Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Buna görə də milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Təsadüfi deyil ki, təxminən, son 20 il ərzində muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması təmin olunub. Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, qənnadı, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb. Sənaye sahələrinə böyük investisiyaların qoyulduğu Naxçıvan Sement Zavodu, minik avtomobillərinin istehsalını həyata keçirən Naxçıvan Avtomobil Zavodu və digər müəssisələr bu sahədə məhsul istehsalının həcminin artımına müsbət təsir göstərib. Nəticədə, ümumi daxili məhsul istehsalında sənaye məhsullarının həcmi durmadan artmaqdadır.
Sənaye məhsulları həcminin artım dinamikasına nəzər yetirsək, görərik ki, 2016-cı ildə muxtar respublikada istehsal olunan məhsulların həcmi 942 milyon manatdan çox olub. Bu istehsal həcmi 1995-ci illə müqayisədə 103, 2000-ci illə müqayisədə isə 69 dəfə çox deməkdir. Ötən il isə 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyir. Bu dövrdə sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 49 milyon 878 min 900, qeyri-dövlət sektorunda isə 917 milyon 181 min 100 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 94,8 faizi özəl sektorun payına düşüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, burada da ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 827 milyon 648 min 800 manat dəyərində məhsul istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının həcmində 1,3 faiz artım qeydə alınıb.
Onu da qeyd edək ki, bu gün muxtar respublika iqtisadiyyatının şaxələndirilməsində sənaye sektoru əhəmiyyətli rol oynayır və müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan verib.
Səbuhi HƏSƏNOV