23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında meşələrin qorunması, yaşıllıq sahələrinin artırılması həyata keçirilən ekoloji siyasətin əsasını təşkil edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, son 25 ildə muxtar respublika ərazisində yaşıllıqların həcmi 0,6 faizdən 14 faizə qədər artıb. Muxtar respublika ərazisində kəskin kontinental iqlim şəraitinin mövcudluğu, su mənbələrinin azlığı yaşıllıqların qorunmasına, eyni zamanda yeni yaşıllıq sahələrinin salınmasına öz təsirini göstərsə də, işə kompleks yanaşma bu sahədə böyük nailiyyətlərin ­qazanılmasına səbəb olub.

Ekoloqlara görə, ərazisinin 25 faizdən çoxu yaşıllıqlarla örtülü olan ölkələrdə ekoloji mühit əlverişli sayılmaqla yanaşı, müxtəlif təbiət hadisələri, o cümlədən torpaq sürüşmələri, sellər, daşqınlar və digər proseslər daha zəif olur. Bu mənada, mühüm yaşıllıq sahələri kimi meşələrin əhəmiyyəti böyükdür və onların təbiətdəki tarazlığı müxtəlif proseslərdən qorumaq kimi funksiyaları var. Bundan əlavə, yaşıllıqlar həm də iqtisadi mənfəətliyinə görə seçilir. Hamımıza məlumdur ki, muxtar respublikada əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsində, emal müəssisələrinin xammalla təchiz olunmasında yerli kənd təsərrüfatı məhsullarının böyük əhəmiyyəti var. Xüsusilə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları muxtar respublikada yeni meyvə bağlarının salınması ilə yanaşı, yaşıllıq sahələrinin artmasına da imkan verib. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanın ənənəvi cəviz, armud, alma, üzüm, heyva, ərik, albalı, gavalı, şaftalı bağlarının şöhrəti yenidən özünə qaytarılıb. Son illərdə isə badam və püstə ağaclarının əkininə diqqət artırılıb, on hektarlarla sahədə yeni bağlar salınıb.
Təbii ki, yaşıllıqların artırılmasında ən mühüm amillərdən biri ting ehtiyatının yaradılmasıdır. Bu məqsədlə 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşə Tingliyi İdarəsi yaradılıb. Nazirlikdən aldığımız məlumata görə, idarənin 10 hektardan artıq tingyetişdirmə sahəsi var. İndiyədək bu sahələrdə 10 milyondan çox meşə, meyvə, həmişəyaşıl ağac və gül kolları yetişdirilərək müvafiq bölgələrdə əkini təmin olunub. Meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar olaraq isə müxtəlif meyvə ting­lərinin, o cümlədən həmərsin, yemişan və bir sıra bu kimi giləmeyvələrin əkininə daha çox üstünlük verilib. Aldığımız məlumatda o da qeyd olunur ki, meyvəçiliyin inkişafında yerli toxum sortlarından istifadəyə böyük üstünlük verilir. Buna görə də tingyetişdirmə sahələrində hər ilin may ayından başlayaraq tut, cəviz, badam, ərik, alma toxumları tədarük edilərək əkin üçün götürülür. Belə toxumların əkini üçün payız fəsli daha effektli sayıldığından mövsüm ərzində bu proses diqqət mərkəzində saxlanılır. Ting­lərin əkini zamanı isə rayonlaşdırma əsas götürülür. Hazırda tingyetişdirmə sahələrində 3,5 hektardan çox ərik və badam tingi yetişdirilərək əkin üçün hazırlanıb. Ümumilikdə isə Meşə Tingliyi İdarəsi tərəfindən builki payız mövsümündə əkilməsi üçün meyvə tingləri ilə bərabər, meşə, həmişəyaşıl və dekorativ məqsədli 400 mindən çox ting yetişdirilib.
Onu da xatırladaq ki, bu ilin yaz əkini mövsümündə 223 hektar sahədə əkin işləri aparılıb ki, bunun da 100 hektardan çoxu meyvə bağları olub. Noyabrın 17-də – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə muxtar respublikada keçirilən iməcilikdə isə 14 hektarda bərpa əkini aparılıb, 25,7 hektar yeni meyvə bağı və yaşıllıq zolağı salınıb. Ümumilikdə, 7700 üzüm, 22 mindən artıq müxtəlif meyvə və meşə tingi əkilib. Onu da deyək ki, payız əkini mövsümündə aparılacaq yaşıllaşdırma tədbirlərinə dair hazırlanmış əkin planında, ümumilikdə, 300 hektardan çox sahədə əkin və əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub. Bunun da 150 hektardan çoxu meyvə bağları olacaq. Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün muxtar respublikamızda yeni meyvə bağlarının, yaşıllıqların salınması həyata keçirilən ekoloji siyasətin əsas istiqamətini təşkil edir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR