Muxtar respublikada qışa ciddi hazırlıq, payız-qış mövsümündə əhalinin tələbatını tam ödəmək üçün görülən tədbirlər sırasında onları təzə meyvə-tərəvəzlə təmin etməyə imkan verən soyuducu anbarların gücündən tam istifadə olunması xüsusi yer tutur.
Bazarın ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlərlə təmin edilməsində, xüsusən kənd təsərrüfatı məhsullarının saxlanılmasında soyuducu anbarların mühüm rolu vardır. Eyni fikirləri qışın sərt keçən aylarında təzə tərəvəz məhsulları ilə bazarı təmin edən istixanalar haqqında da söyləmək olar. Muxtar respublikada bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, istər soyuducu anbar, istərsə də istixana təsərrüfatları yaradılması sahəsində müsbət nəticələr əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Qeyd edək ki, avqustun 4-də 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə digər mühüm tapşırıqlarla yanaşı, İqtisadiyyat Nazirliyinin qarşısında mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünün təşkil edilməsinə, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarətin artırılması vəzifələri qoyulub.
Bu vəzifələrin icrası ilə əlaqədar sоyuducu anbarların və istiхana kоmplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş meyvə-tərəvəz məhsullarının anbarlara tədarük edilməsi məqsədilə kütləvi informasiya vasitələrində elanlar verilib, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətlərinin əlaqələndirilməsi təmin edilib.
Hazırda muxtar respublikada ümumi tutumu 14 min 245 ton olan 33 soyuducu anbar fəaliyyət göstərir. Ümumi tutumu 7 min 130 ton olan soyuducu anbar məxsus olduğu şirkətlərin fəaliyyəti ilə bağlı müxtəlif məhsulların dövriyyəsi üzrə ixtisaslaşdırılıb. Tutumu 7 min 115 ton olan digər soyuducu anbarlar isə meyvə-tərəvəz məhsullarının tədarükü və saxlanması üzrə ixtisaslaşdırılıb. Bu anbarlara mövsüm ərzində 4927,51 ton məhsul yığılıb. Belə ki, 3827,57 ton kartof, 665,59 ton soğan, 322,01 ton alma və digər kənd təsərrüfatı məhsulları tədarük olunub.
Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılıb. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin qida sınaq laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan məhsullardan 40 halda, o cümlədən 16 halda kartof, 11 halda soğan, 13 halda alma məhsulundan orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Muxtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana kompleksləri də mühüm rol oynayır. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr ayları ərzində istixana komplekslərində istehsal olunan 403 ton tərəvəz məhsulları istehlakçılara təklif olunub.
İstehsalçının maraqlarını təmin edən dövlət qayğısı nəticəsində 2000-ci ildən 2018-ci ilin ötən dövrünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən istixana komplekslərinin yaradılması məqsədilə 26 layihənin maliyyələşdirilməsinə 4 milyon 643 min 600 manat, soyuducu anbarların yaradılması məqsədilə 11 layihənin maliyyələşdirilməsinə 4 milyon 297 min 840 manat dövlət maliyyə dəstəyi göstərilib. Bu soyuducu və istixana kompleksləri daxili bazarın meyvə-tərəvəz məhsullarına olan tələbatının növbəti qış mövsümündə də yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti