Ölkəmizdə, eləcə də muxtar respublikamızda digər sahələrlə yanaşı, iqtisadiyyatın lokomotivi rolunu oynayan sənaye sahəsinin də hərtərəfli inkişafına geniş imkanlar açılmışdır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsulları istehsalının təşkilindən, təbii sərvətləri və əmək resurslarını səfərbər etməklə dayanıqlı və davamlı inkişafın təmin edilməsindən ibarətdir. Sənaye sahəsində həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, muxtar respublikada yeni sənaye müəssisələri işə başlamış, müxtəlif adda sənaye məhsulları istehsalına əlverişli şərait yaradılmışdır. Son illər həyata vəsiqə alan “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində də müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
“Gəmiqaya Sənaye Kompleksi” MMC ilə “Gəmiqaya Nəqliyyat” MMC tərəfindən ötən ilin sonunda universal avtomaşın istehsalı üçün müştərək layihə hazırlanmışdır. 2013-cü ilin mart ayında bu layihə uğurla başa çatdırılmış, Naxçıvanda universal avtomaşının ilk nümunəsi istehsal edilmişdir. Dünya bazarında 150 min avro dəyərində qiymətləndirilən universal avtomaşının analoqunun Naxçıvanda istehsal edilməsi mühüm hadisədir və sənaye sahəsində əldə edilən yüksək nailiyyətlərdəndir. Uzunluğu 4 metr 90 santimetr, eni və hündürlüyü 2 metr 80 santimetr olan avtomaşının ümumi ağırlığı 2 ton 850 kiloqramdır. 100 HB at gücü olan və 3000 CC turbo mühərriklə təmin olunmuş avtomaşın dizel yanacağı ilə işləyir. Yanacaq çəninin tutumu 148 litr, yanacaq sərfi 100 kilometr-saatda 10 litr olan yeni universal avtomaşın yaz və qış mövsümlərində tırtılları dəyişdirilməklə müxtəlif hava şəraitində yüksək manevr etmək imkanlarına malikdir.
Yüksək texniki göstəricilərə malik universal avtomaşından müxtəlif qoşqular əlavə edilməklə kənd təsərrüfatı sahəsində otbiçən, kultivator, gübrəsəpən, dərmanlayan, toxumsəpən, kipvuran, hərbi hissələrdə şəxsi heyətin daşınması, hava hücumundan müdafiə, yol təsərrüfatında qarsovuran, qarkürəyən, yolduzlayan, fövqəladə hallarla əlaqədar yanğınsöndürən, 2-4 tonluq teleskopik kran, nərdivanlı su və köpükvuran, eləcə də təcili yardım maşını kimi istifadə olunacaqdır. Hazırda ayrı-ayrı sahələrdə istifadə olunacaq qoşquların hazırlanması istiqamətində işlər davam etdirilir. Ot biçini üçün nəzərdə tutulan qoşqunun hazırlanması prosesi başa çatdırılmış, Pircüvar massivində sınaq-yoxlama məqsədilə ot biçini aparılmışdır. Hazırda qış mövsümündə avtomobil yollarının qardan, buzdan təmizlənməsi, yollara duz səpilməsi məqsədilə istifadə olunacaq qoşquların hazırlanması istiqamətində işlər davam etdirilir.
Kərəm HƏSƏNOV