23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın bütün sahələrində olduğu kimi, bank-kredit fəaliyyəti istiqamətində də uğurlar əldə edilir. Real sektorun dəstəklənməsi üçün ayrı-ayrı sahələrə verilən kreditlər müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, əhali məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Ölkəmizin nüfuzlu banklarından biri olan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti yarandığı ilk gündən bu missiyanı uğurla yerinə yetirir.
Fəaliyyət göstərdiyi on il müddətində “Naxçıvanbank” ASC-nin uğurlarının arxasında hər bir müştərisinə “biznes tərəfdaşı” kimi münasibət bəsləməsi dayanır. Müasir biznesin, xüsusilə bank işinin əsas prinsiplərindən olan etibarlı tərəfdaşlıq, peşəkar işçi heyəti və yeni texnologiyaların mənimsənilməsi sayəsində bank ötən müddət ərzində nüfuzunu xeyli artırmış və bir sıra yerli və beynəlxalq təşkilatlarla əlaqələr yaratmışdır. Əmanətlərin Sığortalanması Fondu, Beynəlxalq Banklararası Ödəniş Sistemi – SWIFT, MASTERCARD, VİSA İnternational Card, FATCA, Bloomberg kimi beynəlxalq təşkilatların üzvü olan Naxçıvanbank muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəal iştirak edir.

Hazırda “Naxçıvanbank” ASC Naxçıvan və Bakı şəhərlərində, Şərur, Culfa və Ordubad rayonlarının hər birində bir filial olmaqla, ümumilikdə, 5 filial şəbəkəsinə və Naxçıvan şəhərində fəaliyyət göstərən 1 mübadilə şöbəsinə malikdir. Bu filiallarda müştəriləri maraqlandıran hər növ bank əməliyyatları, kreditlərin verilməsi, ödəniş kartları, pul köçürmələri, kommunal xidmət haqlarının ödənilməsi, əməkhaqqı ödənişləri, hesablaşma-xəzinə xidmətləri və bir sıra başqa əməliyyatlar aparmaq mümkündür.
Bank deyəndə insanların təsəvvüründə ilk olaraq sərfəli şərtlərlə təklif olunan kreditlər yaranır. Bu mənada, “Naxçıvanbank” ASC təkcə muxtar respublikamızda deyil, ölkə­mizin bank sektorunda seçilən kredit təkliflərinə malikdir. Belə ki, Naxçıvanbankın müştəriləri Azərbaycan Respublikası üzrə ən aşağı faiz dərəcələri ilə bir sıra kredit məhsulları əldə edə bilirlər. Bankın verdiyi istehlak kreditləri 24 ay müddətinə illik 17 faiz, kart kreditləri 12 ay müddətinə 18 faiz, avtomobil kreditləri 36 ay müddətinə illik 17 və 18 faiz, bankın daxili vəsaiti hesabına verilən ipoteka kreditləri 10 il müddətinə 10 faiz, “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına verilən ipoteka kreditləri 25 və 30 il müddətinə 4 və 8 faiz dərəcəsi ilə təklif olunur. Bütün bunlarla yanaşı, muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafına da böyük dəstəyi olan Naxçıvanbank tərəfindən əkinçilik sahəsi üzrə 12 ay müddətinə 13 faiz, heyvandarlıq, quşçuluq, arıçılıq və digər sahələr üzrə 24 ay müddətinə 15 faiz dərəcəsilə kreditlər təklif olunmaqdadır. Ümumilikdə isə biznes kreditləri 15 faiz dərəcəsi ilə 24 ay müddətinə təklif edilməkdədir. “Naxçıvanbank” ASC müvəkkil bank kimi öz müştərilərinə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2, 5 və 8 il müddətinə illik 6 faiz dərəcəsilə güzəştli sahibkarlıq kreditləri də verməkdədir.
Ötən dövrdə “Naxçıvanbank” ASC-nin uğurlu fəaliyyətinin mühüm göstəricisi kimi onun kredit portfelinin həcmini qeyd etmək olar. Belə ki, 1 sentyabr 2018-ci il tarixədək bankın kredit portfeli 68 milyon 391 min manat təşkil etməkdədir. Bu portfelin 7 milyon 447 min manatı ipoteka kreditlərinin, 12 milyon 637 min manatı istehlak kreditlərinin, 20 milyon 110 min manatı biznes kreditlərinin, 23 milyon 474 min manatı sənaye, 4 milyon 723 min manatı kənd təsərrüfatı sahəsinə yönəldilən kreditlərin payına düşür. Təkcə cari ildə “Naxçıvanbank” ASC tərəfindən 24 milyon 344 min manatdan çox kredit verilmişdir. Göründüyü kimi, əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə universal bank və maliyyə xidmətləri göstərməklə, habelə onların yaxın maliyyə məsləhətçisi olmaqla, “Naxçıvanbank” ASC kiçik və orta sahibkarların ən böyük maliyyə dəstəkçisidir. Belə ki, bankın kredit portfelinə nəzər saldıqda ümumi kredit məbləğinin 48 milyon manatının sahibkarlıq və biznes kreditləri üçün ayrıldığını görmək olar.
Bank fəaliyyəti iqtisadiyyatın çevik və həssas sektorlarından biridir. Bu mənada, bankçılıq daim yenilənən və mütərəqqi texnologiyalara açıq olan bir sahədir. Bu prinsipləri əsas tutan “Naxçıvanbank” ASC tərəfindən cari ildə muxtar respublika ərazisində bütün növ kommunal, mobil operator, internet ödənişlərini, həmçinin smartkartlar vasitəsilə istifadə olunan elektrik və qaz kommunal xərclərinin ödənişlərini və digər ödənişləri həyata keçirməyə imkan yaradan 40 ödəniş terminalı quraşdırılmışdır. Bununla yanaşı, 38 bankomat və 802 POS-terminal quraşdırılaraq istifadəyə verilmişdir. Həmçinin müştərilərin rahatlığı naminə bankın daim yenilənən və aktiv olan internet saytından vətəndaşlar artıq onlayn şəkildə kredit və plastik kart sifarişi etmək imkanı qazanmışdır.
Yüksək inkişaf dinamikasına görə ölkəmizin regionları arasında öncül yerləri tutan Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın struktur tərkibi, əhalinin artan istehlak qabiliyyəti və malik olduğu yerli xammal və əmək ehtiyatları ilə liderliyini qorumaqdadır. Bu istiqamətdə aparılan məqsədyönlü işlərin arxasında isə məhz dövlətin yeritdiyi uğurlu pul-kredit siyasəti dayanır. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də bu uğurlu yolda gələcəyə doğru əmin addımlarla irəliləməkdədir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR