rayona yola düşərkən səhər tezdən idi. Naxçıvan-Ordubad magistralının Aza kəndi istiqamətindən sola ayrılan yerdə avtomobili saxladıq. Bu an yolda inşaat materialları ilə dolu olan maşın karvanı göründü. Adətən, bu istiqamətdə gedən maşınlar burada dayanır, sürücülər maşının sazlığını yoxlayır, sonra yola düşürlər. Yük maşınlarının sürücüləri də dayanıb maşınların sazlığını yoxlamağa başladılar. Onlarla elə iş başında həmsöhbət olmaq istədik. Özünü Surxay Kazımov kimi təqdim edən ortayaşlı sürücü bildirdi ki, Nürgüt kəndinə gedirlər.
Bir qədər söhbətdən sonra sürücülər də, biz də yola düzəlirik. Təkcə bağlar diyarının deyil, muxtar respublikanın ən füsunkar ünvanlarından olan, Gəmiqayayadək uzanan bu yol ilk andan sərnişinlərə xoş təəssüratlar bağışlayır. Minbir zümzümə ilə axan Gilançaydan qalxan xəfif meh insanın ruhunu təzələyir. Xüsusilə də ilin bu vaxtı. Budur, bu təəssüratları ilk olaraq Sabirkənd yaşayış məntəqəsində alırıq. Bu kənddə də quruculuq tədbiri həyata keçirilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları bu yaşayış məntəqəsində 4 mərtəbədən ibarət yeni məktəb binasının tikintisində çalışırlar. Evi məktəb binasına yaxın olan kənd sakini Şahvələd Məmmədov Sabirkəndə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirir. Vurğulayır ki, ötən illərdə Sabirkənddə kənd və xidmət mərkəzləri, məscid binası, həkim ambulatoriyası istifadəyə verilib. Kəndin yoluna qara örtük salınıb. Bu gün Sabirkənd müasir Azərbaycan kəndinin nümunəsidir. Kənd adamları da onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq qurub-yaradır, iqtisadi inkişafımıza öz töhfələrini verməyə çalışırlar. Yaşayış məntəqəsində bir qarış torpaq belə, əkilməmiş qalmır. Bu gün bu qiymətli sərvət kənd adamının halal qazanc mənbəyinə çevrilib. Bunu yol kənarlarındakı əkin sahələrində də görürük. Sabirkənddə, əsasən, meyvəçilik, əkinçilik və tərəvəzçilik inkişaf etdirilir. Göz işlədikcə uzanan münbit torpaqlarda yeni salınmış meyvə bağları, taxılı biçilməkdə olan zəmilər, məhsulu toplanılan tərəvəz əkini sahələri qaynar həyatdan soraq verir. Bu yerlərə yaxşı bələd olduğumdan yaşayış məntəqəsinin neçə illər əvvəlki görkəmini xatırlayıram. Yadıma elə bu kəndin sakini, ixtisasca aqronom olan İsrafil Məmmədovun söhbəti düşür:
– Sabirkənddəki ictimai təsərrüfat muxtar respublikanın ən varlı təsərrüfatlarından biri olub. Ancaq nə fayda? Kənd adamları o dövrdə nə qədər zəhmət çəksələr də, qazandıqları ilə öz gün-güzəranlarını birtəhər qururdular. İndi torpağın sahibi olan hər bir sabirkəndli daha yaxşı yaşayır. Əkir, becərir, həm özünü yaşadır, həm də daxili bazara töhfəsini verir...
Yolumuza davam edirik. Qarşıda Gilançayın sağ sahilində yerləşən Baş Dizə kəndidir. Dağın ətəyində qərarlaşan bu kiçik yaşayış məntəqəsi yaşıllıqlar içərisində gözəgörünməz olub. Ötən illərdə burada ölkə başçısının iştirakı ilə Biləv Su Elektrik Stansiyası istifadəyə verilib. Stansiyanın yaxınlığında dayanıb kəndə baxırıq. Fotoqrafımız bir-birindən gözəl kənd mənzərələrini fotoaparatın yaddaşına köçürür. Bir neçə il əvvəl yenidən qurulan yolla irəlilədikcə bu mənzərələr dəyişir. Qarşıda isə bizi yeni quruculuq mənzərələri gözləyir. Biləv kəndinin aşağısında Gilançay üzərində salınmış körpünü keçərək Nürgüt kəndi istiqamətinə yol alırıq. Bu yol üstündəki Bist, Ələhi, Xurs, nəhayət, Nürgüt yaşayış məntəqələri möhtəşəmlik rəmzi olan dağların ətəklərinə sığınıblar. Elə zəngin yaşıllığa malikdirlər ki, hətta dağ yamaclarından belə, kənddəki evləri görmək mümkün deyil. Düşünürsən ki, belə yaşayış məntəqələri əsl turizm məkanıdır. Və yol boyu qarşımıza çıxan avtomobillərin nömrələri də bu məkana ölkəmizin digər yerlərindən qonaqların gəldiyini göstərir. Gilançayın kənarında dayanıb ətrafı seyr edən iki nəfərə yaxınlaşırıq. Kim olduqları ilə maraqlanırıq. Qazax rayonundan gəldiklərini bildirirlər. Övladlarının Naxçıvanda hərbi xidmətdə olduqlarını söyləyən qonaqların yurdumuzun zəngin təbiətinə vurğunluqlarını hiss etmək o qədər də çətin deyildi. Elə söhbəti bununla davam etdirmək istəyirəm. Qonaqlar bildirdilər ki, bir neçə gündür, Naxçıvana gəliblər. Şahbuzda, Şərurda olublar. Bu gün Ordubadı gəzirlər. Olduqları yerlərdə gördükləri mənzərələr, yaşıllıq zolaqları, yeni quruculuq obyektləri muxtar respublikanın böyük inkişaf yolunda olduğunu göstərir.
Avtomobilimiz uca dağların ətəyində salınan yollarla Bist kəndinə çatmaqdadır. Bu kənd haqqında qısaca məlumat verərək bildirim ki, yaşayış məntəqəsinin 560 sakini var. Onlar 126 təsərrüfatda birləşiblər. Ələhi kəndində isə 32 təsərrüfatda 168 sakin yaşayır. Bir ailə kimi ömür sürən hər iki yaşayış məntəqəsi dövlət qayğısı əhatəsindədir. Bir neçə il əvvəl Bistdə yeni məktəb binası istifadəyə verilib. Məktəbin uğurları ildən-ilə artır. Ötən tədris ilində məktəbi bitirən 4 məzunun dördü də ali məktəb tələbəsi adına layiq görülüb. Kollektiv bu il də yüksək nəticə əldə edəcəyinə inanır. Və bunun səbəbini təhsilin səviyyəsini yüksəltmək üçün muxtar respublikada həyata keçirilən tədbirlərdə görür. Bistdə bu il də quruculuq tədbirləri həyata keçirilir. Hazırda burada həkim ambulatoriyası və xidmət mərkəzi üçün yeni binalar inşa olunur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. İş icraçısı Müşfiq Heydərzadə deyir ki, inşaat işlərinə cari ilin may ayında başlanılıb. İkimərtəbəli həkim ambulatoriyasının birinci mərtəbəsində hörgü işləri başa çatdırılıb. İkinci mərtəbədə qəlibquraşdırma işlərinə hazırlıq görülür. Bir mərtəbədən ibarət xidmət mərkəzində də inşaat tədbirləri sürətlə davam etdirilir. Hər 2 obyektdə, əsasən, yerli inşaat materiallarından istifadə olunur. Keyfiyyət amili ön plandadır. İnşaatçılar payızadək hər 2 obyekti təhvil vermək əzmi ilə çalışırlar. Kəndə gəlmişkən burada yaşayan insanlarla həmsöhbət olmaq istədik. Məzahir Həbibov, Rafiq Səlimov və başqaları ucqar dağ yaşayış məntəqələrinə xarakterik olan təsərrüfat sahələrində qazanılan uğurlardan danışaraq bildirirlər ki, kənddə arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Kəndin coğrafi və iqlim şəraiti, hərtərəfli dövlət qayğısı burada yaşayan insanların bu sahələrə marağını getdikcə artırır.
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, şair Sadıq Xanəliyev həm də el ağsaqqalıdır. Onunla da görüşürük. Yaşıllıqlara bürünmüş həyətində çay süfrəsi arxasında söhbət edirik. Bildirir ki, bir neçə ildir, təqaüdə çıxıb. Ancaq yenə də məktəbdən ayrılmır. Ömrünü bağladığı təhsil ocağına tez-tez gedir, öz dəyərli məsləhətlərini verir. Bistdə həyata keçirilən quruculuq tədbirlərinə daha çox sevinənlərdən biri də odur. Bunun üçün qəzetimiz vasitəsilə dövlətimizə minnətdarlıq etməyi xahiş edir. Biz də onun xahişini yerə salmırıq.
Torpaq, yurd qədri bilən Bist sakinləri ilə sağollaşıb yol alırıq Ələhi kəndinə. Bu ucqar dağ yaşayış məntəqəsində 88 şagird yerlik məktəb binası, kənd mərkəzi inşa olunur. Xidmət mərkəzi üçün də yer müəyyənləşdirilib. Yaxın günlərdə bu obyektin inşasına başlanılacaq. Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. İlk 2 mərtəbədə hörgü işləri yekunlaşdırılıb. İnşaat tədbirləri sonuncu mərtəbədə davam etdirilir. Kənd mərkəzinin tikintisində də sürətli iş ahəngi müşahidə edilir. Bu bina 2 mərtəbədən ibarət olacaq. Kənd sakini Əli Rüstəmov bildirir ki, ucqar dağ yaşayış məntəqəsində eyni vaxtda bir neçə obyekt üçün yeni binaların inşa olunması muxtar respublikada insan amilinə qayğının ifadəsidir. Bu qayğı həmin yaşayış məntəqələri sakinlərinin doğma yurd yerlərinə bağlılığını daha da gücləndirir.
Qarşıda Xurs kəndidir. Digər ucqar dağ yaşayış məntəqələrindən seçilməyən bu kənddə ilk olaraq kənd tam orta məktəbinin direktoru Mahir Məmmədovla görüşürük. Bildirir ki, 32 şagirdin oxuduğu, 17 müəllimin çalışdığı məktəb üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət 110 yerlik yeni binanın tikintisi onların böyük sevincinə səbəb olmaqla məsuliyyət hisslərini də xeyli artırıb. Məktəbin ötən illərdə qazandığı nailiyyətlərlə maraqlanırıq. Direktor bu sualımıza da sevinclə cavab verərək deyir ki, ötən il ali məktəbə sənəd verən 5 məzundan 4-ü kollektivin etimadını doğruldub. O, bu il də elə olacağına əminliyini xüsusi vurğulayır. Söhbət zamanı onu da öyrəndik ki, Xursda Tovuz və Gəncə rayonlarından gəlmiş iki müəllim ailəsi də yaşayır. Həmin gənc ailələrlə də görüşürük. Onlara yüksək şərait yaradıldığının şahidi oluruq. Deyirlər ki, bu kəndin səmimi və qonaqpərvər insanları ilə elə qaynayıb-qarışıblar ki, sanki burada doğulublar.
Əhalinin rahatlığının təmin olunması üçün bu kənddə də yeni kənd mərkəzi inşa olunur. Yaxın günlərdə isə xidmət mərkəzinin tikintisinə başlanılacaq.
... Nürgüt kəndi bu qol üstündə olan sonuncu yaşayış məntəqəsidir. 2002-ci ildə burada yeni məktəb binası istifadəyə verilib. Dövlətimizin daha bir qayğısının ifadəsidir ki, hazırda məktəbin binası yenidən qurulmaqla mövcud binaya daha bir korpus əlavə edilir. Yaxınlıqda isə xidmət mərkəzi üçün yeni binanın inşasına başlanılıb.
Ucqar dağ kəndlərində inşa olunan obyektlərdə görüşdüyümüz adamlarla söhbətlərdən aldığımız xoş təəssüratlarla geri dönürük. O arzularla ki, bu gün inşa olunan obyektlər yaxın vaxtlarda təhvil verilsin. Həmin obyektlərdə çalışan insanlar onlara tapşırılmış vəzifələri layiqincə yerinə yetirsinlər. Başlıcası, onlara göstərilən qayğıya əməli işlə cavab verə bilsinlər.
Muxtar MƏMMƏDOV
Əli XUDİYEV (foto)