Cari ildə Şahbuz rayonunun bir neçə ucqar dağ kəndi kompleks quruculuq tədbirləri həyata keçirilən tikinti meydançasına çevrilib. Rayonun Qızıl Qışlaq və Güney Qışlaq kəndlərinə də bu tədbirlərdən pay düşüb. Öncə onu qeyd edək ki, Şahbuz şəhərinin bu istiqamətə çıxacağından başlayaraq yolların təmirinə başlanılıb. Ötən müddət ərzində inşaatçılar yolların genişləndirilməsini başa çatdırıb, hamarlama işləri aparıb, adıçəkilən yaşayış məntəqələrinə müxtəlif istiqamətlərdə 6 körpü salıb, 9 su keçidi inşa ediblər. Hər iki kənddə quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin kollektivi həyata keçirir. Qızıl Qışlaq kəndində 3 bina inşa olunur. Binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. İş icraçısı Qaçay Paşazadədən aldığımız məlumata görə, 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda qapı-pəncərələr salınır, digər tikinti tədbirləri həyata keçirilir.
Məktəb binasının yaxınlığında kənd mərkəzi inşa olunur. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində inşaat işləri yekunlaşdırılıb, hazırda ikinci mərtəbədə qəlib işləri görülür.
Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir. Burada tikinti işləri başa çatdırılıb, binaya suvaq çəkilir, çardaq qurulur.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edir. Burada hazırda iki mərtəbədən ibarət kənd mərkəzi inşa olunur. Kənd mərkəzinin birinci mərtəbəsində poçt, ATS, tibb və polis sahə məntəqələri, ikinci mərtəbədə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub və zal yerləşəcək. Qeyd edək ki, yaxın günlərdə Güney Qışlaqda xidmət mərkəzinin də tikintisinə başlanılacaq. Bütün obyektlərdə inşaatçılar üçün normal iş şəraiti yaradılıb.
Xəbərlər şöbəsi